Mobil versiya
Region – Ağstafa Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 25-02-2019 | Saat: 13:46
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Ağstafa Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Ağstafa rayonudur

Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafanın da inkişafına böyük təkan vermişdir. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynayır. Bu barədə Ağstafa Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev fevral ayının 13-də rayonun Heydər Əliyev Mərkəzində keçirilmiş “Ağstafa rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağında etdiyi çıxışında məlumat verib.

İqtisadi islahatlar dərinləşir, göstəricilər yüksəlir



2018-ci ildə Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1,8 faiz artmışdır. O cümlədən sənaye məhsulunun həcmi 4,3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 2,0 faiz, nəqliyyat xidmətində 1,2 faiz, rabitə xidmətində 3,2 faiz, ticarət sahəsində 2,3 faiz artım olmuşdur. Son beş il ərzində rayon iqtisadiyyatına qoyulan investisiyanın həcmi 311 milyon manat olmuşdur. Hazırda rayon ərazisində “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC, “Karvan-L EKO” Sənaye Parkı, “Akkord Tekstil” MMC-nin tikiş fabriki, “Saloğlu” Mebel Fabriki, “Azərxalça” ASC-nin Ağstafa filialı, “ATİLO” MMC-nin sərinləşdirici içkilər zavodu və digər müəssisələrə qoyulan özəl sərmayələrin həcmi 2017-ci ildə 34,9 milyon manat və 2018-ci ildə 17,6 milyon manatdan cox olmuşdur. Rayon üzrə həyata keçirilmiş bir sıra davamlı və səmərəli tədbirlər, xüsusən də sahibkarlığa verilən dəstək nəticəsində son beş ildə 7 mindən artıq yeni iş yerləri açılmışdır. Orta aylıq nominal əmək haqqı 1,3 dəfə artmışdır. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə 12591 nəfər məşğul olmuşdur.

Ağstafa Aqroparkı – rayon iqtisadiyyatında sənayenin xüsusi çəkisi artır



Bu gün Ağstafada Aqroparkın inşası ilə bağlı işlər sürətlə davam edir. Layihəyə uyğun olaraq Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası artıq yekunlaşıb. Qeyd edək ki, sadəcə Ağstafa üçün deyil, ümumilikdə bütün region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat 3 zavoddan ibarətdir. Bunlar taxıl emalı, un, çörək və yarımfabrikatlar zavodlarıdır. Burada saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilib. İaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satılacaqdır. Burada inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimumun əldə etməyə şərait yaradır. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaqdır. Dəyirmanın ən böyük əhəmiyyəti emala təqdim edilmiş taxılın yuyulmaması ilə bağlıdır. Yəni taxılın nəmləndirilməsi işi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaqdır. Kompleksin yaradılmasında əsasən Almaniya və İsveçrə texnologiyalarından istifadə olunub.

Sosialyönümlü və infrastruktur layihələrinin icrası geniş vüsət alıb

Ötən il ərzində Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. Rayonun Qıraq Kəsəmən, Zəlimxan və Göycəli kəndlərində yerli imkanlar hesabına “Şəhidlər parkı” tikilib istifadəyə verilmişdir. Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində əsaslı təmir işləri aparılmış, Fizioterapiya şöbəsi tikilib əhalinin istifadəsinə verilmiş, Köhnəqışlaq kəndində və Saloğlu qəsəbəsində yeni tibb məntəqələri tikilmişdir. Rayon mərkəzində yerləşən Heydər Əliyev parkı əsaslı surətdə yenidən qurulmuş, Gənclər Mərkəzi tikilmiş, yeni Tarixi abidələr parkı tikilib istifadəyə verilmiş, Səməd Vurğun parkı yenidən qurulmuş, Yazıçılar Evi tikilib istifadəyə verilmiş, “Paintbol” Atıcılıq Mərkəzi yaradılmış, yeni Musiqi Mərkəzi tikilib istifadəyə verilmiş, Rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzi əsaslı surətdə təmir olunmuşdur.



Təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində Köhnəqışlaq kəndində 108 şagird yerlik yeni məktəb binası və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan Böyük-Kəsik kənd tam orta məktəbinin yeni binasının tikinti işləri davam etdirilir, H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəbin quraşdırılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. 2018-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında Ağstafa məktəblərinin məzunlarından 17 nəfər 600-dən, 42 nəfəri isə 500 baldan yuxarı nəticə göstrəmişdir.

Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması üzrə işlər rayon rəhbərliyinin ciddi nəzarətindədir

Bu gün Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində davamlı olaraq və yüksək keyfiyyətlə aparılan işlərdir. Bütün ölkə ərazisində yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir. O cümlədən, ötən illər ərzində Ağstafa rayonunun yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması istiqamətində də iri həcmli işlər görülmüş, o cümlədən kənd yollarının 90 faizi asfaltlanmış, 5 körpü tikilib istifadəyə verilmişdir.



Bir neçə gün bundan öncə, fevral ayının 12-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hüquq-mühafizə orqanları və idarə müəssisə rəhbərləri ilə birgə Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm yollarının yenidən qurulması işlərinə baxış keçiriblər. İcra başçısı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara yol-nəqliyyat infrastrukturuna maneə törədən xətləri və elektrik dirəklərini yeniləri ilə əvəzlənməsi üçün müvafiq tapşıqlarını verib. Qeyd etmək lazımdır ki, yolların yenidən qurulması üzrə bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə görülür. İşlərin yüksək dinamikası onu deməyə əsas verir ki, yaxın müddətdə yolun çəkilişi sona çatacaqdır.

Cari ilin fevral ayının ilk günlərində isə, Gəncə-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa ərazisindən keçən hissəsinin tikintisinə başlanılıb. Qeyd edək ki, Gəncə-Gürcüstan dövlət sərhədi avtomobil yolunun layihəsi çərçivəsində 16 körpünün, 20 yol qovşağının və 10 yol ötürücüsünün tikintisi planlaşdırılır. Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-betondan olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 santimetr olacaq. Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayırıcı zolağın olması nəzərdə tutulub. Layihə üzrə yol boyu 80 avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur.

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, problemlərin həlli istiqamətində təcili tədbirlər görülür



Bu gün Ağstafa rayonunda gedən mütərəqqi proseslərdən, müşahidə olunan dinamik inkişafdan danışarkən belə bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, əldə edilən nailiyyətlərin ərsəyə gəlməsində rayon rəhbərliyinin tətbiq etdiyi idarəçilik üsullarının effektivliyi də önəmli rol pynayır. Belə ki, Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev öz fəaliyyətini rayon sakinləri ilə sıx əlaqələr, mütəmadi təmaslar əsasında qurub. Bu baxımdan yerlərdə əhali ilə əlaqələrin möhkəmləndirilməsi, insanları narahat edən sosial problemləri öyrənib, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim icra başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, 2018-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən şəhər, qəsəbə və kəndlərdə 40 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 4306 nəfər sakin iştirak etmiş, 409 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 202-si həll olunub, 59-nun icrası davam etdirilir, 148 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir.

Əminliklə demək olar ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramının icrası çərçivəsində də Ağstafa rayonu sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni layihələrin reallaşacağı, quruculuq-abadlıq işlərinin daha geniş vüsət alacağı qabaqcıl rayonlarımızdan biri kimi daim diqqət mərkəzində olacaqdır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024