Mobil versiya
YAP müşavirə keçirdi, rəhbərlərə tapşırıq verildi
Tarix: 17-01-2016 | Saat: 16:01
Bölmə:Gündəm / Siyasət / Aia TV / Karusel | çapa göndər



Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Aia.az YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan müşavirədə 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov 2016-cı ilin Azərbaycan dövləti, xalqı, o cümlədən YAP üçün uğurlu olmasını arzulayıb. O, əmin olduğunu bildirib ki, bu ildə də YAP yerli strukturları səmərəli fəaliyyət göstərərək ümumi inkişafa öz töhfələrini verəcəklər.

2015-ci ilin ölkə üçün uğurlu il olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, ötən il ərzində görülən işlər, əldə olunan nəticələr Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş müzakirə olunub: "Belə ki, ötən il ərzində iqtisadiyyatda inkişaf meylləri müşahidə olunub, ən başlıcası əhalinin sosial təminatı ilə əlaqədər hökumətin müəyyənləşdirdiyi layihələr ardıcıl sürətdə həyata keçirilib və bu sahədə hər hansı layihələr təxirə salınmayıb.

Bu, 2015-ci ilin bütövlükdə dəyərləndirilməsi ilə əlaqədar istinad edəcəyimiz ən güclü arqumentlərdən biridir. Prezidentimizin siyasətində sosial məsələlər mühüm əhəmiyyət kəsb edir və ba baxımdan da 2015-ci ildə nəzərdə tutulan proqramlar ardıcıl surətdə yerinə yetirilib. 2015-ci il ölkədə "Kənd təsərrüfatı ili" elan olunmuşdu və bu il çərçivəsində də kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsində də il ərzində bu sahədə də inkişaf baş verib. Şübhəsiz, bundan sonra da aqrar sahənin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçiriləcək".

Ə.Əhmədov əlavə edib ki, ötən il ərzində Azərbaycanın müasirləşməsi, modernləşməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət həyata keçirilib. Onun sözlərinə görə, ötən il birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkənin böyük uğurlarından biridir: "2015-ci ilin mühüm hadisələrindən biridə parlament seçkiləri oldu. Bu seçkilərdə xalqımız bir daha Preziddent İlham Əliyevin siyasətinə səs verdi. Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada seçki kampaniyası həyata keçirdi və qələbə qazandı. Seçki kampaniyasının uğurlu olmasında təbii ki, partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətinin də böyük rolu var. Seçki kampaniyasında yerli strukturlar səmərəli fəaliyyət göstərdilər, partiyamızın qələbəsi üçün fəadakarlıqla çalışdılar. İnanırıq ki, yerli strukturlar bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yeriən yetirmək üçün səylə çalışacaqlar".

Baş nazirin müavini qarşıda duran vəzifələrlə əlaqədər partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə