Mobil versiya
AHİK – koronavirusla mübarizə məqsədlərinə 1 milyon manatdan artıq vəsait xərclənib
Tarix: 24-04-2020 | Saat: 13:52
Bölmə:Manşet / Gündəm / Seçilənlər-3 | çapa göndər

AHİK – koronavirusla mübarizə məqsədlərinə 1 milyon manatdan artıq vəsait xərclənib




Bütün dünya kimi, respublikamız da bu gün koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə aparır. Bu mübarizə şəraitində bütün Azərbaycan xalqı, Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək, həqiqətən də möhtəşəm birlik nümayiş etdirməkdədir. Bununla belə ayrı-ayrı hallarda, sanki bir istisna olaraq, bəzi kütləvi informasiya vasitələri hətta belə gərgin bir zamanda da müəyyən məqsədlər naminə müxtəlif qurum və təşkilatların ünvanına əsassız ittihamlar səsləndirmək, onların fəaliyyətinə kölgə salmaq cəhdlərindən əl çəkə bilmirlər. Bu günlərdə elektron mətbuatda dərc olunmuş bir materialda da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) passivlikdə, bu çətin sınaq günlərində ölkədə həyata keçirilən koronavirusa qarşı mübarizə tədbirlərində, xüsusən də müxtəlif yardım kampaniyalarına qoşulmamaqda ittiham edilirdi. Lakin gəlin görək bütün bu ittihamlar nə dərəcədə həqiqətə uyğundur?



İlk növbədə belə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, hələ koronavirus infeksiyasının dünya ölkələrinə yayılmağa başladığı ilk günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev sahə həmkarlar ittifaqları mərkəzlərinin rəhbərləri ilə görüş keçirmişdi. Həmin görüşdə Ölkə Prezidenti cənab İlham Əliyevin koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr, eləcə də bu tapşırıq və tövsiyyələrin icrası yönümündə AHİK-in tərkibində olan bütün qurumların üzərinə düşən vəzifələr geniş müzakirə olunmuş, atılmalı olacaq məqsədyönlü addımlar müəyyənləşdirilmişdi.



Həqiqətən də AHİK və bütün üzv təşkilatlar bu çətin dönəmdə ilk gündən Ölkə Prezidentinin yanında olub, xalqın, hər bir həmkarlar ittifaqı üzvünün, aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər edib. Bu gün də hər bir həmkarlar ittifaqı təşkilatı, həmkarlar ittifaq orqanlarının rəhbərləri dövlət başçımızın qərarlarının yerinə yetirilməsində yaxından iştirak edir. Yeri gəlmişkən, aprel ayının 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilmiş onlayn iclas-müşavirədə çıxış edən AHİK-in sədri Səttar Möhbalıyev təşkilatın bu günə qədər gördüyü işlər barədə də ətraflı məlumat verib. Səttar Möhbalıyev qeyd edib ki, bu günə qədər həmkarlar ittifaqlarının bütün təşkilatları tərəfindən bu məqsədlə bir milyon manatdan artıq vəsait xərclənib. 3400-ə yaxın aztəminatlı ailəyə ərzaq yardımları göstərilib. 120 min manat məbləğində qoruyucu vasitələr alınıb paylanılıb. 530 min manat məbləğində vəsait Koronavirusla bağlı tədbirlərin həyata keçirilməsi üçün ianə edilib. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əmək haqqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmişlər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə Fonda 352 min 500 manat vəsait köçürülmüşdür.

Növbəti günlərdə isə AHİK tərəfindən respublikanın bütün bölgələrndə üç minə yaxın aztəminatlı ailələrə ərzaq sovqatlarının paylanması həyata keçiriləcəkdir. Ərzaq sovqatlarının tərkibi hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarət olacaqdır. AHİK tərəfindən göstərilən bu yardımlardan əlavə, Sahə Həmkarlar İttifaqları və ilk təşkilatlar da yerlərdə bu təşəbbüslərə geniş şəkildə qoşulmuş və bu istiqamətdə işlərini davam etdirirlər.



Bu gün əldə etdiyimiz son məlumatlara görə, aztəminatlı ailələrə yardım aksiyası çərivəsində 23 aprel 2020-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Qaradağ rayonu Qızıldaş qəsəbəsində məskunlaşmış 50 məcburi köçkün ailələrinə, xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsulları yardım edilib.

Həmçinin Nəqliyyat Rabitə Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi də yardım aksiyasını davam etdirir. Belə ki, dünən Bakı-1 şöbəsinin əməkdaşları (Aztelekom) respublika komitəsinin vəsaiti hesabına alınmış ərzaq yardımlarını təqaüdçülərə, aztəminatlı ailələrə, xüsusi yardım və qayğıya ehtiyacı olan şəxslərə çatdırmışlar.

Göründüyü kimi, nə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını, nə də bu təşkilatın rəhbərliyini koronavirusla mübarizə tədbirlərində passiv iştirak etməkdə ittiham etmək qətiyyən doğru bir mövqe deyildir. Odur ki, biz də öz həmkarlarımızı bir daha obyektiv olmağa və prosesləri doğru rakurslardan işıqlandırmağa çağırırıq.



aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024