Mobil versiya
Səhhətimizin düşmənləri - Köhnə maşınlar bizi xəstələndirir
Tarix: 16-05-2019 | Saat: 09:30
Bölmə:Karusel / Ölkə | çapa göndər

Səhhətimizin düşmənləri -


Bakının havasının çirlənməsinə təsir edən bir sıra amillər var... Bunlardan biri də avtomobillərdir. Gün ərzində paytaxt küçələrində hərəkət edən avtomobillər də havanı çirkləndirir. Xüsusilə köhnə avtomobillər atmosfer çirklənməsində başlıca rol oynayır. Bu çirkləndirmə son nəticədə insanların səhhətinin pozilmasına, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır...

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qənbərov saytımıza açıqlamasında deyib ki, ölkədə avtonəqliyyat vasitələrinin sayı son 20 ildə 3,5 dəfəyə qədər artıb:


“Bu isə ekoloji vəziyyətə təsirsiz ötüşmür və avtonəqliyyat vasitələrinin çoxluq təşkil etdiyi, hərəkətin intensivliyi ilə seçilən şəhərlərdə, xüsusilə Bakı şəhərində ətraf mühitin qorunması məsələsini daha da aktuallaşdırır. Rəsmi statistik göstəricilərə əsasən, respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizdən çoxu avtomobil nəqliyyatının və xüsusi texnikanın payına düşür. Aparılan monitorinqlər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan təkcə karbon oksidlərinin miqdarı 700 min tona yaxındır. Müqayisə üçün bildirək ki, stasionar mənbələrdən atılan çirkləndiricilərin ümumi miqdarı 200 min tonu keçmir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə 2014-cü il 1 aprel tarixindən ölkədə Avro-4 ekoloji normaları tətbiq edilir. Hazırda nəqliyyat vasitələrinin Azərbaycana idxalı, mənşə ölkəsindən asılı olaraq buraxılış ilinə görə (məsələn, ABŞ-da 2004-cü, Avropa İttifaqı ölkələrində 2005-ci, Koreyada 2006-cı ildən sonra istehsal olunmuş avtomobillər) həyata keçirilir. Lakin ölkəyə əvvəllər idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi, uzun müddət istismar olunduğundan faktiki olaraq müvafiq standarta cavab vermir. Belə avtomobillərin sayının artması ölkə ərazisində, xüsusilə Bakı şəhərində atmosfer havasının çirklənməsində əsas faktorlardan biridir. Avropa İttifaqına üzv ölkələrdə ekoloji baxımdan zərərli tullantılarının miqdarı daha çox olan dizel yanacağı ilə işləyən avtomaşınların dövriyyəsinin azaldılması və tədricən qadağan edilməsi istiqamətində işlər aparılır. Buraya dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrinin istehsalı və idxalının azaldılması ilə bərabər, onların günün müəyyən vaxtlarında bəzi ərazilərə girişinə məhdudiyyətlər qoyulması da daxildir. Ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması məqsədilə ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, eyni zamanda nəqliyyat vasitələrinin, xüsusilə dizel mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı istismar müddətinə görə də məhdudlaşdırıcı tədbirlərin görülməsi vacib hesab olunur”.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov isə bildirib ki, Azərbaycanda havanın çirklənməsi 1990-cı illərə nisbətən iki dəfə azalıb:


“Lakin ölkənin böyük şəhərlərində havanın çirklənməsi problemi var və bunun da əsas səbəbi sənaye yox, köhnə avtomobillərin istifadəsidir. Son dövrlərdə avtomobil nəqliyyatının sürətli inkişafı ətraf mühitin çirklənməsinə səbəb olan amillərdən biri olub. Azərbaycanın özündə atmosferin çirklənmə səbəbinin 84 %-i avtomobil nəqliyyatının hesabınadır. Burada bir sıra səbəblər var. Bunlara avtomobillərin artımı, hərəkəti, köhnə avtomobillərin istifadəsi daha çox çirklənmə üçün mənbə yaradır. Bizim üçün avtomobillərin artımı demək olar ki, problemdir. Bu problemi aradan qaldırmaq üçün müəyyən işlər görülür. 10 ildən artıq istifadə olunan nəqliyyat sistemlərində həm yanacaq istehlakı artır, həm də ətraf mühitə tullantı atılır. Bu tullantıların içində karbon dioksid, azot oksidləri, deyilən kiçik hissəciklər var. Hansı ki, bunlar insan sağlamlığı üçün zərərli təsirə malikdir. Bu qazların içində karbon dioksid istilik effekti yaradan qazların içində birinci sırada dayanır. Bu da avtonəqliyyat vasitələrinin tullantıları içində əsas yeri tutur. Demək olar ki, ümumi tullantıların 50-60 %-i karbon oksidlərindən ibarət olur. Burda karbon monoksid də, karbon dioksid də olur.

Bəzi məlumatlara görə Azərbaycanda nəinki 10 il, hətta 30-35 ildən də artıq istifadədə olunan 100 minlərlə avtomobil mövcuddur.Digər aparıcı xarici ölkələrdə bu tullantıların qarşısını almaq üçün xüsusi cərimələr tətbiq olunur. Məsələn, karbon dioksidə norma 132 qram qoyulubsa, bu 150 qrama qalxdıqda avtomobil sahibi cərimələnir. Bu bir növ insanların köhnə avtomobildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını alır. Azərbaycanda isə artıq Avro-4 standartı tətbiq olunub. Bununla müəyyən qədər avto-nəqliyyat vasitələrinin nizamlanmasına çalışılır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024