Mobil versiya
Azərbaycan Memarlıq və İnşaat Universiteti – yeni tədris ilində yeni zirvələrə doğru
Tarix: 25-10-2019 | Saat: 13:53
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycan Memarlıq və İnşaat Universiteti – yeni tədris ilində yeni zirvələrə doğru




Rektor Gülçöhrə Məmmədova: “Universitetə qəbul olan abituriyentlərin orta keçid balları da ilbəil yüksəlir, onların arasında 600-dən yuxarı bal yığanların sayı artıb."

Məlumdur ki, Azərbaycanda inşaat sektorunda çalışan ali təhsilli mühəndis kadrlarının hazırlanması ilk növbədə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tərəfindən həyata keçirilir. Məhz bu ali təhsil müəssisəsinin məzunları olan yüksək ixtisaslı peşəkar inşaat mühəndisləri bu gün ölkənin bir çox nəhəng tikinti meydançalarında dövlət və özəl sifarişlərinin icrasında uğurla çalışırlar.




Əsası 1975-ci ildə qoyulmuş Azərbaycan Memarlıq və İnşaat Universiteti ümumi sahəsi 49000 m² olan 5 tədris korpusundan ibarətdir. Həmçinin universitetdə tələbə şəhərciyi vardır ki, burada xarici tələbələr üçün ayrıca 9 mərtəbəli yataqxana binası və kommersiya əsasında fəaliyyət göstərən “Damla” korpusu yerləşir. Tələbələr burada dərslərə hazırlaşmaqla yanaşı, öz asudə vaxtlarını da səmərəli keçirə bilirlər. Bunun üçün şahmat klubu, idman meydançaları, tələbə kafeləri fəaliyyət göstərir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir. Demək olar ki, bütün kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları fəaliyyət göstərir.
Universitet 1920-ci ildə Bakı Politexnik Texnikumunun tərkibində “İnşaat” fakültəsi, 1932-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində “İnşaat” fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar “İnşaat” fakültəsi oraya köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. Elə həmin ildə də professor, Əməkdar memar Gülçöhrə Hüseyn qızı Məmmədova Universitetin rektoru təyin olunmuşdur.

Bu gün AzMİU-da 7 fakültədə 48 ixtisas üzrə 8500 tələbə təhsil alır. Təbii ki, ölkənin ən böyük ali təhsil müəssisələrindən birində qaynayan tələbə həyatı bir çox maraqlı məqamlarla zəngindir.




“AzerGold”dan master-klass

Bu gün AzMİU ölkəmizdə fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. Rektor Gülçöhrə Məmmədova əmindir ki, məhz belə əməkdaşlıqlar müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. O cümlədən, “AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında 2019-cu ildə əməkdaşlığa dair müqavilə imzalanmışdır. Fəaliyyət planına əsasən sözügedən şirkətin nümayəndələri oktyabrın 23-də İnşaat və İnşaat texnologiya fakültələrinin IV kurs tələbələri üçün müvafiq proqramlar üzrə master-klass keçiriblər. Məlumat üçün qeyd edək ki, AzMİU ilə “AzerGold” QSC şirkəti bir neçə ildir ki, əməkdaşlıq edir. Qurulan uğurlu əməkdaşlıq çərçivəsində şirkət dağ-mədən sahəsində ixtisaslaşmış kardların hazırlanması, universitet tələbələri üçün təlimlərin, seminarların və təcrübə proqramlarının keçirilməsini öz üzərinə götürüb.

“Enactus” yeni tərkibdə təqdim olundu



Oktyabrın 23-də AzMİU Beynəlxalq Proqramlar sektorunun dəstəyi və təşkilatçılığı ilə “Enactus AzMİU” komandasının yeni tərkibinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasiminin keçirilməsində məqsəd “Enactus AzMİU” komandasına yeni üzvləri cəlb etmək və komandanın fəaliyyətini nəzərə çatdırmaq olub. Qeyd edək ki, Enactus Azərbaycanın Proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Enactus - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. Enactus ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir. Azərbaycanda isə Enactus 2005-ci ildən fəaliyyətdədir. Enactus komandasının üzvü olmaq istəyən gənclərə qoyulan tələblər, onların işində əsas istiqamətlər, əsas hakimlik meyarı barədə informasiyalar verib. Tədbirin sonunda “Enactus AzMİU” komandasının yeni üzvləri seçilib. Komandanın köhnə üzvləri olan tələbələr danışıb, yeni seçilən tərkibə uğurlar arzulayıblar.

