Mobil versiya
Quruculuğa həsr olunmuş ömür
Tarix: 30-09-2019 | Saat: 15:15
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Quruculuğa həsr olunmuş ömür



Əməkdar mühəndis Vəli Albəndovun rəhbərliyi altında “Qarabağ E.R.” MMC-nin fəaliyyəti regionlarımızın sosial-iqtisadi inkişafına dəyərli tövhələrini verməkdədir

Bu gün Azərbaycanın regionlarında aparılan abadlıq-quruculuq işləri həqiqətən indiyədək misli görünməmiş bir vüsət alıb. Bu məqsədlə qəbul olunan irimiqyaslı dövlət proqramları, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Etiraf etmək lazımdır ki, bu gün regionlarımızın sosial-iqtisadi inkişafı proqramları çərçivəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin icrasında ən böyük məsuliyyət bilavasitə həmin işləri yerlərdə aparan insanların üzərinə düşür. Çünki görülən işlərin keyfiyyəti məhz bu insanların öz işlərinə yanaşma tərzindən, onların peşəkarlıq və səriştəlik səviyyəsindən asılı olur. Bu xüsusda Əməkdar mühəndis Vəli Albəndovun rəhbərlik etdiyi “Qarabağ E.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivini də bu sahədə çalışan ən uğurlu müəssisələrdən biri kimi qeyd etmək olar.

Albəndov Vəli Nəbi oğlu 1952-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. 1958-ci ildən Tərtər rayonunun Ələsgərli kənd 8 illik məktəbində təhsil alıb. 1968-ci ildə Tərtər şəhər 1 nömrəli məktəbin 10cu sinfini bitirib.
1969-cu ildə Gəncə şəhərindəki İnşaat Ttexnikumunun "Sənaye və Mülkü Tikintilər" fakültəsinə qəbul olub, 1972-ci ildə həmin texnikumun tam kursunu bitirib “İnşaat texniki” ixtisasını alıb.

1972-1976-cı illərdə “Kəndtikinti” Nazirliyinin Tərtər rayonundakı 61 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsində iş ustası vəzifəsində çalışıb.
1976-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Qurğuları İdarəsinin Tərtər rayonundakı 15 saylı TQİ-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, 1977-ci ilin avqust ayında nazirliyin göndərişinə əsasən Bərdə rayonundakı 17 nömrəli SMD-nə iş icraçısı vəzifəsinə təyin olunmuşdur.
Vəli Albəndov 1977-1980-ci illərdə “Azərsutikinti” Dövlət Konserninin Bərdə rayonundakı 17 nömrəli SMD-də və 32 nömrəli TQİ-də baş iş icraçısı, 1980-1983-cü illərdə həmin təşkilatda baş mühəndis vəzifəsində işləmişdir. O, 1981-ci ildə təhsilini artırmaq üçün Özbəkistan Respublikasının Daşkənd şəhərində Abu Reyhani Beruni adına Politexnik İnstitutunun İnşaat Mühəndisləri fakültəsinə qiyabi yolla qəbul olub və 1987-ci ildə həmin institutu bitirmişdir.

1983-cü ilin oktyabr ayında Bərdə rayon Partiya Komitəsinin göndərişi əsasında Bərdə rayonundakı Pambıq Zavodları üzrə “Əsaslı tikinti” şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ilin noyabr ayında Bərdə rayon Partiya Komitəsinin göndərişi əsasında Baş Kolxoz və Sovxozlarrası Tikinti Birliyinin Bərdə rayonundakı 46 nömrəli SMD-nə baş mühəndis vəzifəsinə təyin olunmuş və 1987-ci ilin avqust ayına kimi həmin təşkilatda baş mühəndis vəzifəsində işləmişdir. 1987-1992-ci illərdə isə “Azərsutikinti” Dövlət Konserninin Bərdə rayonundakı 32 nömrəli TQİ-nin rəisi, 1992-1996-cı illərdə “Qarabağsutikinti” Trestinin müdiri, 1996-1998-ci illərdə “Azərsutikinti” Dövlət Konserninin Tərtər rayonunda yerləşən 15 nömrəli TQİnin müdiri vəzifəsində çalışmışdır.

