Mobil versiya
Sabirabad səhiyyəsi sürətlə inkişaf edir
Tarix: 06-12-2018 | Saat: 17:16
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Sabirabad səhiyyəsi sürətlə inkişaf edir



Bu sahədə uğurla aparılan dövlət islahatları yeni-yeni uğurlara yol açır

Hazırda respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb. Diqqətəlayiq haldır ki, hazırda səhiyyənin sürətli inkişafını təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də müşahidə edə bilirik. Bu gün özünün müasir standartlara cavab verən səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Sabirabaddır.



Səhiyyədə dövlət qayğısı həlledici amildir

Bu gün Sabirabadda Mərkəzi Rayon Xəstəxanası, Təcili-Tibbi Yardım Stansiyası, Regional Perinatal Mərkəz, 30 həkim məntəqəsi və 38 tibb məntəqəsi fəaliyyət göstərir. Rayon Mərkəzi Xəstəxanasının ötən əsrin 70-ci illərində inşa olunmuş binası yararsız vəziyyətə düşdüyündən ölkə Prezidentinin tapşırığı ilə 2012-ci ildə yeni binanın tikintisinə başlanılmışdı. Tikinti işləri ötən ilin oktyabrında başa çatdırılıb. Qeyd edək ki, həmin ilin noyabr ayının 30-da xəstəxananın yeni binasının açılışında prezident İlham Əliyev şəxsən özü iştirak etmişdi.Yeni xəstəxana üçün ayrılmış torpaq sahəsində üç dördmərtəbəli binadan ibarət 205 çarpayılıq xəstəxana kompleksi inşa olunub. Binalar milli memarlıq baxımından da göz oxşayır. Hazırda bu səhiyyə müəssisəsində 558 nəfər tibb işçisi çalışır. Bunlardan həkim 122 nəfər, orta tibb işçisi 436 nəfərdir. Tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili və təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.



Sabirabad səhiyyəsinin uğurlarını peşəkar həkimlər təmin edir

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında Sabirabadın tibb işçiləri də onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətəm də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Sakinlər xəstəxananın baş həkimi Yusif Quliyevdən xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün Sabirabad RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Bir məqamı da qeyd edək ki, Yusif Quliyev Sabirabad RMX-nın baş həkimi vəzifəsinə ötən ilin sentyabr ayında təyin olunub. Bundan əvvəl isə, Y. Quliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra Bakıdakı 9 saylı poliklinikanın müdiri vəzifələrində çalışıb. Lakin aradan hələ az bir müddətin keçməsinə baxmayaraq, Yusif həkim artıq bu vəzifədə sabirabadlıların rəğbətini qazana bilib.



Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir.

aia.az

Elbrus Bağırov
Abbas Abbasov






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024