Mobil versiya
Mərkəzi Elmi Kitabxana – milli sərvətimizin qorunduğu xəzinə
Tarix: 09-10-2018 | Saat: 14:03
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mərkəzi Elmi Kitabxana – milli sərvətimizin qorunduğu xəzinə




Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının struktur bölməsi kimi fəaliyyət göstərən Mərkəzi Elmi Kitabxana (MEK) kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Zəngin tarixə malik Mərkəzi Elmi Kitabxana AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. AMEA MEK Akademiya sistemindəki 27 kitabxananın fəliyyətini istiqamətləndirən metodiki mərkəzdir.

Tarixin səhifələrindən:




Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur. 1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923-1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963-1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana (MEK) adlanır.

Əsas məqsəd və vəzifələr

Mərkəzi Elmi Kitabxananın (MEK) məqsədi Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunmasıdır. MEK və MEK-in tərkibində fəaliyyət göstərən İnformasiya resursları mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərir.




MEK əsas fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 №-li Fərmanı və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 – 2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifə və öhdəliklər ilə uzlaşdırır. Bu sırada informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği, dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın artırılması, informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi və tətbiqi kimi vəzifələr ön plana çıxır.

2015 – dönüş nöqtəsi

Məlum olduğu kimi, 2014-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə MEK-in sabiq direktoru tutduğu vəzifədən azad edilmiş, Rəyasət Heyətinin digər qərarı ilə isə, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub. Artıq 2015-ci ildən isə, Leyla İmanova bu vəzifəyə təsdiq olundu. Etiraf etmək lazımdır ki, əksər mütəxəssislər, eləcə də kitabxananın istifadəçiləri məhz bu təyinatdan sonra MEK-in fəaliyyətində bir çox yeniliklərə doğru kəskin dönüş olduğunu qeyd edirlər.




Həqiqətən də 2015-ci il Mərkəzi Elmi Kitabxananın həyatında bir çox əhəmiyyətli hadisələrlə səciyyələndi. Azərbaycan Respublikası prezidentinin 29 aprel 2011-ci il tarixli Sərəncamı ilə inşa edilmiş və iştirakı ilə istifadəyə verilmiş yeni binada MEK fəaliyyətini davam etdirdi. MEK-in yeni Nizamnamə və Strukturu təsdiq olundu. Kitabxana fondlarında saxlanılan kitabları AMEA-nın əsas binasından MEK-in yeni binasına köçürdü. MEK Milli Rəqəmsal Yaddaş layihəsini reallaşdırmağa, Vahid İdarəetmə Proqramının hazırlanmasına başladı. Məhz həmin ildən etibarən MEK-də Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tədbirlər keçirildi. Yenə də 2015-ci ildə “Akademkitab” satış mərkəzi MEK-in tərkibinə daxil edildi. Eyni zamanda MEK-in tərkibində İnformasiya resursları mərkəzi (İRM) yaradıldı. İRM-in ən ümdə vəzifəsi kitabxana – informasiya proseslərinin avtomatlaşdırılması, MEK üçün strateji əhəmiyyət kəsb edən informasiyanın toplanılıb saxlanılması, gələcək nəslə çatdırılması və Azərbaycan elmi ictimaiyyətinin informasiya təminatının ödənilməsidir. Həmçinin ötən dövr ərzində bir sıra görkəmli mütəfəkkir, dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçıların yubileylərinə həsr olunmuş tədbirlər çərçivəsində yubilyarların əsərlərindən ibarət materiallar sistemləşdirilərək rəqəmsallaşdırılıb, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib, materialların rəqəmsal və çap formatda sərgisi hazırlanaraq nümayişə qoyulub. Daxil olan informasiya vahidlərinin konveyer üsulu ilə komplektləşdirilməsi, kataloqlaşdırılması və fondların mühafizəsi bölmələrinə sistem şəklində hərəkəti təmin edilib.

Kitabxana hazırda 1 mln 330 mindən çox informasiya resursu, 14 oxu zalı, avtomatik qeydiyyat avadanlıqları, elektron kataloqlar, sistemləşdirmə avadanlıqları və istirahət guşələri ilə təmin olunub.



aia.az

Orxan Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024