Mobil versiya
Xilaskar liderin möhtəşəm qayıdışı
Tarix: 12-06-2020 | Saat: 13:30
Bölmə:Ölkə | çapa göndər

Xilaskar liderin möhtəşəm qayıdışı




Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Belə ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illəri olmaqla yanaşı həm də ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Buna görə də Azərbaycan dövlətçiliyinin gələcəyindən, öz taleyindən narahatlıq keçirən xalq Ulu öndər Heydər Əliyevə müraciət etdi. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC-Müsavat cütlüyü hakimiyyətinin Heydər Əliyevi Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu.

Belə bir vəziyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

Bu il Azərbaycan müstəqilliyinin 27-ci ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin bu inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlindədir.

Araz Bəndəliyev,
“14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024