Mobil versiya
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
Tarix: 18-09-2019 | Saat: 11:38
Bölmə:Təhsil | çapa göndər

Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi


Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə 16-24 sentyabrda Bakıda “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda keçiriləcək Yay Məktəbinin açılışı olub.

Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar, Milan-Bikokka Universitetinin İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru Silvana Stefani, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İtaliyanın “Maire Tecnimont” Qrupun podratçısı “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov çıxış ediblər.

Rektor Elmar Qasımov çıxışında neft-qaz sənayesinin inkişaf etdiyi ölkədə alternativ enerji mənbələrinə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsinə, sənayenin yaratdığı ekoloji problemlərin alternativ üsullarla aradan qaldırılmasına böyük önəm verilir.

“Bu gün ekoloji problemlərin qarşısını almaq üçün alim, elmi-tədqiqat işçiləri ilə yanaşı, mühəndislər də müxtəlif üsullar axtarıb-tapırlar. Bu baxımdan hesab edirəm ki, yüksək ixtisaslı mühəndislər yetişdirən Bakı Ali Neft Məktəbinin “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Yay Məktəbinə ev sahibliyi etməsi təqdirəlayiqdir”.

İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar bildirib ki, enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri hər zaman alimləri və qlobal şirkətləri düşünməyə vadar edir.

“Təbiət bizə hədiyyədir. Biz onu qorumağın alternativ yollarını tədqiq edib, yeni üsullar tapmalıyıq. Milan-Bikokka Universitetinin illərdir bir sıra ölkələrdə “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbini təşkil etməsi mənim üçün olduqca qürurvericidir. Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Ali Neft Məktəbinin yüksək təşkilatçılığı sayəsində təşkil ediləcək tədbirlərin yaşıl enerjinin idarə olunması istiqamətində faydalı olacağına inanıram”.

Milan-Bikokka Universitetində İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru Silvana Stefani 2013-cü ildə ilk dəfə Milanda təşkil edilən Yay Məktəbinin daha sonra İspaniya, Qazaxıstan kimi ölkləri də əhatə etdiyini qeyd edib.

“Bu il Yay Məktəbi çərçivəsində Azərbayanda keçirilən silsilə tədbirlər, növbəti illərdə Misir və Birləşmiş Ərəb Əmirliklərində də təşkil ediləcək. Biz Azərbaycanda reallaşdırılan Yay Məktəbinin sonunda qlobal enerji problemlərinin həllinə töhfə verəcək nəticələrin əldə olunacağına ümidvarıq. S.Stefana qeyd edib ki, azərbaycanlı alim və tələbələr digər ölkələrdə keçirilən “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbində də iştirak edə bilərlər.

Tədbirdə İtaliya, Birləşmiş Krallıq, Fransa, Almaniya, İspaniya, İsveç, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələri 50-dən çox nümayəndə təmsil edir.

İştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək mühazirələri dinləmək, eləcə də, müxtəlif məşğələlərdə iştirak etmək imkanı qazanacaq.

Yay Məktəbinin proqramına yerli və beynəlxalq ekspertlərin birgə müzakirələri, ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak, ekskursiyalar, Bakı şəhərinin tarixi yerlərinə gəzinti kimi sosial və mədəni fəaliyyətlər də daxildir.

Ümumi konseptə uyğun olaraq mühazirələrin mövzuları yaşıl enerji üzrə dayanıqlı inkişaf modellərinin təkmilləşdirilməsinə təkan verəcək.

“Dünyada Enerji – Bərpa olunan enerji”, “Enerji resursları və onların ekologiyaya təsiri”, “Külək və günəş enerjisi”, “Azərbaycanda enerji mənbələri”, “Bioyanacaqlar”, “Elektrik enerjisi bazarları”, “İqlim dəyişikliyi fonunda maliyyə məhsulları”, “Kənd təsərrüfatında orqanik tullantıların təkrar emalı”, “Fotoqalvanik enerji”, “Təkrar emaldan əldə olunan enerji”, “Yaşıl enerjinin modelləşdirilməsi”, “İtaliya enerji sektorunda istiqamətlər və perspektivlər”, “Qazaxıstanda enerji və iqtisadiyyat” , “Elektrik enerjisi ilə işləyən avtomobillər” və “Yaşıl kimya” mövzuları ətrafında müzakirələr aparılacaq.

Bakı Ali Neft Məktəbinin tələbələri və müəllimləri Yay Məktəbinin fəal iştirakçılarıdırlar.

Belə ki, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov “Yaşıl Enerjinin İdarə Olunması” sessiyasında “Azərbaycanın iqdisadiyyatı yaşıl olacaqmı?”, Kimya Mühəndisliyi kafedrasının baş müəllimi Sevda Zərgərova “Təkrar emal olunan məhsullardan alınan enerji”, İnnovasiya və Tədqiqat Mərkəzinin direktoru Farad Kamyabi “Azərbaycanda enerji”, Mühəndislik fakültəsinin dekan müavini Rima Quliyeva “Enerji mənbələri və onların ekologiyaya olan təsirləri” mövzuları üzrə mühazirələrlə çıxış edəcəklər.

Yay Məktəbinin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024