Mobil versiya
Bu dələduzlar, küçə adamları necə başçı olub? - Səssiz bombalar...
Tarix: 01-05-2020 | Saat: 16:57
Bölmə:Gündəm | çapa göndər

Bu dələduzlar, küçə adamları necə başçı olub? -


Daha bir icra başçısı oğurluq üstə yaxalandı. Sözü-söhbəti çoxdan gəzirdi, amma videosu bu gün - zəhmətkeşlərin həmrəylik günündə yayıldı ki, bunun da öz simvolik mesajı var. Əgər ölkədə bayramını təbrik eləməyə zəhmətkeş tapmaq çətindirsə, bu qədər dələduz hardan çıxır?

Aydındır ki, yenilik həmişə köhnəliyin, yəni dünənin adamlarının müqaviməti ilə rastlaşır. İş orasındadır ki, vətənimiz Azərbaycanda dünənin adamları həmişə çox olub və bütün cəbhə boyu elə istehkamlar qurublar, ayağını hara atırsan onların basdırdıqları səssiz bombalar partlayır.

XIX əsrin 70-ci illərində çarizm Azərbaycanda aqrar islahatlar aparanda “bəy” adını pulla satmağa başladı. Millətin harada yaramaz, şərəfdən xəbərsiz, ləyaqət hissindən məhrum gədələri var idisə axtarıb tapır və “bəy” edirdilər.

Məsələn, görməmiş nəvələrinin hələ də gədəlik elədiyi Xudayar bəy onların tipik nümayəndəsidi. Qurbanəli bəy də öz yerində, üstə gəl Axundov komediyalarının personajlarını. İndinin özündə soyadlarının sonu “bəy”lə bitənlərin bir çoxu həmin tuxta bəylərin varisləridi.
Çarizmi başa düşdük ki, bu torpağı işğal eləmişdi. Amma müstəqillik vaxtında bəziləri keçmiş imperiyanın “bəy qayırma” siyasəti davam elətdirdi və biz indi həmin ələdə qayırma “bəy”lərin kliplərinə baxırıq. Pandemiyanın qabağını kəsən dövlətin çətin vəziyyətində kasıba ayrılan pula dədəsinin ehsanı kimi baxan təhsilsiz, vicdansız, insafdan-mürvətdən uzaq bu qədər küçə adamı dövlət qulluğuna necə soxula bilib?

“Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb”, - bu sözləri Bakı Dövlət Universitetinin 100 illik yubileyində dövlət başçısı deyib. Mənə maraqlı gələn odu ki Prezidentin müşavirələrində qeydlər götürən adamların bloknotları indi hardadı? Yuxarıda xatırlatdığım çıxışında dövlət başçısı 14 dəfə “islahat”, 8 dəfə də “kadr” sözlərindən istifadə eləyib. Yəni vurğu aydındı. Bəs bu adamlar öz blokontlarna yazdıqlarını oxumurlar? Yazırlar, eşidirlər amma tərsinə edirlər.

Niyə? Çünki əldəqayırma bəydilər! Çünki dünənin adamları ilə gələcək qurmaq mümkün deyil! Bu torpaq səssiz bombalardan təmizlənməyincə, bizə yeniliyin tam qələbəsini görmək müyəssər olmayacaq, yalnız fraqmentlərə baxıb düşünəcəyik...

Natiq Məmmədli
bakupost.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024