Mobil versiya
Azərbaycanda qohum evliliyi qadağan edilə bilər? - “İrsi xəstəliklər sürətlə artır”
Tarix: 25-02-2019 | Saat: 12:09
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda qohum evliliyi qadağan edilə bilər? - “İrsi xəstəliklər sürətlə artır”


Qohum evliliklərinin tibbi baxımdan zərərli olması və irsi-genetik xəstəliklərin artmasına yol açması uzun müddətdir müzakirə olunur. Xüsusən Şərq ölkələrində bu hallar daha çoxdur. Bu baxımdan Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edən qanun layihəsi hazırlanması diqqət çəkir.

Belə ki, ölkənin Səhiyyə Nazirliyi Ailə Məcəlləsinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur. Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur. Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək. Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.

Bəs görəsən, bənzər qanun Azərbaycanda da qəbul edilə bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir qanunun qəbul edilməsi arzuolunandır: "Azərbaycanda da bu məsələdə kifayət qədər cahillik elementləri var. Çox vaxt doğulan uşaqlarının irsi xəstəliklərə məruz qalmasının da səbəbi məhz qohum evlilikləri ilə bağlıdır. Bunu aradan qaldırmaq bir qədər çətinləşib. Ona görə də qanunla qadağan olunması daha doğru olardı. İnsanlar bunu şüurla etmirlərsə, qanunla qadağan etməkdən başqa yolu yoxdur. O baxımdan bu çox faydalı qanundur, mən də bunun tərəfdarıyam, hesab edirəm ki, burada qanunun müddəaları kifayət qədər ciddi şəkildə müəyyən olunmalıdır. Elə etmək lazımdır ki, yaxın qohumların, yəni qardaş və bacı uşaqlarının qanuni şəkildə nikaha girmək imkanları aradan qalxsın.

Fazil Mustafa ile ilgili görsel sonucu
Buna görə də valideynlər çalışmalıdırlar ki, övladları seçim edərkən, ailə qurarkən qohum evlilikləri məsələsinə həssas yanaşsınlar. Burada qohumların kateqoriyası da dəqiq göstərilməlidir. Özbəkistan da bizim kimi bir qədər feodal təfəkkürünü qoruyan cəmiyyətdir. Çox güman ki, bu problemin qarşısını maarifçiliklə, mədəni çağırışlarla almağın mümkün olmadığını görüblər, nəticədə bu yola əl atıblar. Ümid edək ki, bizdə də belə bir qanun olar və bu yalınız ümumi işin faydasına ola bilər. Belə bir qanun müzakirəyə çıxarılarsa, mən də deputat kimi ona səs verərəm, hətta faydalarından da bəhs edərəm. Bizim kimi cəmiyyətlər üçün başqa formada qohum evliliklərini aradan qaldırmaq mümkün deyil. İnsanlar ən azından qanundan qorxaraq bu addımı atmaqdan çəkinə bilərlər”.

TanñnmÃ±à  pediatr Vaqif Qarayev ile ilgili görsel sonucu
Tanınmış pediatr Vaqif Qarayev də qəzetimizə açıqlmasında vurğuladı ki, təbabət qohum evliliyini inkar edir: "Təkcə əmiqızı, əmioğlu yox, lap uzaq qohumların da evlənməsi arzuolunmazdır. Çünki xromosom kodunda eynilik var, indi olmasa da gələcək nəsillərdə dəyişiklik ehtimalı həddindən artıq çoxdur. Ona görə də, bizdə irsi genetik xəstəliklər çoxalıb. Bu problem təkcə bizdə deyil, yəhudilərin də müəyyən bir qolu var ki, onlarda da yaxın qohumla evlənirlər. Ancaq dünya miqyasında müsəlman arealında qohum evlilikləri daha çoxdur, ən çox isə ərəb ölkələrindədir. Azərbaycanın çox böyük bir kəndində beynəlxalq təşkilat qohum evliliklərinin monitorinqini aparıb, hesabatda ortaya çıxıb ki, əksəriyyəti qohumu ilə evlənib. Bizdə adətən bunu dinlə bağlayırlar ki, peyğəmbərimiz də qohumu ilə evlənib. Ancaq düzgün yanaşma deyil. Mən elə bir ailə tanıyıram ki, yaxın qan qohumu ilə evlənib, 4 uşağın 4-də də əqli və fiziki qüsur var. Soruşuram ki, bunların ikisi xəstə doğuldu, digərlərini niyə müayinələr aparmadan dünyaya gətirirsiniz? Cahillikdir və deyirlər ki, Allahın verdiyi paydır. Bu gün də bu yanaşma var. İstənilən xəstəliyin öhdəsindən gəlmək olar, ancaq irsi-genetik xəstəliklərə təbabət heç nə edə bilmir. Qohum evliliklərində irsi xəstəliklərin olması ehtimalı çoxdur, insanlar bunu anlamalıdırlar. Bəlkə də cahillik dövründə bunun izahı var idi. Ancaq maraqlıdır ki, indi təhsili olan insanlar da var ki, övladını yaxın qan qohumu ilə evləndirir”.

