Mobil versiya
ASC: Qəbələdə suvarma ilə bağlı heç bir problem olmayacaq
Tarix: 22-09-2020 | Saat: 11:05
Bölmə:Ölkə | çapa göndər

ASC:


Qəbələdə yeni su anbarı tikildikdən sonra rayonun aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq.

Bunu Trend-ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, yeni anbarın tikilməsi həmin torpaqlarda məhsuldarlığın artmasına kömək edəcək:

"Yeni su anbarının Qəbələ rayon ərazisində Vəndam çayının hövzəsində tikilməsi planlaşdırılır. Rayonun Yenikənd kəndinin şimal hissəsində inşası reallaşdırılacaq Yengicə su anbarının yeri dəqiqləşdirildikdən sonra müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib. Yeni yaradılacaq anbarın ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,5 milyon kub nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək".

O qeyd edib ki, Qəbələ rayonunda bütün çaylar başlanğıcını dağlardan götürdüyü üçün suyun miqdarı dağlara yağan qardan asılı olur:

"İsti keçən yay mövsümündə, təxminən bir ay müddətində Qəbələ rayonunun çaylarında su azlığı müşahidə olunur. Bu da suvarmanın istənilən səviyyədə aparılmasına imkan vermir. Ümumiyyətlə, Yengicə su anbarı tikildikdən sonra rayonda ilboyu torpaqların su ilə təminatında heç bir problem yaşanmayacaq. Hazırda Qəbələ rayonunda Suvarma Sistemləri İdarəsinin suvarma şəbəkəsi 16 min hektara yaxın bir ərazini əhatə edir. Bu anbarın tikintisi ilə əlaqədar təxminən 4 min hektara yaxın əlavə sahə suvarılan şəbəkəyə daxil olacaq".

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

4481 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2020
26-10-2020