Mobil versiya
Si Cinpin: Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq
Tarix: 11-12-2015 | Saat: 19:19
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Si Cinpin: Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq

Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin dekabrın 10-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib ki, uzun illərdir, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: "Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var. Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu Sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq.

Cənab Prezident, mən ikitərəfli münasibətlərin inkişafında yüksək dinamikanı daim saxlamaq üçün Sizinlə bərabər işgüzar əlaqələri fəallaşdırmağa hazıram. Bir neçə gün bundan əvvəl Azərbaycanda, Xəzərdəki neft mədənində yanğın baş verib, ciddi tələfat olub. Cənab Prezident, bununla əlaqədar, fürsətdən istifadə edib, Çin Hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək, habelə Sizinlə həmrəy və kədərinizə ürəkdən şərik olduğumu bildirmək istərdim".

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını dedi. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini bildirən Çin Xalq Respublikasının Sədri ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd etdi. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı. Si Cinpin Çinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da dəstəkləyəcəyini vurğuladı.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Sian şəhərində olduğunu xatırladan Çin Xalq Respublikasının Sədri İpək Yolunun başladığı Sianın onun doğma şəhəri olduğunu qeyd etdi. Si Cinpin İpək Yolu üzrə iqtisadi zolağın yaradılması layihəsinin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırdı. O, bununla bağlı bu gün imzalanacaq sənədin bu sahədə əməkdaşlığımızda yeni səhifə açacağını vurğuladı.

Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyasının olduğunu vurğulayan Si Cinpin ölkəmizin böyük fəaliyyət planı qurduğunu, Çinin də öz perspektivlərini müəyyənləşdirən böyük planlar üzərində işlədiyini qeyd etdi. Bildirdi ki, hazırda Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları sahələrində və digər sahələrdə uğurla fəaliyyət göstərir. Bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Maliyyə sahəsində də əlaqələrin perspektivlərinin olduğunu deyən Çin Xalq Respublikasının Sədri Asiya İnfrastruktur İnvestisiyaları Bankı ilə əməkdaşlığın əhəmiyyətini, həmçinin nəqliyyat, sənaye sahələrində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd etdi. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırdı. Çin Xalq Respublikasının Sədri xalqlarımız arasında humanitar, mədəniyyət sahələrində əməkdaşlığın, parlamentlərarası əlaqələrin, gənclər təşkilatlarının əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü vurğuladı. O, dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir vaxtda Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın regionda çox böyük rol oynayacağını söylədi, ölkələrimizin hüquq mühafizə orqanlarının bu cür hallara qarşı mübarizəni genişləndirməsinin önəmini qeyd etdi.

Beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlığımızın olduğunu deyən Çin Xalq Respublikasının Sədri ölkələrimizin bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğuladı. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edən Sədr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulmasının önəmini diqqətə çatdırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024