Mobil versiya
“Bütün özəl universitetləri bağlamaq lazımdır!” - Şeyx Əbdüldən İTTİHAM
Tarix: 31-10-2018 | Saat: 10:16
Bölmə:Təhsil | çapa göndər

“Bütün özəl universitetləri bağlamaq lazımdır!” - Şeyx Əbdüldən İTTİHAM


Rejissor Əbdül Mahmudov – “Mənə tələbələr, rektorla görüşmək olmaz, qadağandır”



“Sovet dövründən qalma köhnə stereotiplərlə maariflənən pedaqoqlar bu gün də həmin stereotipləri poza bilmirlər. Kütləvi surətdə, internet vasitəsi ilə Avropadan inteqrasiya edən, bizə yabançı olan elm və təhsillə qarışırıq. Uşaqlar çaşıb qalıblar. Onlar bilmirlər ki, üzlərini hansı qibləyə tutub “ibadət etsinlər””.



Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış rejissor, Əəəkdar incəsənət xadimi Əbdül Mahmudov deyib.



“Təhsil resepeti” rubrikasının budəfəki həmsöhbəti olan rejissor Azərbaycan təhsil sistemindəki çatışmazlıqlar haqqında danışarkən xalqımızın bugünəcən imza atdığı əsas uğurları da vurğulayıb. Onun sözlərinə görə, dünyada ilk sivilizasiyanı, mədəniyyəti bizim xalq formalaşdırıb. İllər əvvəl bir misrada deyilənlər də bunu təsdiq edir:



“Gedin bütün dünyanı axtarın, görün, hansı xalqın dahi şəxsiyyəti Nizami Gəncəvinin dediyi iki misra səviyyəsində bir söz deyib?!

O hələ o vaxt deyirdi ki:


“Qüdrət elmdədir, başqa cür heç kəs

heç kəsə üstünlük eyləyə bilməz!


Qədim Şumerlər 5-7 min il əvvəl bir dil bilənə bir, iki elmi olub, iki dil bilənə isə iki şəxs kimi baxırdılar. Belə dəyərləri olan, öz mədəniyyəti, elm və sənətinə qiymət verən xalq həmişə təhsili diqqətdə saxlayır.

Amma məni narahat edən bəzi məsələlər var və bir az onlardan danışaq...



“Uşaqlarımızı ağır informasiya, kitablarla yükləyirik, hamısının onurğası əyridir”


Rejissor qeyd edib ki, bizdə bütün dünyaya yetəcək qədər ədəbi, mədəni, tarixi materiallar var, lakin.... Gerisini özündən eşidək:



- Bilməmək, savadsızlıqdan, bəlkə də maarifçi olmamağımız səbəbindən, onları yaxşı tədqiq etmirik. Onları kənara qoyub daha ucuz və yüngül şeylərə gedirik. Burada bəzən, şəxsi münasibətlər də rol oynayır. Bununla o möhtəşəm xətti qırıb cılızlaşdırırıq. Bu qədər dəyərləri formalaşdırıb təbliğ edən xalqın bəzi şəxsi münasibətlərdən irəli gələn cılız məsələlərə nə ehtiyacı var?! Uşaqlarımızı ağır informasiya, kitablarla yükləyirik. Hamısının onurğası əyridir.

Təəssüf ki, əksər müəllimlər soy-kökümüzdən, dəyərlərimizdən xəbərsizdirlər. Elə əvvəllər oxuduqları, Sovet sistemindən gələn təhsilləri ilə bu gün də işləyirlər.

Dünyanın 7 səsi deyilən not sistemi var. Bütün dünya klassika və musiqisi bunun üzərində formalaşıb. Dünya bilmir ki, bunu icad edən 1000 il əvvəl bizim babalarımız olub. Bu işin başında Şeyx Səfiyyəddin Urməvi durub. Ondan sonra Əbdülqadir Marağayi notları oraya əlavə edib. Musiqi, mənəviyyat tariximizlə bağlı bu faktlar niyə dərsliklərə salınmır?!

Şifahi xalq yaradıcılığı, musiqimiz var. Təəssüf ki, Sovet dövründən qalma köhnə stereotiplərlə maariflənmiş pedaqoqlar bu gün də həmin stereotipləri poza bilmirlər. Kütləvi surətdə, internet vasitəsi ilə Avropadan inteqrasiya edən, bizə yabançı olan elm və təhsillə qarışırıq. Uşaqlar çaşıb qalıblar. Onlar bilmirlər ki, üzlərini hansı qibləyə tutub “ibadət etsinlər”. Bunlara işi bilən adamlar nəzarətə etməlidirlər.



