Mobil versiya
Tarix yaradan dahi şəxsiyyət
Tarix: 14-06-2020 | Saat: 15:39
Bölmə:Ölkə | çapa göndər

Tarix yaradan dahi şəxsiyyət



Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O, maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir. Dahi liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz sözü ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”. 
Azərbaycanlı olmağı ilə fəxr edən, özünü sadə Azərbaycan vətəndaşı kimi hiss edib müəllim adını bütün adlardan üstün tutan Ulu öndər müəllimə həmişə yüksək qiymət vermiş və Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı üçün bir çox yeniliklər etmişdir.
Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlamış, ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. O, təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmişdir.
Yaşadığımız "təhsil əsri"ndə Ulu öndərin işlərini onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  davam etdirir, ardıcıl olaraq ölkədə təhsil sahəsində məqsədyönlü islahatlar həyata keçirir. Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
Bildiyimiz kimi müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür. Əminik ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları başa çatdıraraq, təhsil islahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcək.

Təvəkkül Əliyev
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024