Mobil versiya
İsmayıllıda yeni xalça emalatxanasında toxucular üçün tədris-hazırlıq kurslarına başlanılıb
Tarix: 19-03-2019 | Saat: 14:16
Bölmə:Ölkə | çapa göndər

İsmayıllıda yeni xalça emalatxanasında toxucular üçün tədris-hazırlıq kurslarına başlanılıb




Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İsmayıllı rayonunda tikintisi sürətlə davam etdirilən yeni xalça istehsalı emalatxanası üçün kadr hazırlığına başlanılıb. Dövlət başçısının iştirakı ilə ötən il istifadəyə verilən "Azərxalça”nın İsmayıllı filialında tədris-hazırlıq kurslarına start verilib.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.

"Azərxalça” ASC İsmayıllı filialının direktoru Zenfira Ələsgərova məlumat verib ki, hazırda fəaliyyət göstərən filialda 100-ə yaxın toxucu çalışır.

Növbəti tədris-hazırlıq kursuna isə hələlik 30 nəfərdən çox toxuculuğa marağı olan qadın cəlb olunub. Bu ilin sonuna qədər təqribən 200 toxucu kadrın hazırlanması planlaşdırılıb. Tədris-hazırlıq kursunun yüksək səviyyədə təşkili üçün filialda lazımi şərait yaradılıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov bildirib ki, tədris-hazırlıq kurslarına müdavimlərin cəlb olunması üçün İcra Hakimiyyəti "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə hər cür dəstək verməyə hazırdır. İcra Hakimiyyətinin əməkdaşları rayonun şəhər və kəndlərində toxuculuğa marağı olanlarla söhbətlər aparıb, kursda iştirak etmək istəyənləri müəyyənləşdiriblər.

"Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, milli bayramımız Novruz ərəfəsində milli dəyərimiz olan Azərbaycan xalçasının yaşadılmasına xidmət edən bu tədbirin keçirilməsi təsadüfi deyil. Bu, hər iki milli dəyərimizin bizim üçün çox dəyərli olduğunun göstəricisidir.

Qeyd olunub ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. "Azərxalça”nın İsmayıllı filialının açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İsmayıllı rayonunun xalçaçılıq ənənələri çox zəngindir, qədimdir. Çox yaxşı ki, siz bu sənəti yaşatmısınız, yaşadırsınız. Gərək gələcək nəsil də bu sənəti mənimsəsin. Yəni, xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Azərbaycan xalçaları dünya miqyasında tanınır və dünyanın aparıcı muzeylərində təqdim olunur.
Vurğulanıb ki, qədim dövlətçilik ənənələrinin təşəkkül tapdığı Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirirlər, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verirlər.

Vidadi Muradov xalçaçılığın inkişafına göstərilən dövlət qayğısından danışaraq deyib ki, son illər respublikamızın bölgələrində "Azərxalça”nın 20 filialı fəaliyyətə başlayıb. Filiallarda toxucular üçün müasir iş şəraiti yaradılıb. Bu ilin ortalarında İsmayıllıda ikinci xalça istehsalı emalatxanası da istifadəyə veriləcək.

Bildirilib ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanalarının yaradılmasına paralel olaraq, kadr hazırlığına da ciddi diqqət yetirilir. Toxucu kadrların hazırlanması üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb olunub. Tədris-hazırlıq kurslarını bitirənlər sertifikat alaraq Cəmiyyətin filiallarında işlə təmin ediliblər. Bu kursu da müvəffəqiyyətlə başa vuranlara sertifikat veriləcək və onlar İsmayıllıdakı xalça istehsalı emalatxanalarında işlə təmin olunacaqlar.

Kursa cəlb olunanlar xalçaçılığa göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər və söz veriblər ki, xalçaçılığın sirlərinə dərindən yiyələnəcəklər, bu sənətin yaşadılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sonra tədbir iştirakçıları "Azərxalça”nın İsmayıllı filialında iş prosesi ilə tanış olublar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024