Mobil versiya
Müstəqillik Azərbaycanın üçün tarixi nailiyyətdir
Tarix: 14-06-2020 | Saat: 17:44
Bölmə:Ölkə | çapa göndər

Müstəqillik  Azərbaycanın üçün tarixi nailiyyətdir



Heydər Əliyev Azərbaycan xalqının öz qədim tarixi boyu yetirdiyi ən dahi şəxsiyyətlərdəndir. Bu qüdrətli şəxsiyyətin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir epoxa, zəngin idarəçilik məktəbidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi. Azərbaycan məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında yeni yüzilliyə güclü, qüdrətli, dünya miqyasında öz sözünü deyə bilən bir ölkə olaraq qədəm qoymuşdur.
Heydər Əliyev fenomeni təkcə ölkəmizdə yox, Azərbaycanın sərhədlərindən çox-çox kənarda da həmişə xüsusi diqqət mərkəzində olmuş, bu dahi insanın liderlik keyfiyyətləri dünya miqyasında qəbul olunaraq öyrənilmiş və öyrənilməkdədir. Heydər Əliyev, həqiqətən, əsrinin lideri olaraq tarixə öz adını silinməz izlərlə əbədi həkk etmiş, ötən yüzilliyin son onilliyində müstəqil Azərbaycan dövlətinin əsaslarını qoyaraq, onu beynəlxalq hüququn suveren subyektinə çevirərək daimi və dönməz inkişafını təmin etmişdir.
Həqiqətən də, müasir Azərbaycan tarixinin bütöv bir qərinəsi yaddaşlarda məhz Heydər Əliyev epoxası kimi əbədi qalacaq, həmişə məhəbbət və ehtiramla yad olunacaqdır. 1993-cü ilin keşməkeşli iyun günlərində dağılıb məhv olmaq, çətinliklə əldə etdiyi müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu tarixi şəxsiyyət təlatümlər burulğanından xilas edərək, Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bununla da ölkədə hakimiyyət sükanı etibarlı əllərə keçdi. Ümummilli liderimiz qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Həmin gün haqlı olaraq Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi əbədi daxil olub. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın tarixində yeni dövrün - demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İyirmi yeddi il əvvəl baş vermiş bu hadisələr xalqımızın gələcək taleyini müəyyən etdi. Həmin andan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, tərəqqiyə doğru istiqamət götürdü.
Azərbaycanın yeni tarixinin mühüm reallığı məhz xalqın xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sabitliyin ölkədə siyasi, iqtisadi, təhsil, səhiyyə və digər sahələrin də dinamik inkişafında mühüm rol oynamasıdır. Qısa müddətdə sosial-iqtisadi sahədə möhtəşəm uğurların qazanılması, Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsi və bu qəbildən olan digər amillər xalq – hakimiyyət birliyini daha da möhkəmləndirib. Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır.
Bugünkü bütün uğurlarımızın təməlində Ulu Öndərimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Cəmiyyətimizin həyatında elə bir sahə, elə bir istiqamət yoxdur ki, orada ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əllərinin izi qalmasın. Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin sayəsində indiki yüksək inkişaf səviyyəsinə çatıb. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi kimi tanınıb, onun ölkəmizə rəhbərlik etdiyi dövr müasir tariximizə qızıl hərflərlə yazılıb.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.
Müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyənləşdirməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Əsas Qanunumuz Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.
Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ilk demokratik parlament yaradılmış, ədalətli, şəffaf seçki ənənəsi qoyulmuşdur. Həyata keçirilən siyasi və demokratik islahatlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasi və iqtisadi strukturları ilə fəal əməkdaşlığına şərait yaratmışdır. Böyük öndərimizin titanik fəaliyyətinin mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır.
Bu gün isə Heydər Əliyev irsinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla yürütdüyü ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz dövlət başçımızın gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. Artıq dünyanın ən qüdrətli dövlətləri də regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar.

Şafiq Heydərov
SABİRABAD SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə