Mobil versiya
Şair, qayalara, dağlara söykən! - Musa Yaqubun evindən reportaj
Tarix: 23-07-2018 | Saat: 15:53
Bölmə:Manşet / Ölkə / Seçilənlər-7 | çapa göndər

Şair, qayalara, dağlara söykən! - Musa Yaqubun evindən reportaj



Ay Aqil, səni Zakirdən soruşmuşam


Açığı bu mənim həm Buynuz kəndinə, həm də Musa Yaqubun evinə ilk səfərim idi. "Ədalət”çilər olaraq şairin ziyarətinə gəldik. Buynuza daxil olduq. Sağı-solu meşəlik olan yolla Musa Yaqubun evinin qarşısına çatdıq. Avtobusdan düşəndə içimdə qəribə bir həyəcan var idi. Düzdür, şairlə Bakıda bir dəfə görüşmüşdüm. Amma onun evində olmamışam axı. Mənim üçün bu dahi şairin ayaq basdığı, yaşadığı, yazıb-yaratdığı evə gəlmək xoşbəxtlik idi.

Qapısı açıq idi evin. Deyəsən, şairin qapısı gəlimli-gedimlidir deyə açıq qalıb. Bəlkə də şeirlərindən də əlavə elə bu qapının açıqlığı şairi hamımıza sevdirə bilib. Bir-bir içəri daxil olduruq. Həyətdə bizi şairin oğlu Şəhriyar qarşılayır.

Həyət də, ev də şair üçün əsl şeir mənbəyidir. Elə bəlkə də şairin şeirlərindəki təbiət və insan əlaqəsi də məhz bu evdən, həyətdən doğulub.

Şəhriyar bəy bizi evə dəvət edir. Aqil Abbas başda olmaqla hamımız arxasınca evə daxil oluruq. Şair bizi görcək yerindən qalxır. Hiss elədim ki, onu yatan halda görməyimizi istəmir. Aqil müəllim şairi salamlayır, üzündən, əlindən öpür.



- Hər həftə şeirlərinizi "Ədalət” qəzetində çap edirik.

Musa Yaqub zəif bir səslə "Sənə zəng vurmuşdum, açmadın” deyir.

- Şair, vallah, zəngin mənə gəlib çatmayıb. Bizim evdə bir az şəbəkə zəifdir. Zakir mənə zəng elədi, dedi ki, Musa Yaqub sənə zəng vurub. Sonra mən də sənə nə qədər zəng elədim, açmadın. Bax, indi durub ziyarətinə gəlmişik. Bu gördüyün adamlar hamısı "Ədalət”çilərdir.

Şair qırıq səslə "Sənin gəlişini elə gözləyirdim ki, Aqil...” deyir və bir neçə dəfə təkrarlayır.



Aqil müəllimlə şairin söhbəti yadıma bir şeyi salır. Məmməd Araz ömrünün sonlarında verdiyi telemüsahibələrin birində Musa Yaqubu ən yaxşı şairlərdən biri kimi təqdim edir və onu qorumağı, qədrini bilməyi tövsiyə edir. İçimdə əmin oldum ki, Məmməd Arazın ruhu şad oldu.

Sonra Aqil müəllim bizim qızları, Tahirəni, Tünzaləni göstərib deyir:

- Bax, yanına qəşəng qızlar da gətirmişəm. Hamısı sənin qulluğundadı.



Hamımız gülüşürük, şair bir az həyəcanlanır, qımışır...pörtür. 80 yaşı haqlayan bir uşaq kimi.

Şairi görmək o qədər böyük sevinc idi ki, bu görüşü hamı əbədiləşdirmək istəyirdi. Hamı Musa Yaqubla şəkil çəkdirməyə can atırdı. Sözlə təbiətin şəklini çəkən şairlə şəkil çəkdirmək, elə təbiətin özü ilə şəkil çəkdirmək kimidi.



