Mobil versiya
Qax – 2018-ci il yüksək nailiyyətlərlə yadda qalacaq
Tarix: 08-01-2019 | Saat: 10:24
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qax – 2018-ci il yüksək nailiyyətlərlə yadda qalacaq




Rayon sakinləri üçün ötən ili unudulmaz edəcək önəmli hadisələrdən biri də Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaxa etdikləri səfər olacaq

Bu gün iqtisadiyyatı sürətlə inkişaf edən bölgələrimizdən biri də Qax rayonudur. Xüsusilə son illər bu rayonda müşahidə olunan dinamik inkişaf, əhalinin rifah halının durmadan yüksəlməsi dağlar diyarı olan Qaxı ölkənin aparıcı iqtisadi rayonlarından birinə çevirmişdir. Elə Ölkə Prezidenti cənab İlham Əliyevin ötən ilin oktyabr ayında Qaxa etdiyi səfəri zamanı bu rayonda bir sıra mühüm obyektlərin açılışında iştirak etməsi də, rayonun sürətli sosial-iqtisadi inkişafından xəbər verir.



Ötən ilin sonları Qaxda bir sıra əhəmiyyətli obyektlərin açılışı ilə əlamətdar oldu

Artıq xəbər verildiyi kimi, 2018-ci il oktyabr ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Qax rayonunda səfərdə olmuşdular. Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə və birinci xanıma məlumat verərək bildirmişdir ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşmış, rayonda bir çox sosial infrastruktur obyektləri tikilmiş, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılmışdır.



Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, “Ulu Aqro” MMC-nin Qax Aqroparkının, Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.

Turizmin inkişafı xüsusi diqqət mərkəzindədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı başlıca prioritetlərdən olmaqla, qarşıya əsas məqsəd kimi qoyulub. Bu baxımdan ölkədə turizmin inkişafına da xüsusi diqqət ayrılır. Azərbaycanda hotel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, bölgələrimizdə bir-birindən gözəl və müasir mehmanxana komplekslərinin yaradılması, qonaqlara yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması turizm sektorunun inkişafında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da zəmin yaradır. Bu baxımdan Qaxda yeni istifadəyə verilmiş “Yurd Hotel” mehmanxana kompleksi təkcə bu rayon üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir. Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib. Bu cür mehmanxanaların yaradılması, ilk növbədə, Qaxın və ümumilikdə bölgənin turizm potensialının gücləndirilməsində mühüm rol oynayacaq, turist axınının artmasına zəmin yaradacaq. Bütün bunlarla yanaşı, turizm obyektlərinin istifadəyə verilməsi əhalinin məşğulluğunun artırılmasında, yeni iş yerlərinin yaradılmasında da müstəsna əhəmiyyətə malikdir. Belə ki, “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.



Xarici əlaqələr genişləndirilir

Ötən ilin daha bir yadda qalan hadisəsi də Qaxda Yaponiya hökumətinin dəstəyi ilə inşa olunmuş uşaq bağçasının açılışı ilə əlaqədar olmuşdur. Belə ki, noyabrın 7-də rayonun Qıpçaq kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən uşaq bağçasının tikintisi layihəsinin icrası uğurla başa çatdılmışdır. Uşaq bağçasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı Noriko Katori, rayon rəhbərliyi, layihəni icra edən “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin üzvləri və kənd sakinləri iştirak etmişlər. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirmişdir. O qeyd etmişdir ki, ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində rayonunda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 9 layihə reallaşmışdır. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

Rayon İcra Hakimiyyətinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyevin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.



Qısa arayış:

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu

illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.



Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Həqiqətən də, Qax sakinlərinin rayon rəhbərliyindən narazılıq etməyə heç bir əsasları yoxdur. Əksinə, icra başçısı Musa Şəkiliyevin rayona göstərdiyi qayğıdan sakinlər hər zaman razılıq edirlər. Xüsusilə Qax şəhərində yeni parkların salınması, mövcud parkların yenidən qurulması və istirahət məkanlarının xüsusi zövqlə bəzədilməsi hər kəsin ürəyincədir. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı, şəhər parkı, gənclik parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir. Ümumiyyətlə son zamanlar Qax rayonunda gedən abadlıq-quruculuq işlərinin nəticəsidir ki şəhərn də siması xeyli dəyişib, gözəlləşib. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024