Mobil versiya
Hacı Şahin: İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər nəinki savab qazanır, əksinə günah edirlər
Tarix: 14-05-2020 | Saat: 17:50
Bölmə:Ölkə | çapa göndər

Hacı Şahin:


Koronavirus pandemiyası dövründə iftar mərasimlərini hər bir insan öz evində, öz ailəsi çevrəsində keçirsə, daha məqsədəuyğundur. İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər nəinki savab qazanır, əksinə günah edirlər.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası da var: “Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən biz xüsusi karantin rejimində yaşayırıq. Bu karantin rejimi Ramazan ayı daxil olmazdan əvvəl tətbiq edilib. Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı fətvasında da bildirilir ki, bu il Ramazan ayı karantin qaydalarına uyğun şəkildə qeyd olunmalıdır, məscidlərdə kütləvi mərasimlər keçirilməməlidir. Həmçinin Əhya gecələrini də insanlar evlərində keçirməlidirlər. Bu, həm karantin qaydalarına uyğundur, həm də dinimizdə bunu qadağan edən hər hansı bir hökm yoxdur. Bununla bağlı biz insanlara dəfələrlə müraciət etmişik və yenə də müraciət edirik ki, virusun yayılmasının qarşısının alınması üçün bütün bu tələblərə riayət etməlidirlər və bu tələblərin də heç biri bizim dinimizlə ziddiyət təşkil etmir”.

Ş.Həsənli vurğulayıb ki, insanların özlərini və ətrafındakıları qoruması həm də İlahi qaydalara uyğun bir davranışdır:

“Ümid edirik ki, qısa müddətdə bu bəla çəkiləcək, insanlar normal həyatına qayıdacaq. İnsanlar bir qədər səbr etsinlər və bu səbləri ilə də Allah yanında mükafat qazanmış olarlar. İnsanların sağlamlığını təhlükə altına atmaq, əlbəttə ki, günahdır, hətta insan etinasızlıq səbəbindən başqalarının ölümünə səbəb olarsa, onun ölümünə görə məsuliyyət daşıyır. Quranda ayədə qeyd olunub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yəni “mən Allaha sığınıram, nə istəyirəm edirəm” demək olmaz. Allah deyir ki, “mənə sığınsan da özünü kor-koranə şəkildə təhlükəyə atma, ağılla, tədbirlə davran”. Əgər bir sahənin mütəxəsisləri təhlükə haqqında xəbər verirsə, qaydalar tətbiq olunursa, ona əməl etmək həm dini nöqteyi-nəzərdən Allah qarşısında məsuliyyətdir, həm də qanun qarşısında məsuliyyətdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024