“Şeyxanə təklif”


Ə. Mahmudovun fikrincə, ağsaqqallardan, elm sənət, mədəniyyət xadimlərindən ibarət məsləhət şurası yaradılmalıdır. İcmai qınaq olmalı, dərsliyə düşən hər mövzu mütləq böyük müzakirədən keçdikdən sonra çap olunmalıdır:



“Biz kənardan gələn bahalı maşın, dəbdəbəli həyat tərzindən imtina etmirik. Bu, belə olmamalıdır, dünya mədəniyyətinə açıq olmalıyıq. Amma öz soy-kökümüzü gözləyib orta hədd tapmaq şərti ilə! Ən qəbul olunan variantı tapmalıyıq. Bəzi dəyərlər bizim ruhumuza, soy kökümüzə uyğunlaşdırılmalıdır”.



“Tanış-bilişin mənasız kitabını nə qədər almaq olar?!”



Təhsildə keçmiş milli dəyərləri üstün tutan rejissor kurikulum üsulunu dünya təcrübəsi ilə müqayisə edib:


-Bizimkilər guya xaricdən nümunə götürürlər. Axı, 5 yaşlı uşaq nə dərs oxuya bilər?! Bu, onun fiziki, əqli şüuru baxımından mümkün deyil! Mən yapon təcrübəsini misal gətirmək istəyirəm. Orada da şagirdləri məktəbə 5 yaşından qəbul edirlər. Amma onları dərsə deyil, məktəbə qəbul edirlər. Məktəbdə böyük kompüter sistemi yaradırlar. Orada mütəxəssislər hər sinfi bir sahə üzrə dizayn edirlər. Birini dülgər, birini qrafika, kompüter, birini mexanika işləri və s. kimi uyğunlaşdırırlar. Hər gün uşaqları ora gətirir, onlara nəzarət edirlər. Onları 5-6 ay nəzarətdə saxlamaqla hansı sahəyə can atdığını, istəyinin hara olduğunu müəyyənləşdirirlər. Məktəb yaşı çatanda uşağı həmin sahə üzrə məktəbə qəbul edir, dərs keçirlər.

Niyə biz kurikulumu tətbiq edirik bunu isə yox! 5 yaşlı uşağı çanta yükləyirik. Valideynləri də şikəst olub, özləri də... Nə qədər tanış-bilişin kitabını almaq olar?! Mənasız kitablardır. Mənim evimdə onlardan bir “meşok” var. Kimə lazımdır axı?! Dünya təcrübəsində orijinal, öyrəniləsi şeylər var. Biz onları kənara qoyub, sol qulağımızı başımızın üstündən sağ əlimizlə tuturuq. Dünyanın ən dəhşətli silah, siyasət, ideologiyasından da vacib, əlamətdar şey bizim təhsilimizdir!



Daha bir narazılıq


Bir neçə dəfə Təhsil Nazirliyinə getmək istəsə də, müəyyən səbəbən məqsədinə çatmadığını deyən rejissor, Açıq qapı günlərinin olmasının tərəfdarıdır:



“Gedib, mühafizəyə deyirəm ki, mən Xalq artisti, Dövlət Mükafatı Laureatıyam, sənin yanına gəlməmişəm. Amma içəri buraxmırlar! Ümumiyyətlə, Nazirlik və məktəblərdə həftədə iki dəfə Açıq qapı günü olmalıdır”.



Əbdül Mahmudov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki təhsildən söz açıb:



“Orada təhsil sistemi tam başqa cür formalaşmalıdır. Mən konkret olaraq rejissor-aktyor fakültəsini nəzərdə tuturam. Orada peşəkar insanlar dərs deməlidirlər. O gün Rejissorluq fakültəsində səlahiyyətli bir adamın adını çəkdilər. Mən ömrümdə elə rejissor tanımamışdım. 60 ildir, bu sahədəyəm. Bu gün Azərbaycanın üzdə olan aktyorları bir vaxtlar mənim tələbələrim olublar, amma o adda rejissor tanımadım. Əgər bu adam rejissor deyilsə, fakültəyə necə rəhbərlik edə bilər?!

Oradakı struktur dəyişikliyindən sonra yeni rektor Ceyran xanım komandanı necə formalaşdıracaq, təhsil sistemini necə yenidən quracaq, bilmirəm! Min dəfə demişik ki, aktyor-rejissor fakültəsinin imtahanları testlə olmamalıdır”.



“Bu gün Azərbaycanda kütləvi surətdə gülməli artist “istehsal olunur””


Rejissor bildirib ki, İncəsənət Universitetinin tələbələri ilə görüşmək istəsə də, buna nail ola bilmir:



“Mənə tələbələr, rektorla görüşmək üçün İncəsənət Universitetinə getmək olmaz, qadağandır. Biz, barmaqla sayılacaq qədər qalmışıq. Moskva, Azərbaycan dahi sənətkarlarının təhsilini görən adamlarıq.

Əksinə, bizi oraya çağırıb məsləhət etməlidirlər. Mən 50 ilin möhtəşəm təcrübəsinə sahib pedaqoqam. Rusiyada təhsil almış, böyük Yeqerov, Tarkovski, Adil İsgəndərov, Təhmasib, Seyidbəyli, Tağızadənin məktəbini görümüşük. 17 ilə qədər kinoaktyor stusiyasına rəhərlik etmişəm. Bu müddət ərzində Fuad Poladov, Telman Adıgözəlov, Vaqif Mustafayev və digərləri elə bizim kursun məzunları olublar. İndi istəyirəm ki, həftədə bir dəfə gəlib Rejissorluq, Aktyorluq fakültəsinin tələbələri ilə heç bir maddi maraq güdmədən görüş keçirim. Onlara başa salım ki, aktyor, rejissor sənəti nədir və onu hansı müstəvidə hazırlamaq lazımdır.