Şairin otağında sevinclə kədər bir-birilə qaçdı-tutdu oynayır. Bu qaçdı-tutduda dünyasını dəyişmiş yazıçı Eyvaz Əlləzoğlunun nəvəsi Ceyran xalçanın üstündə babasına tərəf iməkləyir. İçimdən bir paxıllıq hissi də keçdi körpəyə qarşı.



İş yoldaşlarımızdan biri şairin önündə dizi üstə oturanda duruxdum. Əlindəki telefonu, telefonla şəkil çəkməyi görməsəydim elə biləcəkdim ki, namaz qılmağa hazırlaşır. Adındakı müqəddəslik, şeirlərindəki səmimilik onun ətəyində namaz qılmağa bəs edir.

İsmayıllı mənim də ana-ata yurdumdur. Bu yurdun şairləri azdır, amma bircə Musa Yaqub bəs edir ki, hamını əvəz etsin. Açığı onunla şəhərdəki görüşümüzdə şeir oxumağa çəkinirdim. Amma oxumuşdum. Bəyənmişdi! Bundan gözəl nə ola bilər ki?! İndi Musa Yaqubun taqətsizliyini görmək necə kədərlidirsə, gözəl şeirləri bir o qədər xoşbəxt talehlidir! Çünki şair Poeziyamızı zənginləşdirə, şeiri insanlara sevdirə bildi.



Çox maraqlıdır ki, şairin böyrəyindəki daşları əməliyyatla çıxarılan zaman aralarından göy rənglisi də çıxıbmış. Bu mənə müsahibələrinin birində məlumum olmuşdu. Oxuyanda "bu dünyanın qara daşını bilmirəm, Musa əminin daşlarından bir-ikisi göyərib” deyib gülümsəmişdim.

Açığı şairi belə görmək məni çox kədərləndirdi. Oğuzla, Sübhanla həyətə siqaret çəkməyə çıxdıq. Oradansa qapının ağzına. Sayları 15-20 arası buzovlar keçirdi qarşımızdan. Necəsə oldu, buzovlardan üçü şairin evinin darvazasından içəri girdi. Nə qədər "ho, ho” elədik, dayanmadılar. Sonra birtəhər çıxartdıq buzovları həyətdən. Sübhana dedim ki, görürsən də, illərdir şeirlərində bu təbiəti əks etdirən şairə təbiətin özü də necə mehribandı. Gülü də, çiçəyi də, arısı da, buzovu da. Elə bil, buzovlar da şairi görməyə can atırdı.

Sonra yenidən içəri daxil olduq. Şəhriyar bəylə söhbətləşməyə başladıq. O, öz dərdini bizə danışırdı.



- Şükür ki, indi bir az yaxşılaşıb. Əlimizi üzmüşdük. Yeni doğulan körpəyə də onun adını verdik. Heyf ki, biz insanların qədrini ya xəstə ayağında olanda , ya da öləndən sonra bilirik.

Şəhriyar bəyin üzündə də kədərlə sevinc qaçdı-tutdu oynayırdı. O həm sevinirdi ki, atasının ziyarətinə bu qədər insan gəlib, həm də atasının taqətsizliyinə görə kədərlənirdi.

Onunla söhbətimizi tamamlayıb yenidən evə daxil olduq. Musa Yaqubun elə bir siması var ki, onda ağacların qocalmasını, saçlarında yarpaqların tökülməsini, gözlərində Günəşin yavaş-yavaş batmağını görmək olur. Və o, aözını açıb bir bənd şeir deyəndə simasındakı ağac ifadəsi cavanlaşır, yenidən yarpaqlayır.

Biz içəri girəndə Aqil müəllimlə Tahirə şairin qoluna girib onu ayağa qaldırmaq istəyirdilər. Ki, həyətə çıxarsınlar və sağollaşıb gedək. Amma nə qədər etdiksə, şairin gücü çatmadı. Və onların əlini buraxıb özünü divana atdı.



Və dedi:

- Çox təəssüflənirəm.

Bu Musa Yaqubun o böyük şairin qonaqlarını yola sala bilməmək, taqətsizlik təəssüfü idi.(adalet.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024