Mobil versiya
Azərbaycan müasir icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdı
Tarix: 24-10-2019 | Saat: 10:51
Bölmə:Təhsil | çapa göndər

Azərbaycan müasir icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdı


UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təşkil olunub.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev, tibbi sığorta üzrə mütəxəssislər və digər qonaqlar iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC-də elmin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparan 30-dan çox tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əsas məqsədindən söz açıb. Bildirib ki, məqsədimiz 2020-ci ildə ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı müvafiq qurumların yanında olmaq, onlara bu sahədə araşdırmaların aparılması və hesabatların hazırlanması istiqamətində xidmət göstərməkdir. Ölkədə bu sahədə mütəxəssis çatışmazlığının olduğunu və tədqiqatların aparılmadığını deyən Ədalət Muradov, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təcrübəli ekspertlər tərəfindən real sektorda baş verən problemlərin araşdırılaraq, həmin problemlərə elmi baxışların ortaya qoyulacağını bildirib.

Rektor son 5 ildə UNEC-də 602 gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıraraq mərkəzin rəhbəri, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Mirsahib Eminovun da məhz həmin gənclərdən olduğunu deyib.

Sonra Mirsahib Eminov “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusunda çıxış edib. Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə 4 istiqamətin mövcud olduğunu deyən məruzəçi onları təhlil edərək, Azərbaycanın icbari tibbi sığorta sistemində tətbiqini açıqlayıb. M.Eminov Azərbaycanda icbari tibbi sığortada 2 xidmət paketinin təklif ediləcəyini, birinci zərf üçün tələb olunan 29 manatlıq vəsaitin dövlət hesabına qarşılanacağını qeyd edib. Əlavə xidmətlər paketinin isə 2% əmək haqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyini qeyd edib.

Təqdimatdan sonra iştirakçıların səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, maliyyə mənbələri, dövlət büdcəsindən icbari sığortaya ayrılan vəsaitin məbləği, adambaşına düşən tibbi sığorta xərcləri və mövzu ilə bağlı digər sualları cavablandırılıb.

Millət vəkili Musa Quliyev icbari tibbi sığortanın qarşılaşa biləcəyi problemlərdən və onların həlli yollarından danışıb. Tibbi texnologiyaların inkişafı nəticəsində dünyada səhiyyə xərclərinin artdığını deyən millət vəkili, Azərbaycanda və digər ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin miqdarını açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Ölkədə səhiyyə xərcləri ilə bağlı dəqiq məlumatların əldə edilməsində çatışmazlıqların olduğunu bildirib. Z.Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində bu istiqamətdə faydalı elmi araşdırmaların aparılacağına əminliyini ifadə edib.

Sonda rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində icbari tibbi sığorta ilə bağlı vahid məlumat və statistik baza formlaşdırılacağını, mərkəzin ekspertlərindən ibarət işçi qrupu tərəfindən icbari tibbi sığortanın uğurla tətbiq olunduğu postsosialist ölkələrdə bu sistemin tətbiqi zamanı üzləşdikləri problemlər və onların aradan qaldırılması yolları ilə bağlı kitabçanın hazırlanacağını bildirib. Həmçinin UNEC-in müəllim və tələbələrindən ibarət “İcbari tibbi sığorta” elçilər komandasının formalaşdırılacağını və regionlarda maarifləndirici tədbirlərin aparılacağını qeyd edib. Rektor Tədqiqat Mərkəzi tərəfindən ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətin keyfiyyətinin monitorinq sisteminin və maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı diaqnostik sistemin yaradılacağını diqqətə çatdırıb. İcbari tibbi sığortaya cəlb olunan əməkdaşlara UNEC Eksterndə distant təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024