Mobil versiya
Dünya Azərbaycanlılarının Ulu Öndəri
Tarix: 14-06-2020 | Saat: 12:51
Bölmə:Ölkə | çapa göndər

Dünya Azərbaycanlılarının Ulu Öndəri



Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynadığından ayrı-ayrı fərdlərin deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü il iyun ayının 15-i məhz belə günlərdəndir. 27 il əvvəl xalqımız milli dövlətçilik tarixində ikinci dəfə əldə etdiyi müstəqilliyini qoruya bilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazıldı. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir.
1991-ci ildə Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993-cü ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi, başımıza gətirilən müsibətlər, hakimiyət uğrunda mübarizə, səbatsız rəhbərlər, hərc-mərclik, anarxiya, xaos, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir. Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi.
Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.
1993-cü ildən başlayaraq Azərbaycan özünün sağlam bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər sərlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.
1994-cü il neft sazişindən sonra Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini etibarlı şəkildə qurmaqla dünyada özünün iqtisadi və siyasi dayaqlarını müəyyənləşdirdi. Fərəh hissi ilə deyə bilərik ki, artıq Azərbaycan öz neft strategiyasını uğurla həyata keçirir, bu strategiya ölkəmizin çiçəklənməsinə və tərəqqisinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə yönəlib.
Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin baş qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Müasir Azərbaycan cəmiyyətinin ən yüksək demokratiya ideallarına uyğun inkişaf etmək istəyi bu Konstitusiyanın bütün müddəalarında qabarıq şəkildə özünü büruzə verir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan ən böyük xidmətlərindən biri də onun özünə layiqli davamçı hazırlaması olmuşdur. İnanırıq ki, siyasət aləmində öz sözünü deyən, beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan hörmətli Prezidentimiz cənab İlham Əliyev ölkəmizin hərtərəfli inkişafı naminə gördüyü işləri bundan sonra da uğurla davam etdirəcək, işğal altıqda olan torpaqlarımız geri qaytarılacaq, Azərbaycan qabaqcıl dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirəcəkdir.

Elçin Əsədov,
Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi


AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə