Mobil versiya
Bu il 5 yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq
Tarix: 26-08-2019 | Saat: 12:07
Bölmə:Təhsil | çapa göndər

Bu il 5 yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq


Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumi təhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək.

F.Həmzəyevin sözlərinə görə, ilk illərdə məktəbəhazırlıq qruplarına qəbul 55%, növbəti illərdə 65-75% təşkil edib: "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Milli Strategiyası”nda 2020-ci ildən məktəbəhazırlıq qruplarına qəbulun 90 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə ardıcıl işlər aparılır".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva isə bildirib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək:

"Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Qruplarda məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur".

İ.Abdullayeva əlavə edib ki, bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir: "Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir".

Onun sözlərinə görə, Bakıda iki ildir məktəbəhazırlıq qrupuna qəbul elektron formada həyata keçirilir: "Gələn təkliflər əsasında bu sistem təkmilləşdirilib. Bu il 5 yaşında olan uşaqların 90 faizi bu qruplara qəbul olunacaq, 5432 qrupda 120 minə yaxın uşaq təhsil alacaq. Bu say arta və azala bilər".

Bildirilib ki, valideynlər elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan suallara şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzləri, Apelyasiya Komissiyasına yaxınlaşmaqla, həmçinin, yerli təhsili idarəetmə qurumlarına və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146-1) zəng etməklə aydınlıq gətirə bilərlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024