Mobil versiya
Məhərrəm Quliyevə qarşı düzənlənən böhtan kampaniyası bu dəfə də fiaskoya uğradı
Tarix: 19-03-2020 | Saat: 16:07
Bölmə:Manşet / Ölkə | çapa göndər

Məhərrəm Quliyevə qarşı düzənlənən böhtan kampaniyası bu dəfə də fiaskoya uğradı



“Qondarma Talış-Muğan Respublikası yaratmaq xülyasına düşmüş separatçı Əlikram Hümbətova qarşı ölüm-dirim mübarizəsinə qalxmış qüvvələrin başında duran şəxslərdən biri də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin atası Böyükağa Quliyev olub...” – Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev

Son vaxtlar ölkə mətbuatını təmsil edən bəzi saytlarda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə qarşı davamlı olaraq böhtan və iftira xarakterli materiallar dərc olunmaqdadır. Məsələnin bir tərəfi bu yazıların konkret olaraq kimlər tərəfindən sifariş olunması ilə bağlıdır. Lakin biz bu məqama dərindən toxunmaq fikrində deyilik. Çünki bu kampaniyaların bəzi keçmiş icra başçıları tərəfindən maliyyələşdirildiyi sıravi oxuculara da aydındır. Bizim məqsədimiz isə dərc olunan materiallarda ortaya atılan ittihamların həqiqətən də iftira olduğunu konkret dəlillərlə isbatlamaqdır. Maraqlıdır ki, kifayət qədər iri həcmli bir material boyunca Məhərrəm Quliyevi və onun mənsub olduğu ailəni az qala ən ağır cinayətlərdə ittiham edən müəllif, sonda özü də bütün bu ittihamların əsassız olduğunu etiraf edir: “Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı.”
Çox gözəl. Biz də imkanlarımız daxilində araşdırma aparıb, həmin dövrdə ölkənin cənub bölgələrində cərəyan edən hadisələrin canlı şahidi, daha dəqiq desək bilavasitə iştirakçısı olmuş bir insanın verdiyi açıqlaqmaları bu materialımızda təqdim edirik.



Güman edirik ki, 1993-cü ildə məlum Lənkəran hadisələri zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, dövlətçiliyimizin qorunmasında fəal mübarizə aparan, qanunsuz silahlı separatçı dəstələr tərəfindən girov götürülərək yeddi gün həbsdə saxlanılan və ən əsası, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi xidmətlərə görə Heydər Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasının Milli Məclisinin 672 saylı 17 avqust 1993-cü il tarixli qərarında Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlər öz əksini tapan bu insanın dürüstlüyü və obyektivliyi hətta ən radikal opponentlərimizdə belə heç bir şübhə doğura bilməz. Həmsöhbətimiz müxtəlif illərdə Gəncə, Quba, Yevlax, Yardımlı, Astara şəhər və rayonlarının daxili işlər şöbələrinin rəisi vəzifəsində işləmiş polis polkovniki, Qarabağ müharibəsinin fəal iştirakçısı, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, Azərbaycanın Əməkdar Müəllimi, hüquq elmləri doktoru, professor İbrahim Quliyevdir. Əlbəttə ki, məsələ ilə bağlı İbrahim müəllimə müraciət etmək fikrimiz də boş yerdən yaranmamışdır. Belə ki, İbrahim Quliyevin sözügedən Lənkəran hadisələri zamanı tutduğu mövqeyinin, nümayiş etdirdiyi əzmkarlıq və mübarizliyinin şəxsən Ulu Öndər Heydər Əliyev tərəfindən xüsusi qeyd olunması məhz bu insanın ən düzgün və obyektiv məlumatları təqdim edəcəyinə bizdə əminlik yaratmışdı. İndi isə keçək hörmətli professorun dediklərinə: “İlk növbədə qeyd edim ki, mən müxtəlif illərdə Gəncə, Quba, Yevlax, Yardımlı və Astarada daxili işlər şöbəsinin rəisi vəzifəsində çalışmışam. O cümlədən sizi maraqlandıran hadisələrin cərəyan etdiyi dövrdə Astara rayon Polis şöbəsinin rəisi idim. Eyni zamanda da fövqəladə vəziyyət elan olunduğundan rayonun hərbi komendantı təyin olunmuşdum. Separatçı Əlikram Hümbətova qarşı amansız mübarizə aparanlardan biri də mən idim. Məhz bu qarşıdurmanın gedişində 1993-cü ilin 11-18 avqust tarixlərində separatçılar tərəfindən girov götürülmüşdüm. O zaman ölkədə prezident səlahiyyətlərini icra edən, Milli Məclisin sədri Heydər Əliyevin səyləri nəticəsində mən həmin girovluqdan sağ-salamat qurtuldum. Sonsuz qürur hissi ilə deyə bilərəm ki, mənim doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyim xidmətlər Milli Məclisin 1993-cü ilin avqust ayının 18-də keçən sessiyasında qəbul edilmiş və Ulu Öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış qərarda qeyd olunub. Bundan sonra Heydər Əliyev məni şəxsən qəbul etmiş və cənub bölgəsində yaranmış vəziyyətlə bağlı fikirlərimi də dinləmişdi. Nəhayət avqustun 23-dən 24-nə keçən gecə həyata keçirilmiş uğurlu əməliyyatın nəticəsi olaraq, separatçı Əlikram Hümbətov ələ keçirildi. Düzdür, bəzi xain elementlər onun qaçışını təmin edə bildilər. Lakin sonradan həmin şəxs yenidən həbs olunaraq öz cəzasını aldı.



