Mobil versiya
Xətai rayonu – geniş quruculuq məkanı
Tarix: 30-04-2019 | Saat: 12:57
Bölmə:Manşet / Ölkə | çapa göndər

Xətai rayonu




Artıq bir neçə müddətdir ki, ölkəmizin əksər digər regionları kimi, paytaxt Bakının da rayonları yenidənqurma, abadlıq və quruculuq işlərinin miqyası və dinamikası baxımından sanki öz aralarında bəhsə giriblər. Bu yönümdə Xətai rayonu ərazisində gedən, xüsusilə də cari ilin əvvəllərindən daha yüksək dinamika qazanmış quruculuq işləri diqqəti daha çox cəlb etməkdədir.

Rayon sürətlə “Abad”laşır

Bu gün Bakının Xətai rayonunda həqiqətən də “Abad” və “Nümunəvi həyət”lərin, yeni parkların sayının durmadan artdığını görmək olar. Mart ayının 13-də keçirilmiş, 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məruzə ilə çıxış edərkən, Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmış və xüsusi olaraq vurğulamışdır ki, Xətai rayonunun qısa zamanda geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.



Məhz elə bu diqqət və qayğının daha bir bariz təzühürüdür ki, bu ilin əvvəllərindən Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən abadlaşdırma və təmizlik tədbirləri daha yüksək intensivliklə davam etdirilir. Əhalinin rahatlığını, asudə vaxtının səmərəli təşkilini və istirahətini təmin etmək məqsədilə rayon ərazisində abadlıq, quruculuq işləri, o cümlədən, binaların fasadlarının təmiri, park və meydançaların yaradılması, “Nümunəvi Həyət”lərin salınması son aylar ərzində daha geniş vüsət almışdır. Bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq, rayondakı parkların ərazisində mövcud olan şəhid abidələrinin ətrafında abadlaşdırma işləri çərçivəsində yenidənqurma işləri aparılır, mini futbol və basketbol meydançaları inşa edilir, səkilərə döşəməlik daşlar düzülür, yaşıllıq örtüyünün salınır, üzlük daşlarla üzlənmə işləri aparılır həmçinin sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması işləri həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq bu gün Xətai rayonu öz gözəlliyi, səliqə-səhmanı ilə paytaxtımızın rəngarəngliyinə xüsusi çalarlar qatır. Əvvəllər “Qara şəhər” kimi tanınan ərazilər indi sözün əsl mənasında ağ məkana çevrilib. Abad yollar, yeni-yeni gözəl park, istirahət məkanları, müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları, yeni infrastruktur obyektləri, hər kəsi, o cümlədən, rayon sakinlərini çox sevindirir.

Xətai rayonunda akademik Zərifə Əliyevanın doğum günü qeyd olunub






Qeyd etmək lazımdır ki, bu gün Xətai rayonu həm də dolğun və mənalı ictimai həyatı ilə diqqəti çəkir. Elə bu gün Xətai Rayon İcra Hakimiyyəti ilə 7 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı və rayon səhiyyə müəssisələrinin baş həkimlərinin iştirakı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunan konfrans keçirilib. Poliklinikanın baş həkimi Şəlalə Səfərova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanın əməkdar elm xadimi, Averbax adına mükafata layiq görülən ilk qadın, akademik Zərifə xanım Əliyeva nüfuzlu tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilib. Neçə-neçə insanın gözlərinə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. O, sözün həqiqi mənasında, peşəsinin vurğunu idi. Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Zərifə xanımın görkəmli alim, mehriban insan, gözəl ana, vəfalı ömür-gün yoldaşı, bir sözlə, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan olduğunu bildirib. Ömrünün çox hissəsinin Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində xüsusilə də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olduğu vurğulanıb. Digər çıxış edənlər də Zərifə xanımın Azərbaycan oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən, apardığı tədqiqatların əhəmiyyətindən danışıblar.




Vətəndaşların qəbulu yüksək səviyyədə keçirilir




Bu gün Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən qəbul və görüşlər, ictimai və dövlət tədbirləri rayonun dolğun bir həyat yaşamasının, ən əsası da bu yaşamın müstəsna olaraq sıravi vətəndaşın maraq və mənafeləri baxımından düzənlənməsinin bariz təzahürləri kimi qəbul olunmalıdır. Birmənalı olaraq belə bir fakt da qeyd olunmalıdır ki, bu gün Xətai rayonunda müşahidə olunan intensiv quruculuq işləri, əldə edilən uğur və nailiyyətlər ilk növbədə rayon rəhbərliyi ilə yerli sakinlərin sıx qarşılıqlı əlaqəsinin, birgə fəaliyyətlərinin nəticəsidir. Bu əlaqələrin möhkəmlənməsi üçün isə, mütəmadi olaraq əhali ilə görüşlər keçirilir, fərdi qəbullar təşkil olunur. Xüsusi olaraq vurğulamaq istərdik ki, hər həftənin bazar ertəsi günü Xətai RİH-də təşkil edilən vətəndaşların qəbulu bir çox problemlərin operativ həlli baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə qəbullarda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak edirlər. Hər belə qəbulda orta hesabla 20-25 vətəndaş iştirak edir. Sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər olunur. Hər dəfə vətəndaşların müraciətləri diqqətlə dinlənilir və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunur. Həmçinin sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilir, sakinləri maraqlandıran suallar cavablandırılaraq, onları narahat edən məsələlərə aydınlıq gətirilir.



Heç bir şübhə yoxdur ki, Xətai rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək və bu rayonun paytaxt Bakımızın ümumi inkişafına verdiyi dəyərli töhfələr ildən-ilə artacaq. Bu yolda biz də Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və bütün sakinlərə yeni-yeni uğurlar diləyirik.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024