Mobil versiya
Mədəni irsimiz – milli sərvətimizdir!
Tarix: 25-04-2019 | Saat: 11:30
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Mədəni irsimiz – milli sərvətimizdir!




Şəki Regional Mədəniyyət İdarəsinin məqsədyönlü fəaliyyəti regionda milli-mədəni irsimizin qorunub saxlanmasına, müasir mədəniyyətimizin inkişafına xidmət edir

Bu gün biz hamımız xalqımızın qədim tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edirik. Əsrlər boyunca ölkəmizdə müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçərək, son nəticədə Azərbaycan incəsənəti və mədəniyyətini formalaşdırmışdır. Müasir dövrdə Azərbaycanda mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya daha geniş formada tanıdılması istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir.



Məlum olduğu kimi, Regional Mədəniyyət və Turizm İdarələri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 01 yanvar 2017-ci il tarixindən formalaşmışdır. Həmin vaxtdan ötən müddət ərzində mədəniyyət və turizm sahəsində şəffaf və səmərəli idarəetmə sisteminın formalaşdırılması yolunda xeyli işlər görülmüşdür. Bu sahədə özünün effektiv fəaliyyəti ilə diqqəti cəlb edən qurumlardan biri də Şəki Regional Mədəniyyət İdarəsidir. Qeyd etmək lazımdır ki, Mirvari Zeynalovanın rəhbərlik etdiyi bu idarə Şəki, Zaqatala, Oğuz, Qax və Balakən rayonlarında mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi yönümündə kifayət qədər səmərəli fəaliyyət göstərir. Hazırda idarənin tabeliyində 12 muzey, 4 mərkəzləşdirilmiş və bir mərkəzi kitabxana sistemi, 4 Heydər Əliyev Mərkəzi və 1 Heydər Əliyev muzeyi, 3 rayon Mədəniyyət Mərkəzi və Oğuz rayon mədəniyyət evi, 1 Turizm İnformasiya Mərkəzi, 5 Uşaq musiqi məktəbi, 1 rayon Dövlət Rəsm Qalereyası, Qax rayon Uşaq İncəsənət məktəbi, Şəki Kiş Tarixi-Memarlıq Qoruğu fəaliyyət göstərməkdədir.

Ümumiyyətlə Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyəti həm də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir. Lakin bu tədbirlər barədə danışmazdan öncə idarənin rəisi Mirvari xanım barədə oxucularımıza qısa da olsa məlumat verək:



Zeynalova Mirvari İbrahim qızı, 1966-cı il dekabr ayının 8-də Şəki şəhərində anadan olmuşdur. 1981-ci ildə Şəki Musiqi Texnikumuna daxil olmuş, 1985-ci ildə həmin texnikumu fortepiano ixtisası üzrə bitirmişdir. 1985-1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə qiyabi təhsil almışdır. 1985-ci ildən Şəki Musiqi Texnikumunda müəllim, 1990-cı ildən FBK-nın sədri, 2000-ci ildən şöbə müdiri, 2009-cu ildən 2013-cü ilin aprel ayınadək tədris işləri üzrə direktor müavini işləmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı və Şəki şəhər İcra Hakimiyyəti Başçısının 19.04.2013-cü il tarixli, 111 saylı əmri ilə 22 aprel 2013-cü il tarixdən 01.11.2016-cı il tarixədək Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2-ci dərəcə dövlət qulluqçusudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 26 dekabr 2016-cı il tarixli, 619-k nömrəli əmri ilə 05 yanvar 2017-ci il tarixdən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı, 3 nəvəsi var.



Dediyimiz kimi, Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyəti müxtəlif tədbirlərlə çox zəngindir. Təsəvvür edin ki, təkcə hələ tamam olmamış aprel ayı ərzində idarənin əhatə etdiyi rayonlarda artıq 25-ə yaxın müxtəlif mədəni tədbir keçirilib. Biz də onlardan bəziləri haqqında oxucularımızı məlumatlandırmaq istəyirik.

“Böyük Qayıdışın başlanğıcı – Dördgünlük Aprel”

1 aprel 2019-cu il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzində gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aşılanması məqsədilə “Böyük Qayıdışın başlanğıcı-Dördgünlük Aprel” adlı tədbir keçirilib. Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Oğuz şəhər 2 saylı orta məktəbin şagird və müəllim kollektivi iştirak ediblər. İştirakçılar əvvəlcə Oğuz şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, H.Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keşmiş bütün şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirin gedişində Aprel döyüşlərinin gedişi barədə ətraflı məlumatlar təqdim edilib. Bildirilib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Xüsusi olaraq vurğulanıb ki, Aprel döyüşləri Böyük Qələbənin başlanğıcıdır və Cocuq Mərcanlıya başlayan köç işləri Böyük Qayıdışın başlanğıcı hesab edilir. Tədbir “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı videoçarxın nümayişi ilə başa çatıb.



