Mobil versiya
QMİ 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı bəyanat yaydı
Tarix: 19-01-2016 | Saat: 15:44
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Uca Allah 20 yanvar şəhidlərinə rəhmət eləsin!”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı bəyanat yayıb.

QMİ-dən Aia.az-a daxil olan bəyanatda bildirilib ki, bu faciə nə qədər zaman keçməsindən asılı olmayaraq, heç vaxt unudulmayacaq:

“Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş,

Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışların əziz xatirəsi əbədi olaraq yaşayacaq”.

Bəyənatda vurğulanıb ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib:

“20 Yanvar bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolda ilk mənəvi qələbə oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi.

Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi qiymətləndirdi.

Bakıda isə, Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi ifşa dolu məktubunda hadisələrə sərt və prinsipial münasibət bildirdi”.

Bildirilib ki, QMİ öz məhdud imkanlarına baxmayaraq, qanlı hadisələrin ilk günündən 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılmasında, törədilən cinayətin bəşəriyyətə qarşı amansız cəza tədbiri kimi qiymətləndirilməsi istiqamətində öz səylərini əsirgəməyib.

QMİ 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın bütövlüyü və milli müstəqilliyi uğrunda şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verib: “Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq.

Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir.

Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz ən ülvi arzusuna yetişəcək, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərdə 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətninin oxunmasını, «Axund və imamlar üçün xütbə nümunələri»ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə moizələr edilməsini, əziz şəhidlərimizin ruhlarına dualar edilməsini vacib sayır. Uca Allah 20 yanvar şəhidlərinə rəhmət eləsin!”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə