Mobil versiya
Qəbələ təhsili - prioritet istiqamətlər düzgün müəyyənləşdirilib
Tarix: 20-12-2019 | Saat: 11:26
Bölmə:Manşet / Təhsil | çapa göndər

Qəbələ təhsili - prioritet istiqamətlər düzgün müəyyənləşdirilib



Məlum olduğu kimi təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Qeyd olunmalıdır ki, ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Bu gün təhsil sahəsində dinamik inkişafın müşahidə olunduğu bölgələrimizdən biri də Qəbələ rayonudur.

Qəbələ Rayon Təhsil Şöbəsi 1946 - cı ildən fəaliyyətə başlayıb. Təhsil şöbəsinin tabeliyində 53 tam orta məktəb,12 ümumi orta məktəb,3 ibtidai məktəb, 2 məktəbdənkanar müəssisə fəaliyyət göstərir. Məlum olduğu kimi, bu ilin mart ayından Qəbələ RTŞ-nin müdiri vəsifəsinə Arifə Bayramova təyin olunub. Bu vəzifəyə təyin olunana qədər isə o, Qəbələ Rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri vəzifəsində çalışıb. Bu isə o deməkdir ki, Arifə xanım rayonun təhsil müəssisələrinin işinə və potensialına, mövcud problemlərə yaxından, necə deyərlər daxildən bələd olan bir mütəxəssisdir. Əlbəttə ki, məhz Arifə Bayramovanın bu vəzifəyə təyinatı Qəbələnin təhsil sistemində bir sıra yeni müsbət tendensiyaların formalaşmasına zəmin yaratmalıdır. Elə aradan keçən müddət ərzində rayon təhsilində müşahidə olunan mütərəqqi proseslər də bu gözləntilərin doğrulduğunu deməyə əsas verir.



Bu gün Azərbaycanda təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda bütün rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. O cümlədən, heç bir mübaliğəyə yol vermədən demək olar ki, hazırda Qəbələdə təhsilin ən müasir beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün hər cür şərait yaradılıb və bu proses stabil olaraq davam etdirilir. Belə ki, ilk növbədə yeni tədris ili öncəsi Qəbələ məktəblərinin demək olar hamısında cari təmir işləri aparılmışdır. Qışa hazırlır işləri çərçivəsində odunla qızdırılan məktəblərin yanacağa olan tələbatı dəqiqləşdirilmiş və tədarük işlərinə başlanmışdır. İstilik sistemləri mövcud olan məktəblərdə təmir işləri aparılmış, daha 5 məktəbdə qazlaşdırma işlərinə start verilmişdir. Həmçinin yeni dərs ilində Qəbələnin 5 orta məktəbinə yeni laboratoriyalar verilib. Müəllimlərin dərs vəsaitləri, şagirdlərin isə pulsuz dərsliklərlə təminatı istiqamətində xeyli iş görülüb, məktəb kitabxanalarının mövcud kitab fondları zənginləşdirilib. Belə ki, bu günədək rayonun orta təhsil müəssisələrinə 87 adda 40 minə yaxın dərslik və 64 adda 1200-dən artıq müəllimlər üçün vəsait paylanmışdır. Qeyd edək ki, bütün bu məlumatlar Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramovanın bir müddət əvvəl ölkənin mətbu orqanlarından birinə verdiyi müsahibədə öz əksini tapmışdır.



Qeyd etmək lazımdır ki, Qəbələ RTŞ-nin fəaliyyəti həm də müxtəlif məzmunlu tədbirlərlə zəngindir. Belə tədbirlərdən biri də 01 noyabr 2019-cu il tarixində Eldəniz Mehdiyev adına Vəndam qəsəbə 1 saylı tam orta məktəbdə keçirilib. 2018-2019-cu dərs ilində IX, XI siniflərdə ümumi orta və tam təhsil kursu üzrə keçirilmiş buraxılış imtahanlarının yekunlarının təhlilinə həsr olunmuş dəyirmi masada Vəndam qəsəbə 1, 2, 3 saylı, Tüntül, Nohurqışlaq, Bunud, Məmmədağalı kənd tam orta, Seyidqışlaq, Yengicə ümumi orta məktəblərin fənn müəllimləri, məktəb rəhbərləri və RTŞ-nin əməkdaşları iştirak ediblər. Dəyirmi masada dərin təhlil və işgüzar diskussiya aparılıb. İmtahanlarda zəif nəticə göstərən məktəblərin göstəriciləri xüsusi qeyd olunaraq, onlara lazımi tövsiyələr verilib.



Bir neçə gün bundan öncə, dekabrın 11-də Qəbələ Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq keçirilmiş növbəti tədbir çərçivəsində isə məktəb şagirlərinin Heydər Əliyev muzeyinə ziyarəti təşkil olunub. Məktəblilər ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla tanış olublar. Ulu öndərin uşaqlıq və gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi dövrləri əhatə edən, eləcə də onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri uşaqların böyük marağına səbəb olub.

Bu gün Qəbələ təhsilində gedən prosesləri izləməklə belə bir nəticəyə gəlmək olur ki, Arifə Bayramovanın rəhbərliyi altında Rayon Təhsil Şöbəsinin fəaliyyəti bu tədris ilində də məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi prioritet istiqamətlərə düzgün yönəldilib.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024