Göründüyü kimi, vəli müəllimin yaradıcı həyatının əmək fəaliyyətində olduğu böyük bir qismi də respublikamızın hələ SSRİ tərkibində olduğu dövrə təsadüf edir. Amma öz Vətənini, öz xalqını və eyni zamanda da öz işini sevən insan istənilən halda ölkəsinə hər zaman şərəf və ləyaqətlə xidmət edəcək. Təsadüfi deyildir ki, Vəli Albəndov istehsalatda qazandığı əmək uğurlarına görə dəfələrlə «Sosializm yarışının qalibi» olmuş, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin «Sosial İqtisadi-İnkişaf Proqramının yerinə yetirilməsindəki fəal işinə, mərdliyinə və Vilayət əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına göstərdiyi böyük köməyinə görə Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1991-ci il tarixli, 269 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının “Fəxri Fərmanı” ilə təltif edilmişdir. Bundan başqa Vəli müəllim müxtəli dövrlərdə Tərtər rayon İcra Hakimiyyətinin “Fəxri fərmanı” ilə və Yeni Azərbaycan Partiyasının “Fəxri fərmanı” ilə, “Ədalət naminə” ictimai siyasi-hüquq qəzetinin təsis etdiyi “Şərəf və ləyaqət” diplomu ilə, “Turan Dünyası” beynəlxalq ictimai–hüquq qəzeti tərəfindən “Fəxri diplom”la, “Azadlıq və Zaman” qəzetinin təsis etdiyi “Şərəf diplomun”ilə, “Qanun və İntizam” qəzetinin təsis etdiyi “Milli ləyaqət” diplomu ilə, YAP Tərtər rayon təşkilatının “Fəxri fərmanı” ilə və “Avropa Nəşr Mətbuat Evi”-nin “Ən yaxşı vətənpərvər idarə rəhbəri” Qızıl Medalı ilə təltif olunmuşdur.
Lakin Vəli müəllimin fəaliyyətinin ən yaradıcı, ən məhsuldar dövrü əlbəttə ki, Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonrakı illərə təsadüf edir.

Vəli Albəndov 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli Sərəncamı ilə yaradılmış “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Tərtər rayonundakı “Qarabağsutikinti” törəmə müəssisəsinin müdiri vəzifəsinə təyin olunmuş və 2010 –cu ilə kimi bu vəzifədə işləmişdir.
2010-cu ildə “Qarabağsutikinti” törəmə müəssisəsinin bazasında “Qarabağ E.R.” MMC yaradılmış və həmin vaxtdan Vəli Albəndov cəmiyyətin direktoru vəzifəsində çalışır. Qeyd edək ki, "Qarabağ-ER" MMC-nin kollektivi son illərdə respublikamızda çoxlu sayda infrastruktur layihələrini reallaşdırmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət proqramlarında nəzərdə tutulan sosial infrastrukturların yaxşılaşdırılması proqramlarında büdcə vəsaiti hesabına nəzərdə tutulan əsasli tikinti, yenidənqurma, meliorasiya və irriqasiya layihələrinin, eləcə də Dünya Bankının, İslam İnkişaf Bankının və Azərbaycan hökumətinin ayırdığı kredit və qrant vəsaitləri hesabına bir sıra layihələrin icrası məhz “Qarabağ E.Rə” MMC-nin inşaatçıları tərəfindən həyata keçirmişdir.