Şəkidə “Novruz təranələri”

Yenə də aprelin 1-də Şəki M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzində “Novruz Təranələri” ənənəvi baxış-müsabiqəsinin 40 illiyinə həsr olunmuş müsabiqə qaliblərinin yekun konserti baş tutmuşdur. Azərbaycanın milli musiqi dəyərlərini təbliğ etmək, yetişən gənc nəsildə bu dəyərlərə dərin məhəbbət hissi aşılamaq və istedadların üzə çıxarılması məqsədini daşıyan müsabiqə 2019-cu ilin mart ayının 1-dən 11-ə qədər davam etmişdir. Müsabiqədə Şəki şəhərinin və kəndlərinin 200-dən artıq umumtəhsil məktəblərindən cəlb edilmiş yeniyetmə gənclər iştirak etmiş və onların arasından ən istedadları seçilərək mükafatlara layiq görülmüşlər. Tədbirdə çıxış edənlər müsabiqənin bədii özfəaliyyət dərnəklərinin inkişaf etdirilməsi, mədəni-maarif müəssisələrinin işinin daha da yaxşılaşdırılması, Azərbaycan milli musiqisinin, xalq yaradıcılığının, folklor və müasir rəqs janrının təbliği sahəsində müstəsna əhəmiyyəti olduğunu qeyd ediblər. Sonra qaliblərin ifasında geniş konsert proqramı təqdim olunub. Münsiflər heyətinin üzvləri ayrı-ayrılıqda I, II, III yerlərin sahiblərini elan ediblər, qaliblərə MİHİ Şəki rayon Komitəsinin və Şəki Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və fəxri fərmanlar təqdim olunub.



10 milyonuncu vətəndaşımız xoş gəldi!

Azərbaycan Respublikasında 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə aprel ayının 7-də Balakən rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında bayram tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, rayonun bütün idarə və təşkilatlarının kollektivləri iştirak ediblər. Əvvəlcə Mədəniyyət və İstirahət parkında ağacəkmə aksiyası təşkil olunub. Sonra mədəniyyət işçilərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Tədbirdə çıxış edən rayonun məsul vəzifəli şəxsləri 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın xalqa təbrikini tədbir iştirakçılarına çatdırıblar. Çıxışlarda 2019-cu il Azərbaycan xalqının maddi rifah halının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin verdiyi Sərəncamların, qəbul etdiyi qərarların təqdirəlayiq olduğu bir daha vurğulanaraq, 10 milyonuncu vətəndaşın dünyaya gəlişinin ölkədə əhaliyə göstərilən diqqətin təzahürü və ən əlamətdar hadisə kimi bayram edildiyi qeyd olunub.

Qaxda C.Cabbarlı yaradıcılığı anıldı




09 aprel 2019-cu il tarixində C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında C.Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş “Cabbarlı yaradıcılığında qadın obrazları” adlı dəyirmi masa keçirilmişdir. 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cənab Prezident İlham Əliyev C.Cabbarlının anadan olmasının 120 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Tədbirdə çıxış edənlər Cəfər Cabbarlının şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olaraq, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasından danışaraq, ədibin yaratdığı güclü xarakterlər və obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verdiyini bildirmiş, Cabbarlı yaradıcılığında qadın azadlığı mövzusundan danışmışlar. Mədəniyyət Mərkəzinin əməkdaşları çıxış edərək C.Cabbarlının yaradıcılığında yenilik və müasirlik uğrunda mübarizəni milli ədəbiyyatımıza gətirməsindən söz açıblar. Dəyirmi masada dramaturgiyamızın tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirilməsi, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynaması da xüsusi fərəh hissi ilə qeyd edilmişdir.

“Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı tədbir

Martın 16-da Şəki tarix-diyarşünaslıq muzeyində “Yuxarı baş” Tarix-Memarlıq Qorugunun ərazisində yerləşən muzey müəssisələrinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı tədbir keçirilib. Tədbirdə Xalq Tətbiqi Sənət Muzeyinin, B.Vahabzadənin, M.F.Axunndovun, R.B.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin, Şəki Dövlət Rəsm Qalereyasının və tədbirə ev sahibliyi edən Şəki tarix diyarşünaslıq muzeyinin kollektivləri iştirak ediblər.



Şəki tarix diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova giriş nitqi söyləyərək, Ümummilli Lider Heydər Əliyevin xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Sonra söz verilərək çıxış edən, B.Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli, Şəki Dövlət Rəsm Qalereyasının direktoru İlahə Məmmədova, R.B.Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə çıxışlarında Heydər Əliyevin həm sovetlər dönəmində, həm də Azərbaycanın müstəqillik illərində mədəniyyətimizin tərəqqisi və inkişafı yolunda gördüyü işlərdən və ölkə mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasından, onun dünya səviyyəsində təbliği və tanıdılmasından bəhs ediblər.

Tədbirin sonunda Şəki RMİ-nin nümayəndəsi, “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov Ulu Öndər Heydər Əliyevin yaratdığı platforma üzərində möhkəmlənmiş müasir Azərbaycanda son illərdə aparılan uğurlu islahatlar haqqında məlumat verərək, təşkil olunmuş tədbirin təqdirəlayiq olduğunu qeyd edib.



Əlbəttə ki, yuxarıda qeyd edilən bu tədbir və görüşlər Mirvari Zeynalovanın rəhbərlik etdiyi Şəki Regional Mədəniyyət İdarəsinin son bir ay ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirən epizodlardır. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Şəki Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Mirvari Zeynalovaya onların bu çətin, lakin maraqlı işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024