Mobil versiya
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə beynəlxalq Xəzər İnnovasiya konfransı keçirilir
Tarix: 05-12-2018 | Saat: 17:49
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə beynəlxalq Xəzər İnnovasiya konfransı keçirilir


Bu ilin 4-7 dekabr tarixlərində baş tutan “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.

Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edib.

İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsünü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi irəli sürüb.

Belə bir təşəbbüsə səbəb Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına əsasən, dünya əhalisinin 52%-nin və ya 3,7 milyard insanın hələ də internetə çıxışının olmaması, rəqəmli fərqin aradan qaldırılması və inkişaf edən texnologiyaların tətbiqi üçün qurulacaq və ya təkmilləşdiriləcək infrastrukturun həcminin böyük və bahalı olmasıdır.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təxminlərinə görə, növbəti 1.5 milyard insanın bağlantı ilə təmin edilməsi təqribən 450 milyard ABŞ dolları həcmində vəsait tələb edir.

GSM Assosiasiyasının təxminlərinə əsasən isə, 2020-ci ilədək dünya əhalisinin 4.1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin, ehtimallara görə, 2021-ci ildə “5G” xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq.

Bütün bunlarla yanaşı, Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə rəqəmli bağlantı həlləri biznes dairələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından çox böyük əhəmiyyətə malikdir.

Xəzər İnnovasiya Konfransı da məhz rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.

İlk Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, ilk dəfə təşkil olunan Xəzər İnnovasiya Konfransının mövzusu təsadüfi seçilməyib. Çünki dünyanın müxtəlif regionlarında, o cümlədən Xəzər və Qara dəniz regionu ölkələrində yeni elektron xidmətlərin, innovativ həllərin tətbiqi ilk növbədə dayanıqlı infrastrukturun qurulması və davamlı inkişaf etdirilməsini şərtləndirir. O qeyd edib ki, bunu nəzərə alaraq, builki konfransın mövzusu "Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı" kimi müəyyən olunub.

Nazir bildirib ki, simsiz genişzolaqlı şəbəkələrin dinamik inkişafına baxmayaraq, genişzolaqlı sabit şəbəkələr əhəmiyyətini qorumaqdadır.

“Bildiyiniz kimi, simsiz genişzolaqlı şəbəkələr hələ də sabit şəbəkələrdən daha az trafik daşıyırlar və adətən daha aşağı sürət və etibarlılıq təklif edirlər. Bundan əlavə, mobil datanın artması faktiki olaraq sabit şəbəkələrə tələbatın artmasına səbəb olur. Elektrik və su təchizatı kimi, genişzolaqlı bağlantı infrastrukturu da artıq kritik infrastruktur hesab olunur və Azərbaycan Respublikası Hökuməti ölkədə genişzolaqlı infrastrukturun qurulması, mövcud infrastrukturun təkmilləşdirilməsi və dayanıqlığının təmin olunması istiqamətində davamlı addımlar atır, GPON və LTE texnologiyalarının geniş tətbiqini nəzərdə tutan layihələr həyata keçirir” – deyə nazir vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, görülən işlər sayəsində Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68 faizində kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir.

R.Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2020-ci ilədək 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılmasının nəzərdə tutulduğunu bildirib. “Hazırda bununla bağlı tərəfimizdən texniki hazırlıq işləri həyata keçirilir, həmçinin beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır”.

Nazir deyib ki, aşağı tezlik diapazonunun auksion əsasında LTE xidmətləri üçün ayrılması telekommunikasiya operatorlarının investisiya xərclərini azaldacaq, telekommunikasiya bazarının daha da liberallaşmasına və LTE texnologiyalarının geniş tətbiqinə şərait yaradacaqdır.

O eyni zamanda vurğulayıb ki, Azərbaycan Respublikası Hökuməti region ölkələrində, xüsusilə açıq dənizlərə çıxışı olmayan ölkələrdə genişzolaqlı infrastrukturun inkişafına töhfə verəcək layihələrin təşəbbüskarı qismində çıxış edir.

“Bu məqamda mən təşəbbüskarı olduğumuz və BMT Baş Məclisinin 3 qətnaməsi ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı”, qısaca TASİM layihəsinə xüsusi toxunmaq istərdim. TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honkonq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. TASİM layihəsinin reallaşdırılması Avrasiyada, xüsusilə də açıq dənizlərə çıxışı olmayan ölkələrdə rəqəmsal uçurumun aradan qaldırılmasına xidmət edəcək. Əminəm ki, TASİM və Xəzər İnnovasiya Konfransı kimi təşəbbüslər region ölkələrində rəqəmsal həllərin inkişafına və regional əməkdaşlığa öz töhfəsini verəcək” – deyə nazir əlavə edib.

Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Gul Ayrobi belə mühüm təşəbbüsə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, ölkəsində innovasiya sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib ki, İKT sənayesində innovasiyaların tətbiqi dinamik inkişaf üçün yeni imkanlar açır. Bu gün startaplar dünyanın, eləcə də İranın innovativ inkişafının əsas konturlarını müəyyən edir. Ölkəmdə startapçılar tərəfindən 10 mindən çox tətbiq yaradılıb. “Biz Azərbaycanla mütəmadi olaraq startaplara zəruri dəstəyin göstərilməsi sahəsində birgə əməkdaşlığı müzakirə edirik. Bugünkü tədbirə və Xəzər İnnovasiyalar Konfransının təşəbbüsünə görə təşəkkür edirəm, konfransın davamlı olacağına ümid edirəm və qeyd etmək istəyirəm ki, İran bu beynəlxalq tədbirin işinə dəstək verəcək”.

Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan “Bakutel-2018” sərgisində İKT sektoru üzrə təqdim olunan ən son yenilikləri yüksək qiymətləndirib. O bildirib ki, Türkiyə Azərbaycanda bütün sahələrdəki inkişafı təqdir edir və eləcə də, İKT sektorundakı inkişafı yüksək qiymətləndirir.

“Huawei Technologies” şirkətinin vitse-prezidenti Qreqori Foks öz çıxışında bildirib ki, bu gün bütün dünyada sənaye rəqəmsallaşdırılır. Təşkilatlar, dövlət strukturları bu rəqəmsallaşdırılmanın əsas iştirakçılarıdır. Onun sözlərinə görə, müşahidələr göstərir ki, 2020-ci ilədək dünya iqtisadiyyatı sürətlə inkişaf edəcək.

Daha sonra konfrans “Dayanıqlı inkişafın təmin edilməsində genişzolaqlı bağlantının rolu: çağırışlar və imkanlar” , “Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası” mövzusunda plenar sessiyalarla öz işini davam etdirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024