Mobil versiya
SDU-nun rektoru professor Elxan Hüseynovun 2019-2020-ci tədris ilinin məzunlarına təbriki
Tarix: 06-07-2020 | Saat: 12:57
Bölmə:Təhsil | çapa göndər

SDU-nun rektoru professor Elxan Hüseynovun 2019-2020-ci tədris ilinin məzunlarına təbriki


Əziz məzunlar! Bugün siz Sumqayıt Dövlət Universitetini bitirirsiniz. “Məzun Günü” münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram. Sizləri daima Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrinizi verməyə çağırıram.

Tələbəlik illəri insan ömrünün ən unudulmaz dövrüdür. Bu illər ərzində universitet kollektivi olaraq çalışdıq ki, üzünüzə elmin qapılarını açaraq, sizləri yüksək səviyyəli mütəxəssislər kimi yetişdirək. Bunun üçün universitetə yeni, müasir laboratoriyalar aldıq, elektron elmi kitabxana, tələbələrimizin praktiki biliklərini möhkəmləndirmək üçün açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya – Tədris poliqonu yaratdıq. Tələbələrimizin bir qrupunun beynəlxalq müsabiqə və elmi konfranslarda iştirak etmək üçün dünyanın bir sıra universitetlərinə göndərilməsinə nail olduq. Əldə etdiyiniz naliyyətlər, semestr imtahanlarındakı nəticələr göstərir ki, zəhmətimiz hədər getməyib. Hər bir universitetin Məzunu onun uğurunun, qazandığı nailiyyətlərin göstəricisidir. Hər bir uğurlu kadr həm də təhsil aldığı universitetin səfiri, elçisidir. Ümid edirəm ki, təhsildə qazandığınız elmi biliklərdən qarşıdakı illərdə əmək cəbhəsində istifadə edərək əldə edəcəyiniz uğurlar universitetin adını daha da yüksəldəcəkdir. Universitetin ən çox qürur duya biləcək nailiyyəti onun uğurlu məzunudur. Siz qürurla Sumqayıt Dövlət Universitetini seçdiyiniz kimi, biz də Məzunlarımız olaraq sizinlə fəxr edirik. Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir və biz bu il də universiteti yüksək göstəricilərlə başa vuran məzunlarımızdan bir qrupunu universitetdə saxlayaraq, onların elmi-pedaqoji fəaliyyətlə məşğul olmaları üçün lazımi şərait yaradacağıq. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir.

Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sistemindən də təsirsiz ötüşmədi. Pandemiyanın üzə çıxdığı ilk günlərdən etibarən dövlətimiz tərəfindən əhalinin mütəmadi olaraq məlumatlandırılması, qabaqlayıcı tədbir olaraq insanların kütləvi şəkildə toplaşmalarının qarşısının alınması, ölkəmizdən kənarda olan vətəndaşlarımıza dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi və digər tədbirlər ölkə başçısı möhtərəm İlham Əliyevin yüksək liderlik istedadının və xalqına olan sonsuz məhəbbətinin bariz göstəricisidir. Pandemiya səbəbilə yaranmış ekstremal vəziyyət zamanı digər ali məktəblərdə olduğu kimi Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində də dərs prosesi internet üzərindən onlayn kecirilməyə başlandı. Aydındır ki, onlayn tədris heç vaxt ənənəvi dərs prosesini tam əvəz edə bilməz. Bununla belə tələbə və müəllimlərimizin səyi nəticəsində bu sahədə əməyimiz öz müsbət nəticəsini göstərdi.
Bu çətin günlərdə – pandemiya dönəmində təntənəli “Məzun günü” keçirə bilməsək də, sevincinizə şərik olaraq sizə can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Təəssüflə qeyd edirəm ki, bu ilki Məzun günü dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir vaxta təsadüf edir. Əminəm ki, xalqımızın birliyi nəticəsində biz bu sınaqdan da üzüağ çıxa biləcəyik və yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq.

Sonda sizləri pandemiya ilə mübarizədə digər insanlara nümunə olmağa çağırıram və sizi, müəllimlərinizi və valideynlərinizi təbrik edir, hamınıza möhkəm can sağlığı, uğurlar arzu edirəm.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə