Mobil versiya
İnternat məktəblərində vəziyyət dövlətin xüsusi diqqət mərkəzindədir
Tarix: 11-07-2019 | Saat: 11:43
Bölmə:Manşet / Təhsil | çapa göndər

İnternat məktəblərində vəziyyət dövlətin xüsusi diqqət mərkəzindədir




Neftçaladakı M. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri dolğun ictimai həyat sürürlər

Azərbaycanın təhsil sistemində son illər həyata keçirilən əsaslı islahatlar digər tədris müəssisələri kimi internat məktəblərində də yeni mühitin yaranmasına, təlim-tərbiyyə işlərinin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarılmasına xidmət edir. Əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti, ölkə rəhbərliyi internat məktəblərdə təhsil alan uşaqların bütün ehtiyaclarının ən yüksək səviyyədə təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Bu müəssisələrin yerləşdiyi binalar əsaslı təmir olunur, məktəblər tələb olunan ən müasir avadanlıqlarla təchiz edilir. Həmçinin uşaqların sağlamlığı, ərzaq və geyim təminatı, istirahət və asudə vaxt məsələləri də daima xüsusi diqqət mərkəzində saxlanılır.




Elə Neftçala şəhərində, M.Əsədov küçəsi 6 ünvanında yerləşən Mehman Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya da bu qayğıdan yararlanan müəssisələrdən biridir. Məlumat üçün bildirək ki, Gimnaziyanın 380 şagird yerlik binası 1960-cı ildə inşa edilib. İkimərtəbəli bina 5 korpusdan ibarətdir. Məktəbdə təhsil alan 439 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim və 39 texniki işçi məşğul olur. Şagirdlərdən 63 nəfəri məktəbin yataqxanasında gecələyir. 2016-cı ildən məktəb binasında əsaslı təmir-tikinti işlərinə başlanılıb. Gimnaziyanın yataqxana və yeməkxana binaları təmir olunaraq 2018-ci ilin sentyabr ayından, əsas tədris korpusu, idman və akt zalları isə cari ilin yanvar ayından istismara verilib. Hazırda yeni tədris korpusunda tikinti-quraşdırma işləri görülür. Binanın 90 nəfərlik akt zalında təmir-tikinti işləri başa çatdırılıb, mebel və inventarlarla təchiz olunub.




Gimnaziyanın fəaliyyəti barədə yerli ictimaiyyətin nümayəndələri tərəfindən təqdim olunan məlumatlarda bildirilir ki, bu müəssisənin direktoru Aytəkin Mahmudova dövlətimizi tərəfindən yaradılan şəraitdən uşaqların maksimum yararlana bilmələri üçün əlindən gələni edir. İlk növbədə qeyd olunur ki, gimnaziyada tədrisin təşkili ən yüksək səviyyədədir. Bildirilir ki, burada çalışan müəllimlər də öz vəzifə borclarını layiqincə yerinə yetirir, uşaqlara qayğı və diqqət sərgiləməklə yanaşı, onlara müasir tələblər səviyyəsində təhsil verməyə çalışırlar.




Bir məqamı da qeyd edək ki, direktor Aytəkin Mahmudovanın təşəbbüsü ilə gimnaziyanın şagirdləri tez-tez müxtəlif ictimai tədbirlərin də iştirakçısı olurlar. Elə bu ilin mart ayında, Novruz bayramı ərəfəsində də belə bir gimnaziyanın kollektivi növbəti belə bir tədbirə cəlb olunmuşdu. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Dost Xonçası” adlı bayramlaşma kampaniyasına Neftçala rayon Heydər Əliyev Mərkəzi də qoşulmuşdu. Mərkəzin əməkdaşları xonçalarını Neftçala şəhər M. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya apararaq “Xonçalı Novruz” adlı bayram şənliyi keçirmişdilər. Gimnaziya müəllimlərinin və şagirdlərinin hazırladıqları Novruz adət-ənənələrini əks etdirən eksponatlardan ibarət sərgi hər kəsi heyran qoyub. Gimnaziya və 4 saylı tam orta məktəbin şagirdlərinin maraqlı səhnəcikləri və şən rəqsləri bütün qonaqları valeh edib.




Ümumiyyətlə, M. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın özündə də mütəmadi olaraq müxtəlif xarakterli tədbirlərin keçirilməsi bir ənənə halını almışdır. Belə ki, bu ilin may ayının 15-də gimnaziyada Daxili İşlər Nazirliyi və “Ümidli Gələcək” gənclər ictimai birliyi tərəfindən birgə təşkil olunmuş “İnsan alverinin qurbanına çevrilməyək!” mövsuzunda maarifləndirici tədbir, mayın 27-də isə Respublika Gününə həsr olunmuş tədbir keçirilib. 29 may tarixində keçirilmiş “Yol-nəqliyyat təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirində isə, Neftçala rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin Baş Dövlət avtomobil müfəttişi, polis mayoru Dadaş İbrahimov, Yol Patrul Xidmətinin baş inspektoru, polis kapitanı İkram Zülfüqarov iştirak edərək, Yol hərəkəti qaydaları barədə şagirdlərə məlumat veriblər. Mayın 31-də isə gimnaziyada “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənə ilə qeyd edilib. Balacalar asfalt üzərində rəngli təbaşirlərlə rəsmlər çəkiblər. Şagirdlər müxtəlif ölkələrin və eləcə də milli rəqsləri ifa ediblər. “Arzularımız” adlı səhnəcik isə hamının marağına səbəb olub. Sonda şagirdlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıblar.




Həmçinin ötən ay da M. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri üçün maraqlı tədbirlərsiz ötüşməyib. Belə ki, iyunun 11-də gimnaziyada dahi Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş , “Zərrə mənəm, günəş mənəm” adlı tədbir keçirilib. İki gün sonra, iyunun 13-də isə gimnaziyada birincilərin Əlifba bayramı keçirilib.

Əlbəttə ki, bütün bunlar Aytəkin Mahmudovanın rəhbərlik etdiyi Neftçala şəhər M. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərin eyni zamanda həm yüksək səviyyədə müasir biliklərə yiyələndiklərindən, həm də dolğun və maraqlı bir ictimai həyat yaşadıqlarından xəbər verir.


aia.az

Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024