Bütün bu hadisələrdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin atası Böyükağa Quliyevin və ümumiyyətlə bu ailənin – Məhərrəm müəllimin qardaşı, dayıları, əmiləri və digərlərinin iştirakı barədə isə bunları deyə bilərəm. Tam məsuliyyətlə bəyan edirəm ki, Quliyevlər nəsli həmin dövrdə separatçı Əlikram Hümbətova qarşı çıxış edən, aktiv mübarizə aparan qüvvələrin önündə gedən insanlar olublar. Hətta mənim girovda olduğum zaman buna birinci olaraq öz kəskin etirazını birbaşa Əlikram Hümbətova bildirən və mənim azad olunmağımla bağlı separatçıların liderinə nota təqdim edən şəxs də məhz Böyükağa Quliyev olmuşdur. Belə bir insanı bu gün separatçılarla işbirliyində ittiham etmək özü böyük xəyanətdir. Haqqa, həqiqətə qarşı olan xəyanətdir.

Şəxsən Məhərrəm Quliyevin özünə gəlincə isə ilk növbədə bunu deməliyəm ki, Məhərrəm müəllim əmək fəaliyyətinə sıravi işçi kimi başlayıb. İşgüzarlığı, prinsipiallığı, zəhmətsevərliyi və ən əsası da Vətənə və dövlətə sədaqəti sayəsində yüksək vəzifələrə layiq görülüb. Bilirsiniz ki, Məhərrəm Quliyev bundan əvvəl Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb, ona qədər isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib. Artıq bu faktın özü insanın məhz hanzı əqidəyə sahib olmasının bir göstəricisidir.



Sonda mən bir daha tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, Quliyevlər ailəsi hər zaman Heydər Əliyev ideallarına sədaqəti ilə seçilib və tanınıb. Şəxsən Məhərrəm Quliyev isə hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olub və bu, bundan sonra da belə olacaq.”
Dediyimiz kimi, bu deyilənlər Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyevin fikirləri idi.

Öz növbəmizdə biz bir daha belə bir məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, Prezident Administrasiyasında məsul vəzifədə, həmçinin rayon icra hakimiyyətinin başçısı kimi yüksək dövlət qulluğunda çalışan insanın tərcümeyi-halının müvafiq orqanlar tərəfindən bütün incəliklərinə qədər araşdırılmadığını düşünmək ən azından sadəlövhlükdür. Yeri gəlmişkən, Məhərrəm Quliyevin hərbi xidmətdə olmadığını iddia edənlərin nəzərinə çatdırmaq istəyirik ki, Goranboy RİH-nin başçısı öz hərbi xidmətini 22 iyun 1986-cı il tarixdən 10 may 1988-ci il tarixədək Sovet Ordusu sıralarında, Moskva Hərbi Dairəsində yerləşən hərbi hissələrdən birində keçmişdir.


Ümid edirik ki, təqdim etdiyimiz bütün bu fakt və dəlillər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə qarşı böhtan kampaniyası düzənləyənlərə yetərli cavab olacaqdır.



aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024