Mobil versiya
AHİK – pandemiya ilə mübarizənin ön cərgəsində
Tarix: 04-09-2020 | Saat: 17:37
Bölmə:Təhsil | çapa göndər

AHİK – pandemiya ilə mübarizənin ön cərgəsində





ATİAHİ İmişli rayon komitəsi bu istiqamətdə aktiv fəaliyyət göstərir


Bütün dünya kimi, respublikamız da bu gün koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə aparır. Azərbaycan dövləti bu çətin dönəmdə öz vətəndaşlarına sözün əsil mənasında sahib çıxdı. İlk növbədə koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edildi. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Daha 600 min nəfər aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edildi. Tətbiq olunan vergi güzəştləri də nəzərə alınarsa, artıq bu gün dövlət tərəfindən vətəndaşlara olunan yardımların miqyasını əks etdirən bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Neftin qiymətinin kəskin azalması və bu səbəbdən ölkənin valyuta ehtiyatlarının güclü mənfi təsirə məruz qalması fonunda dövlət tərəfindən belə addımların atılması yalnız və yalnız xalqın, sadə vətəndaşların maraq və mənafelərinin üstün tutulduğu bir ölkədə mümkündür.

Pandemiya ilə bu mübarizə şəraitində bütün Azərbaycan xalqı, Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək, həqiqətən də möhtəşəm birlik nümayiş etdirməkdədir. Həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə ilk günlərdən, həm də ən aktiv şəkildə iştirak edir. Bir müddət əvvəl jurnalistlər üçün keçirdiyi mətbuat konfransında daAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev pandemiya ilə mübarizə tədbirlərindən danışarkən konkret rəqəmləri təqdim edərək bunları demişdir: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürmüşdür. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. 27 iyul 2020-ci il tarıxdə “Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat vəsait köçürülmüşdür. Eyni zamanda COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat köçürülmüşdür. 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfər azyaşlı uşaqlarının himayəyə götürülməsi və hər bir uşağa 18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınmışdır. AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanmışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302.979 manat maddi yardım göstərilmişdir. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş, Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülmüşdür. AHİK-in üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi yardım və ərzaq yardımları göstərmişlər. Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.204.445 manatdan çox vəsait xərclənmişdir. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.”

Təbii ki, pandemiya ilə mübarizədə AHİK-nın bu aktiv iştirakı həm də quruma üzv olan həmkarlar ittifaqlarının və onların rayon və bölgələrimizdə fəaliyyət göstərən komitələrinin səmərəli fəaliyyətləri ilə təmin edilir. Belə rayon təşkilatlarından biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon komitəsidir. Qeyd edək ki, bu gün ATİAHİ İmişli rayon komitəsinin xidmətində 60 orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbi, 13 uşaq bağçası, 1uşaq yaradıcılıq mərkəzi, 1 uşaq gənclər idman məktəbi, 1 şahmat məktəbi, 1 təhsil işçiləri evi və 1 təhsil şöbəsi olmaqla cəmi 78 müəssisə və təşkilat vardır. Bu idarə və müəssisələrdə işləyənlərin ümumi sayı 2827 nəfərdir ki, onların da hamısı (tələbələrlə birlikdə) həmkarlar ittifaqına üzvdürlər. Əlimirzə Şirinovun rəhbərlik etdiyi bu komitə tərəfindən pandemiya dövründə təşkilatın bir çox üzvlərinə müxtəlif yardımlar edilib. Belə ki, ötən dövr ərzində 44 nəfər müharibə veteranı və şəhid ailələrinə, tənha yaşayan ittifaq üzvlərinə ərzaq yardımları təqdim olunub. İş yerində xəsarət almış Şahverdili kənd tam orta məktəbin gözətçisi Zabil Əliyevə, şəkər xəstəsi olması səbəbilə barmaqları amputasiya olmuş Sarxanlı kənd tam orta məktəbin müəllimi Emin Əliyevə, koronavirus infeksiyasına yoluxmuş şəhər 2 saylı tam orta məktəbin kitabxanaçısı Sədaqət Əkbərovaya xüsusi qaydada yardımlar edilib. Bundan başqa, aztəminatlı ittifaq üzvlərindən 247 nəfərin kart hesablarına yardım məqsədilə müəyyən məbləğlər köçürülüb.

Digər tərəfdən isə, ATİAHİ İmişli rayon komitəsi öz fəaliyyətində şanlı ordumuzun təmsilçilərinə ə hər zaman dəstək olmağa çalışır. Belə ki, 26 iyun Silahlı Qüvvələr günü münasibətilə İmişli şəhərində və Bəhrəmtəpə qəsəbəsində yerləşən N saylı hərbi hissənin əsgərlərinə komitənin əməkdaşları tərəfindən bayram sovqatları təqdim olunmuşdur.

Ümumiyyətlə demək lazımdır ki, ATİAHİ İmişli rayon komitəsinin öz üzvlərinin əmək hüquqlarının müdafiə edilməsi, təhsil işçilərinin onların problemlərini daim diqqət mərkəzində saxlaması və onların operativ şəkildə həll etməsi baxımından fəaliyyəti də rayonun pedaqoji ictimaiyyəti tərəfindən yükək qiymətləndirilir. Qeyd etdiyimiz kimi, hazırda Əlimirzə Şirinovun rəhbərlik etdiyi bu qurumun xidmət göstərdiyi idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında həmkarlar ittifaqına üzvlük 100% təşkil edir. Etiraf etmək lazımdır ki, bu qədər insanın, 2827 nəfərin problemləri ilə məşğul olmaq, vəziyyəti hər zaman nəzarətdə saxlamaq, vətəndaşların əmək hüquqlarının pozula biləcəyi kimi halları aradan qaldırmaq, insanların asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili baxımından tədbirlər həyata keçirmək, müalicə və reabilitasiya kurslarına ehtiyacı olanları müəyyənləşdirib onlara bu xüsusda yardım etmək və bir çox bu kimi funksiyaları mütəmadi olaraq həyata keçirmək heç də asan iş deyil. Əlbəttə, bütün digər sahələrdə oluğu kimi, həmkarlar ittifaqı sistemində də hər şeyi kadrlar həll edir. Başqa sözlə desək, istənilən bir müəssisə və ya təşkilatın fəaliyyəti ilk növbədə həmin qurumun əməkdaşlarının, işçilərinin öz vəzifə borclarının icrasına nə dərəcədə məsuliyyətlə yanaşmaları ilə tənzimlənir. Elə ATİAHİ İmişli rayon komitəsinin fəaliyyəti də Əlimirzə Şirinov tərəfindən düzgün istiqamətləndirildiyinə görə yuxarıda sadaladığımız məsələlərin həlli bu qurumun əməkdaşları üçün heç bir çətinlik törətmir.

Biz də gələcək işlərində ATİAHİ İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinova və onun rəhbərliyi altında komitənin bütün kollektivinə yeni-yeni uğurlar diləyirik.

aia.az
Abbas Abbasov
Elbrus bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024