Təqlidçiliklə aktyor hazırlamaq olmaz. Pedaqoqun müqəddəs borcudur ki, Allahın verdiyi istedadı tələbədə kəf edib, formalaşdırıb, istiqamət versin. Bu sənətin mahiyyəti budur. Amma bizdə təqlid tələb edirlər. Axı, bu adamların öz teatr xidməti yoxdur. Özün düz-əməlli aktyor olmayandan sonra, səni yamsılayan tələbə nə olacaq? Ona görə də bizdə hamı gülməli artistliyə qaçır. Onu bunu yamsılamaq, qadın geyimi geyinməklə hamı gülməli artist olur. Bu gün Azərbaycanda kütləvi surətdə gülməli artist istehsal olunur”.



Onun sözlərinə görə, hazırda aktyorların mütaliəsi də çox aşağı səviyyədədir:



“Bunu aradan qaldırmaq üçün ilk növbədə 6 aya yaxın tələbələrin ancaq intellektual səviyyəsini inkişaf etdirmək, müasir klassik poeziyamıza analitik yanaşma tərzini formalaşdırmaq lazımdır. Onda kimin nəyə qadir olması üzə çıxacaq. Bu, sənətdir. Kimsə Azərbaycanı çapıb talayıb pul qazanmaqla sevdiyi qız üçün kino çəkir. Kimin maddi imkanı, bahalı maşını varsa, onu filmə çəkirlər. Seriallarda heç bir sənət, mədəniyyət yoxdur”.



Tanınmış rejissor bəzi müəllimlərin özlərini inkişaf etdirməmələrinin səbəblərini izah edib:



“Bunun kökündə öncə qeyri-peşəkar təhsil sistemi durur. İkincisi isə maddi məsələlərdir. Karl Marks deyirdi ki, maddiyyat bəzən insanın mənəviyyatını da həll edir.



Şagirdlərin repetitor yanına hazırlığa getmələrinə isə rejissor fərqli mövqedən yanaşıb:



“Valideyn nə etsin? Bir sinifdə 40 uşaq var. O boyda kitabları daşıyan uşaq nəfəsi kəsilə -kəsilə gəlib məktəbə çıxır. Dərs başlayan kimi də bitir. Dərsliklərə baxıram, onlardan ağlım heç nə kəsmir. Bunu görən valideyn məcburdur ki, öz maddiyatından kəsib. övladlarına əlavə müəllim tutsun. Çox qəribədir ki, kənar, məktəbdə dərs deməyən müəllimlər dərs deyən müəllimlərdən daha hazırlıqlı, məsuliyyətlidirlər.

Çünki onların maddi marağı var. Yalnız bir şeydə fanatik olmaq olar: vətənpərvərlikdə. Başqa sahələrdə vəziyyət elə deyil. İnsan faktoru, ailə, güzəran məsələləri var. Belə məsələlərdə fanatik deyil, praktik olmaz lazımdır”.



“Həmişə bunu dediyimə görə məndən zəhlələri gedir”


Ali təhsil sistemindənki problemlərdən söz açan rejissor, özəl universitetlərin bağlanmasını təklif edib:



“Özəl universitetin mahiyyətini hələ də başa düşə bilmirəm. Əgər dövlətin universitetləri varsa, özəl nəyə lazımdır? Bakını tıxac ediblər, nəfəs almaq olmur. Yazıq kəndlilər bir-birinin həvəsinə mal-qarasını satırlar ki, mənim də övladım gedib Bakıda oxusun. O uşaq niyə Bakıda oxumalıdır? Universitetləri rayonlarda yaradaq. Tələbə gəlib 4 il Bakıda avaralanır. Kəndli boğazından kəsib övladına göndərir. 4 ildən sonra məlum olur ki, nə uşaq var, nə də mal-qara. Budur faciəmiz!

Sovet vaxtında hər respublikada bir universitet olurdu. Qalan hamısı institutlar idi. İndi hamısı özəl universitet adını alıb. Niyə bütün universitetlər Bakının mərkəzindədir?! Bütün normal ölkələrin tələbə şəhərcikləri var. Şəhərdən kənarda yerləşsə də, orada hər şərait var. Tələbə 200-300 minlik “Galenvagen”, müəllim isə metro ilə dərsə gəlir. Özəl universitetlərə son qoyulmalı, ali təhsil müəssisələri şəhərdən çıxmalıdırlar. Bunların hamısı ideologiyaya bağlanır. Kökündə isə elm, sənət və təhsil durur. Peşəkar, canı yanan insanlar bu işlərlə məşğul olmalıdırlar”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024