Vəli müəllimin rəhbərliyi altında “Qarabağ E.R.” MMC-nin respublika ərazisində indiyidək gördüyü işləri, uğurla həyata keçirdiyi layihələri sayıb-qurtarmaq mümkün deyil. Amma bunlardan bəzilərini hər halda qeyd etmək lazımdır. Belə ki, Bərdə şəhərində “Uşaq incəsənət məktəbi”, Bərdə rayonunda qaçqın və məcburi köçkünlər üçün 7 mərtəbəli 42 mənzilli yaşayış binası, Bakı şəhəri Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün 5 mərtəbəli 80 mənzilli yaşayış binası da məhz bu müəssisənin inşaatçıları tərəfindən inşa olunub. Lakin “Qarabağ E.R.” MMC-nin fəaliyyəti təkcə yaşayış binalarının inşası ilə məhdudlaşmır. O cümlədən müxtəlif vaxtlarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişləri əsasında – Ağcəbədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin təsərrüfatlarının su təminatının yaxşılaşdırılması məqsədi ilə beton kanal, hidrotexniki qurğu və körpülər; Goranboy rayonunun ərazisində suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə Xan-Arx kanalının, hidrotexniki qurğuların, körpülərin və selötürücülərin tikinti işləri; Ağdam rayonunun Ergi massivində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə Qarabağ kanalına baş suqəbuledici qurğunun tikintisi; Bərdə şəhərində Heydər Əliyev adına milli parkın ərazisindən keçən Tərtər çayında beton sahilbərkitmə işləri, 2 ədəd səviyəendirici qurğu, 85 m uzunluğunda müasir üslubda tikilmiş asma körpü, 2 ədəd 120 min kub metr tutumunda gölün tikintisi və bir çox digər hidrotexniki inşaat işləri də Vəli müəllimin rəhbərlik etdiyi kollektiv tərəfindən yüksək keyfiyyətlə həyata keçirilib. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyininnin sifarişi əsasında – Bərdə şəhərində müasir üslubda yeni 4 mərtəbəli, 450 yerlik incəsənət məktəbi, Tərtər rayon İcra hakimiyyətinin sifarişi əsasında – Tərtər rayonun Kəngərli kəndində 220 yerlik 2 mərtəbəli tam orta məktəb binası, Tərtər rayonunun Qapanlı kəndində Tibb Məntəqəsinin binası da “Qarabağ E.R.” MMC-nin səmərəli fəaliyyətinin nəticələrindəndir.

Bütün bunlarla yanaşı Vəli Albəndovun özünün də dəfələrlə ölkə mətbuatına verdiyi müsahibələrindən aydın olduğu kimi, onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətində ən əhəmiyyətli istiqamətlərdən biri də Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən qurulması üzrə Agentliklə olan əməkdaşlıqdır. Eyni zamanda Agentliyin Bölgə üzrə Layihə rəhbəri olan Vəli müəllim bu əməkdaşlığın bir epizodu barədə bunları deyib: “Məlum olduğu kimi, Bərpa Agentliyinin missiyası, ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir... O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə verdiyi məlum fərman əsasında respublikamızın 15 rayonunda Körpələr evi-uşaq bağçalarının tikintisi də Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən qurulması üzrə Agentliyə tapşırılmışdır. Bağçaların tikintisinə başlanmış və çox qısa bir zamanda həmin obyektlərin tikintisi yüksək keyfiyyətlə başa çatdırılmışdır. Həmin obyektlərdən biri, 100 yerlik uşaq bağçası da “Qarabağ E.R.” MMC tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər şəhərində inşa edilmişdir. Obyektin tikintisi yüksək keyfiyyətlə, müasir tələblərə tam uyğun şəkildə aparılmışdır. Bağça vaxtından xeyli əvvəl tikilib istifadəyə verilmiş və hal-hazırda istismar olunmaqdadır...” Qeyd etmək lazımdır ki, podratçı təşkilat “Qarabağ E.R.” MMC-nin bir müəssisə kimi, möhkəm tikinti bazasına və təcrübəli inşaatçılardan ibarət kollektivə malik olması tikinti işlərinin bütün layihə tələblərinə cavab verəcək şəkildə başa çatdırılmasında xüsusi rol oynamışdır.

Sonda bir məqamı da xüsusi olaraq qeyd etmək istərdik ki, Vəli müəllimin yaradıcı fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2012-ci ildə bacarıqlı mühəndis inşaat sahəsində çoxillik səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub.

10 aprel 2017-ci il tarixində isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Albəndov Vəli Nəbi oğlu ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024