Mobil versiya
İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər
Tarix: 14-01-2019 | Saat: 12:55
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər




Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri - “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Alimli ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar.

Şuranın üzvləri imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ətraflı açıqlama verib. Rektorun müvafiq əmri ilə 154 nəfərdən ibarət nəzarətçilər qrupunun yaradıldığını deyən prorektor bildirib ki, əvvəl fənnin kredit yükündən asılı olaraq internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olurdu və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı: “Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir. Ona görə də sualların qoyuluşunda dəyişiklik etdik. Artıq üçüncü ildir ki, testə açıq sual adlandırılsa da, əslində qapalı olan çoxcavablı suallar salmışıq. Birinci il sualların içərisindən cəmi 5 sualı gizli sual kimi verdik. Bunlar tələbələrin nəzərinə çatdırılan suallar deyil və bir neçə cavabı var. Sadəcə olaraq tələbələrə bu suallara necə hazırlaşmağın yollarını göstəririk. Keçən il bu cür sualların sayını10-a çatdırdıq və nəticədə tələbələrin xüsusən təməl fənlərindən topladıqları balların miqdarı xeyli azaldı. Ən yüksək balı yalnız çox istedadlı tələbələr toplaya bilirlər”.

S. Əliyev sualların sayının da yarıya, yəni 50-dən 25-ə endirildiyini söyləyərək qeyd edib ki, əvvəllər 50 sualın hərəsinə bir bal verilirdisə, indi 25 sualın hər birinə iki bal verilməklə, bütövlükdə 50 bal limiti saxlanılır: “Fərq ondadır ki, tələbə 15 sualla internetdə tanış olaraq 30 balı toplamaq imkanı əldə etsə də, 50 balın qalan 20 balını ancaq gizli suallara görə qazana bilər”.

Tələbələrin məşğələ dərslərindən topladıqları balın miqdarı ilə bağlı mövcud problemə də toxunan prorektor bildirib ki, təməl fənlərdən fərqli olaraq kliniki fənlərdə bu məsələ hələ tam həllini tapmayıb.

“Gələcəkdə əsas hədəfimiz gizli sualların sayını 15-ə çatdırmaq, klassik testlərlə paralel imtahanın yazılı formasından da istifadə etməkdir” - deyən prorektor test üsulunun tətbiqi ilə əlaqədar imtahanların sayının 2-3 dəfə artdığını da qeyd edib. O, universitetin rektoru, professor Gəray Gəraybəylinin bu istiqamətdə çox zəruri, həm də radikal qərarlar qəbul etdiyini diqqətə çatdıraraq bildirib ki, biz tematik planları itirmədən, yəni mövzular saxlanılmaqla bəzi imtahanları ləğv etdik, bəzi fənləri birləşdirməklə əlavə imtahanların sayını azaltdıq. İndi isə imtahanın sayını 10-dan 7-yə endirməyi hədəf götürmüşük.

S. Əliyev ictimai nəzarət şurasının üzvlərinə bu tədris ilindən etibarən IV-V kurslarda praktiki məşğələlərin artıq kurasya şəklində deyil, qoşa saat formasında keçirilməsi haqqında da

məlumat verərək bildirib ki, kliniki fənlərdən əksər hallarda ardıcıl olaraq iki qoşa saat təşkil edən və semestr boyunca paylaşdırılan bu dərskeçmə formatı praktiki məşğələlərin keyfiyyətini artıraraq xəstə nümayişində daha geniş imkanlar açmış, fənn proqramının daha yaxşı mənimsənilməsini və tələbələr tərəfindən davamiyyət limitini aşmamaq baxımından daha optimal şərait yaratmışdır.

Bu tədris ilindən başlayaraq III, IV, V kurslarda əvvəllər yay vaxtı keçirilən istehsalat təcrübəsinin semestr boyunca dərs cədvəlinə salınmasını da düzgün yanaşma hesab edən prorektor deyib ki, bu yeniliyin tətbiqinə qədər həmin kurslarda kəsri qalan tələbələr yay semestrində iştirak edə bilmirdilər.

S. Əliyev elektron jurnala keçid, aralıq qiymətləndirmə və digər məsələlərlə bağlı da ictimai nəzarət şurasının üzvlərini məlumatlandırıb.

Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin fikirlərini də öyrəniblər. İraq vətəndaşı, stomatologiya fakültəsinin II kurs tələbəsi Yahya Razi, I müalicə-profilaktika fakültəsinin tələbəsi Zərifə İsmayilova və digərləri testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini deyiblər. İmtahan nəzarətçisi, əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş laborantı S. Atakişizadə imtahanın gedişində hələ heç bir problemin yaranmadığını söyləyib.

İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib.

Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən şuranın üzvləri tələbələrin daha çox narazı qaldığı məqamlarla maraqlanıblar. Bir neçə tələbənin şikayətinin motivi ilə yerindəcə tanış olaraq ekspert rəylərini dinləyiblər. Bu zaman müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Cavid Mustafazadənin şikayətinə də baxılıb və onun müraciəti əsaslı hesab edilərək müsbət həll olunub.

ATU-nun Apellyasiya komissiyasının sədri, professor Surxay Musayev imtahanlar başlayandan bəri 300-ə yaxın ərizə verildiyini, bu ərizələrin bir qisminin əsaslı, böyük bir qisminin isə əsassız olduğunu deyib: “Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə, kserekopiyalarla deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variant göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır”.

İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ. Məmmədov universitetdə aparılan islahatların tələbələrin gələcək fəaliyyətlərində müstəsna rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, İmtahan Mərkəzinə baxış zamanı üzərində qaynar xəttin nömrələri yazılan “rəy qutusu” da şura üzvləri tərəfindən açılıb və burada toplanan təkliflər, rəylər qruplaşdırılaraq araşdırılmaq üçün götürülüb.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024