Mobil versiya
Beynəlxalq Bank məhkəmədə əmanətçilərə uduzdu
Tarix: 20-12-2018 | Saat: 09:53
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Beynəlxalq Bank məhkəmədə əmanətçilərə uduzdu


Hüquqşünas: “Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi Ali Məhkəmə tərəfindən də qanunsuz hesab olundu”

“Düz bir il davam edən qalmaqallı proses dünən bitdi! Ötən ilin dekabr ayından başlayaraq bu mövzu barədə dəfələrlə yazmışam. İşin qısa mahiyyəti belədir. Ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankı müddətli dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2%-ə endirmişdi. Bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı. Gözdən pərdə asmaq üçün Bank hətta Prezidentin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edirdi. Guya Prezidentin göstərişini yerinə yetirir. Halbuki, əslində sadəcə dövlət başçısının adından sui-istifadə edirdi və Fərmanda belə bir şey yoxdur”.

Modern.az-ın məlumatına görə, bu açıqlamanı hüquqçünas Əkrəm Həsənov verib.

Ə.Həsənov bildirib ki, o, elə həmin vaxt Bankın bu hərəkətini qanunsuz hesab edərək, əmanətçiləri məhkəməyə müraciət etməyə çağırıb:

“Çünki Bankın heç bir halda məhkəmədənkənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur. O da ola fiziki şəxslə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcəsini: Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir. Maliyyə vəziyyətinin pisləşməsi haqda arqument də tam cəfəngiyatdır: dövlətin yardımı nəticəsində Bank ötən ili 806 mln. manat məbləğində xalis mənfəətlə başa vurub.

Minlərlə əmanətçidən (xarici vətəndaşlar daxil olmaqla) yalnız 3 (???) nəfər məsləhətimlə məhkəməyə iddia ilə müraciət etdi. Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn etdi və sadəcə pullarını geri çəkdi (nəticədə bank sistemi itirdi!). Bu ilin mart ayında Nəsimi rayon Məhkəməsi bu şübhələri təsdiq etdi: iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi (guya hansısa sirr açılmalı idi, amma açılmadı!). İclasın qapalı olmasından sui-istifadə edən Bankın nümayəndəsi işin mahiyyətindən deyil, daha çox mənim fəaliyyətimdən danışırdı: məni az qala bank sisteminin düşməni kimi göstərməyə çalışırdı. Mən isə cavabımda o cümlədən deyirdim ki, əksinə, məhz Bankın əməli bank sisteminə etimadı sarsıdır, mən isə onu bərpa etməyə çalışıram.
Hər üç qətnamədən apelyasiya şikayəti verdik. Yayda Bakı Apellyasiya Məhkəməsi apelyasiya şikayətimizi təmin edərək Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi.
Bank qətnamədən kassasiya şikayəti verdi. Dünən hakim Elşanə Vəliyevanın sədrliyi ilə Ali Məhkəmə Bankın ilk iş üzrə şikayətini təmin etmədi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz!
Bank sisteminə etimadın bərpası üçün əhəmiyyətli olan bu qərar həmçinin onu göstərdi ki, hər kəs həmişə haqqını tələb etməlidir. Haqqını tapdalayanın kimliyindən asılı olmayaraq. Ay nə bilim, bankları məhkəmədə udmaq olmur, Beynəlxaq Bank dövlət bankıdır, ona baş qoşmağa dəyməz və s. və i.a. Biz bir daha sübut etdik ki, bu, belə deyil! Qanun, uğrunda mübarizə aparan varsa, Hüquqdur!”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024