Mobil versiya
Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair plan təsdiq edilib
Tarix: 03-03-2020 | Saat: 10:55
Bölmə:Ölkə | çapa göndər

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair plan təsdiq edilib



Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aia.az-a verilən məlumata əsasən, Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur.

Sənəddə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər yer alır.

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiqi də Tədbirlər Planında nəzərdə tutulan tədbirlər sırasındadır.

Eləcə də, sənəddə qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.

Tədbirlər Planı, həmçinin erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, kənd yerlərində qızların təhsildən yayındırılması ilə bağlı tətbiq edilən məsuliyyət tədbirlərinin sərtləşdirilməsi və praktik tətbiqinə nail olunması və s. kimi tədbirləri əhatə edir.

Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024