Mobil versiya
Şər-böhtan kampaniyalarına son qoymağın vaxtıdır
Tarix: 11-09-2020 | Saat: 15:46
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şər-böhtan kampaniyalarına son qoymağın vaxtıdır


AHİK-nın büdcəsinə hər il 50 milyon manat məbləğində vəsaitin daxil olması barədə iddialar tamamilə əsassızdır və büyünlüklə ictimai fikri yanıltmağa yönəldilib

Bir neçə gün bundan öncə belə bir iddia yerli informasiya saytlarından bəzilərində dərc olunmuş bir yazıda yer almışdı. İlk növbədə qeyd edək ki, hər zaman obyektivliyin qorunmasına tərəfdar olduğumuzu iddia edən bir sayt olaraq, biz dərc olunmuş həmin yazıya münasibətimizi, daha dəqiq desək kəskin etirazımızı artıq dünən dərc etdiyimiz məqalədə bildirmişik. Elə həmin yazıda biz isbat etməyə çalışmışıq ki, bu gün cəmiyyətdə tanınan müxtəlif insanlara qarşı bəzi saytlarda dərc olunan böhtan xarakterli materiallar ictimai fikri ölkədə aparılan korrupsiya ilə mübarizənin əsil hədəflərindən yayındırmaq məqsədi güdür. Lakin bütün bunlarla yanaşı biz də etiraf edirik ki, irəli sürülmüş hər bir ittiham əsaslandırılmış şəkildə təsdiq və ya rədd olunmalıdır. Məhz elə bu məqsədlə də tərəfimizdən bu xüsusda müəyyən araşdırmalar aparıldı.



İlk növbədə bir faktı hər kəsin diqqətinə çatdıraq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının büdcəsinə hər il üzvlük haqqı kimi yığılan 50 milyon manatlıq vəsaitin daxil olduğu barədə söylənilən fikir tamamilə əsassızdır. Məsələ bundadır ki, ayrı-ayrı həmkarlar təşkilatlardan yığılan üzvlük haqqlarının yalnız 12%-i Konfederasiyanın mərkəzi büdcəsinə mədaxil olunur. Qalan məbləğ isə həmin təşkilatların öz büdcələrində qalır ki, bu vəsait də müxtəlif yardımlara, imtiyazlı şəxslər üçün pulsuz sanatoriya göndərişlərinin alınmasına və digər məsrəflərə xərclənir. Lakin bizim araşdırmamız əsasən Konfederasiyaya köçürülən 12%-in hara xərclənməsi mövzusunu əhatə edir.



Məlumdur ki, bu gün ölkədə fəaliyyət göstərən kurort mərkəzləri və sanatoriyaların böyük əksəriyyəti məhz AHİK-nın balansındadır. Bu isə o deməkdir ki, bu müəssisələrin fəaliyyəti də məhz Konfederasiyanın vəsaitləri hesabına təmin olunur. Başqa sözlə desək, Konfederasiyanın balansında olan sanatoriyaların təmirinə, onların tələb olunan müasir avadanlıqla təchizatına, bu müəssisələrdə insanların yüksək səviyyədə istirahət etmələri və müalicə ala bilmələri üçün tələb olunan şəraitin yaradılmasına dövlət tərəfindən heç bir vəsait ayrılmır. Bəs görəsən bu sanatoriyalarda hazırda mövcud şərait nə durumdadır? Məhz bu məsələyə aydınlıq gətirmək üçün də əməkdaşlarımız bu günAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan “Bilgəh” kardioloji sanatoriyasında olublar. İndi də bu sanatoriyada istirahət edənlər üçün yaradılmış şəraitlə bağlı gördüklərimizi, təkrar edirəm yalnız gördüklərimizi oxucularımıza təqdim edirik.
Ürək-damar xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmış bu müəssisə Abşeron yarımadasının şimalında, özünəməxsus füsunkarlığı ilə seçilən Bilgəh qəsəbəsində yerləşir. Sanatoriyanın ərazisində ürək-damar xəstəliklərinin müalicəsi üçün əlverişli sayılan iqlim, bütün mövsüm boyu davam edən ilıq dəniz suyu olan çimərlik və yod-brom tərkibli mineral suların mənbələri mövcuddur. Əlbəttə ki, bunlar bizə təbiətin bəxş etdiyi nemətlərdir. Lakin bu nemətlərdən insanların rahat istifadə edə bilmələri üçün də bu gün “Bilgəh” kardioloji sanatoriyasında son dərəcə əlverişli şərait yaradılıb. Belə ki, sanatoriyada istirahət edən insanlar öz seçimlərinə əsasən ən yüksək komfort tələblərinə cavab verən 3 korpusda tək və ya ikinəfərlik otaqlarda və 5 kottecdə yerləşdirilirlər. Ümumilikdə müəssisə 450 çarpayılıqdır. Otaqlar və kotteclər yüksək səviyyədə təmir olunublar və burada pasiyentlərin rahatlığı üçün hər bir şərait yaradılıb. Sanatoriyanın həyətində isə özünü sözün əsil mənasında Avropanın sayılıb-seçilən istirahət məkanlarında olduğu kimi hiss edirsən. Piyada yürüşü üçün yollar son dərəcə səliqə ilə asfaltlanıb. Bütün ətraf məkan isə davamlı olaraq qulluq göstərilən yaşıllıqlara qərq olub. Burada badminton və mini-futbol meydançaları, həmçinin açıq havada trenajor zalı da yaradılıb. Ərazidə quraşdırılmış hovuz və fəvvarələr də buraya ayrıca bir füsunkarlıq verir.



Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə də malikdir. Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərməkdədir.



Sanatoriyanın ərazisində olan çimərlik zonası da xüsusi qeyd olunmalıdır. Təmiz, ən müasir beynəlxalq standartlara cavab verəcək tərzdə təchiz olunmuş bu çimərlikdə istirahət edənlərin rahatlığı üçün bütün şərait yaradılıb. Həmçinin çimərlikdə videosalon, kitabxana, bilyard otağı, kafe və digər müəssisələr fəaliyyət göstərir.



Sanatoriyanın yeməkxanası da yüksək zövqlə, rahat və səliqəli şəkildə tərtib edilmişdir.Bu səbəbdən də müalicəvi qidalanma zalı sözsüz ki, iştahanın yaxşılaşmasına yardımçı olur və müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin insanlarda yaratdığı xoş təəssüratları daha da gücləndirir.



Az öncə də qeyd etdiyimiz kimi, bütün bu şəraitin yaradılması tamamilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının öz vəsaitləri hesabına həyata keçirilib. Yaxşı olardı ki, Konfederasiyanın büdcəsini saymağa maraqlı olan həmkarlarımız bu pulların hara xərcləndiyi barədə dəqiq məlumata malik olmaq üçün ən azından AHİK-nın nəzdində fəaliyyət göstərən sanatoriyaları gəzsinlər. Öz növbəmizdə, biz də növbəti saylarımızda Konfederasiyanın digər kurort müəssisələrində yaradılmış şərait barədə ətraflı məlumatlar təqdim etməyə çalışacağıq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024