Mobil versiya
Heydər Əliyev – öz xalqının fədaisi
Tarix: 15-06-2020 | Saat: 16:01
Bölmə:Ölkə | çapa göndər

Heydər Əliyev – öz xalqının fədaisi


Tarixdə çox insanlar ad-san qazanır, iz qoyur, amma o tarixi şəxsiyyət heç zaman unudulmur ki, xalqının müdrik xilaskarı, dövlətinin qurucusu və memarı kimi adı insanların xatirəsində daim uca tutulur. O tarixi şəxsiyyət xoşbəxtdir ki, nəcib və xeyirxah əməllərinə elə sağlığında layiqli qiymət verilir. Ulu Öndərimiz Heydər Əliyev də Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi belə tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev sözun əsl mənasında, həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi idi. Onun sağlığında özünə ucaltdığı ən möhtəşəm abidə isə müstəqil Azərbaycan dövlətidir.
1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev peşəkar siyasətçiyə xas olan müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvəllər zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Bir sözlə, ölkədə xaos və hərc-mərcliyə son qoyuldu, separatizm ləvğ edildi.
Bu müdrik insanın böyüklüyü, dahiliyi onda idi ki, o, xalqın tükənməz qüvvəsini dövlət müstəqilliyinin qorunmasına yönəltdi, həyata keçirdiyi daxili və xarici siyasəti ilə insanlara əsl vətənpərvərlik və azərbaycançılıq fəlsəfəsini aşıladı.
Ümummilli liderimiz Heydər Əliyevin dahi dövlət xadimi, qüdrətli sərkərdə, yenilməz əsgər kimi Vətənin keşiyində necə ayıq-sayıq durduğunun, hadisələrin inkişafını düzgün qiymətləndirərək ölkənin xilası naminə etdiyi manevrlərin hamımız şahidiyik.
1993-cü ilin yayında Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə azərbaycanlıların və Azərbaycanın qələbəsi deyildi. Bu, həm də regionun, ümumiyyətlə, bütün Qafqazın xilası demək idi ki, ABŞ-ın görkəmli siyasi xadimi Zbiqnev Bjezinskinin dediyi kimi: "Bu regionda baş verən bütün müsbət hadisələrdə Azərbaycan Prezidenti Heydər Əliyevin fəaliyyətinin əhəmiyyəti çox böyükdür".
Heydər Əliyevin nadir keyfiyyətlərindən biri də onun vətəninə möhkəm bağlılığı, Azərbaycanı həddindən artıq sevməsi, azərbaycanlı olması ilə daim fəxr etməsi idi.
Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında demokratiyanın həm ideoloqu, həm təşkilatçısı, həm də icraçısı idi. Türkiyədəki Azərbaycan lobbisinin rəhbəri, professor Yəhya Taşdələn onun barəsində demişdir: “Heydər bəy bizim də cümhur başqanımızdır. O, bizim Atatürkümüzdür”.
Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan elmini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını da özünə qaytardı. XX əsrlə XXI əsrin qovşağında Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bizim üçün əsrin ən böyük nailiyyəti müstəqil, suveren, demokratik, hüquqi, dünyəvi Azərbaycan dövlətinin yaranması, onun qorunması, möhkəmləndirilməsi, beynəlxalq aləmdə tanınması, ölkədə yeni ictimai qurluşun təşəkkül tapmasıdır. Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində milli dövlətçilik quruculuğu siyasəti əsas yer tuturdu. Dövlət və millətin gələcəyi onun ağıl və zəkasının qüdrəti ilə müəyyən olundu. Elə ona görə də məhz Heydər Əliyev dühası dövlətçilik ənənələrinin qorunması, ölkəmizin müstəqil dövlət kimi dünyada tanınmasını təmin etdi. Heydər Əliyev sözün əsl mənasında dövlətçilik ənənələrinin davamçısı və xilaskarı, bəşər tarixinin çox nadir hallarda yetirdiyi böyük dühalardan biridir.
Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkəyə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. Dedi ki, bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdır.
Ən çətin vəziyyətlərdə yalnız və yalnız xalqına arxalanmaq Heydər Əliyevə dözüm və iradə verib, bütün uğurlarını təmin edib. Elə “Xalq-Heydər, Heydər-xalq” birliyi də belə yaranıb.
Bu gün Azərbaycanda Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli öndərimizin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarda zənginləşir. Dünyada gedən proseslər, Azərbaycanın dünya birliyinə inteqrasiya siyasəti, qloballaşma meylləri - bütün bunlar əlbəttə, Azərbaycandan da yan keçmir. Azərbaycan bütün bu proseslərin nəinki iştirakçısı, eləcə də regionda reallaşan bütün mühüm layihələri, dünyamiqyaslı tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır.
Elə bunun nəticəsidir ki, son illər ölkəmiz bir sıra beynəlxalq forum və konfransların, idman yarışlarının tez-tez keçirildiyi bir məkana çevrilib.
Bir sözlə, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Yusif Nağıyev
“Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Direktoru

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024