Pediatr qeyd etdi ki, məhz bu səbəbdən irsi-genetik xəstəliklər sürətlə artır, Azərbaycanda ən çox yayılan talassemiyadır: "Autizmin isə səbəbləri tam bəlli deyil, irsi-genetik faktorun da rolu var. Ancaq Avropada da autizm geniş yayılıb, hərçənd onlarda qohum evlilikləri yoxdur. Yeni doğulan uşaqlara 7 gün ərzində daban testləri olunmalıdır, orada 4 çox ağır xəstəliyin ilkin diaqnostikası aşkar olunur. Ana bətnində Daun xəstəliyinin diaqnostikası mümkündür, laborator analizlərlə, ultrasəs müayinəsi ilə təyin edirlər. Yaxın qohumların nikahından olan hamiləliklərində xromosom patologiyaları ola bilər, bəzi klinikalarda bunu təyin etmək mümkündür. Əqli və fiziki qüsur yaradan xromosomları müəyyən ütmək olur. Qohum evliliklərində genetik istiqamətdə müayinə çox vacibdir. Daun xəstəliyi hamiləliyin elə dövründə aşkarlanır ki, ana onda uşağı məhv etmək və ya dünyaya gətirməklə bağlı seçim qarşısında qalır. İndi bir humanist yanaşma var. Çünki Daunla doğulan uşaqlar arasında kifayət qədər intellektli olanlar da var. Ancaq valideynlər göz dağı görmək istəmirsə, yaxşı olar ki, qohum evliliklərindən uzaq olsunlar. Təbabət bunun qarşısında acizdir. Diaqnostikasında irəliləyişlər olsa da, müalicəsi ilə bağlı heç nə edə bilmirik. Talassemiya isə nikaha gedən şəxslərin qan analizi ilə müəyyən olunur. Əgər cütlükdə hər iki tərəf talassemiya daşıyıcıdırsa, artıq onların hər 4 övladından biri talassemiya xəstəsi ola bilər. Problem odur ki, bu mərhələdə artıq gənclər nikaha girir, toy ərəfəsindədir, bəzən nə çıxsa da, nikahdan imtina etmirlər. Bu xəstəliyin müalicəsi müəyyən qədər var, xəstəyə sümük iliyi köçürülür. Ancaq risk etməyin mənası yoxdur. Təbabət məsləhət görür ki, iki daşıyıcı evlənməsə yaxşıdır. Bundan başqa qohum evlilikləri ilə irsi karlıq və korluq, ürək xəstəlikləri ötürülə bilər. Epilepsiyada, ürək patologiyalarında da irsiyyətin çox böyük əhəmiyyəti var. Ona görə bir daha vurğulayıram ki, yaxın qohumla evlənmək düzgün deyil”.

"Əjdərbəy” məscidinin axundu Hacı İlham Rəsulov isə açıqlamasında bildirdi ki, İslam dini yaxın qan qohumları olan qardaş və bacı uşaqlarının evlənməsini qadağan etmir: "İslam birinci imamı olan Həzrəti Əli əmisioğlu Məhəmməd peyğəmbərin (ə. s.) qızı ilə evli idi. Yəni din köklü şəkildə bunu qadağan etmir. Lakin müasir tibb bunun zərərini müəyyən edibsə , o zaman din də buna yol verilməməsinin tərəfindədir. Yaxı olar ki, yad insanlar ailə qursunlar.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024