Gələcəyin memarları xüsusi ekskursiyada

Oktyabrın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin I kurs tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin xüsusi olaraq hazırladığı ekskursiyada iştirak ediblər. Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən ekskursiyada tələbələrimiz “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə bir-birindən maraqlı əsərlərlə, eksponatlarla tanış olub, muzey bələdçisinə onları maraqlandıran sualları ünvanlayıblar. Qeyd edək ki, ümumilikdə ekskursiyalar qısa mühazirə və bir çox yaradıcı tapşırıqlardan ibarətdir. “YARAT” Müasir İncəsənət Mərkəzi ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün həftəlik belə maraqlı ekskursiyalar təşkil edir.



Əgər diqqət etdinizsə, bu üç tədbirin hamısı eyni bir gündə, oktyabr ayının 23-də keçirilib. Bu isə AzMİU-da gənclərin həqiqətən də dolğun və rəngarəng bir tələbə həyatı yaşadıqlarını bir daha təsdiq edir. Universitet barədə belə bir faktı da qeyd etmək lazımdır ki, son illər bu ali təhsil müəssisəsinə daha çox yüksək bal toplayan abituriyentlər maraq göstərirlər. Bu isə AzMİU-ya gənclərin marağının artdığından xəbər verir. Elə oktyabrın 16-da universitetdə keçirilmiş “Bilik günü” tədbirində çıxış edən professor Gülçöhrə Məmmədova da bu barədə danışmışdı. Rektor builki qəbul prosesinə toxunaraq qeyd etmişdi ki, 2019/2020-ci tədris ili üçün AzMİU-nun bakalavriat səviyyəsinə 25 ixtisas üzrə 1537 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 143-ü subbakalavrdır. Sevindirici haldır ki, qəbul olan subbakalavrların əksəriyyəti AzMİU-nun nəzdindəki İnşaat Kollecinin məzunudur. Universitetə qəbul olan abituriyentlərin orta keçid balları da ilbəil yüksəlir, onların arasında 600-dən yuxarı bal yığanların sayı artıb. AzMİU-nun memarlıq və inşaat mühəndisliyi ixtisasları ilə yanaşı, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları ixtisaslarına da qəbul olunanlar arasında yüksək bal toplayan abituriyentlər üstünlük təşkil edir. AzMİU-nun magistratura pilləsində də 23 ixtisas üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 202 bakalavr magistr adını qazanıb.

Şəffaflıq və obyektivlik gəncləri cəlb edir



Təbii ki, gənclərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinə olan bu maraq heç də əsassız deyildir. Məsələ bundadır ki, son bir neçə ildə AzMİU rəhbərliyi tərəfindən aparılan mütərəqqi islahatlar universitetdə təhsilin səviyyəsinin bir qədər də yüksəlməsinə və ən əsası, tədris prosesində şəffaflıq və obyektivliyin tam təmin olunmasına səbəb olub. Belə ki, artıq bir neçə ildir ki, imtahan sessiyalarını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə rektor Gülçöhrə Məmmədova hər sessiya öncəsi müvafiq tənzimləyici əmr imzalayır. Həmin əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılır. İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı, yoxlama prosesinə nəzarət, şifrələrin açılması və s. üzrə yaradılan işçi qrupuna bakalavr və magistratura səviyyələri üzrə xüsusi təyin olunmuş məsul şəxslər rəhbərlik edirlər. Həmçinin yazılı və test imtahanlarının gedişinə nəzarəti həyata keçirmək üçün də məsul şəxslər təyin edilir. Həmçinin rektorun əmrinə əsasən sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılır. İmtahan sessiyası dövründə birbaşa rektor Gülçöhrə Məmmədovanın özünün sədrliyi ilə yaradılmış Münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə onlayn şikayətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır. Bütün bu üsullar isə sözsüz ki, tələbələri universitetə cəlb edən amillər kimi çıxış edirlər.

Heç şübhə etmirik ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kolleci və Texniki təmayüllü Lisey bundan sonra da ölkənin təhsil sisteminin daha da inkişaf etdirilməsi işinə öz dəyərli tövhələrini verməkdə davam edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024