Mobil versiya
İsmayıllı – inkişafda əks olunan həqiqətlər
Tarix: 09-04-2018 | Saat: 14:06
Bölmə:Manşet / Ölkə / Seçilənlər-4 | çapa göndər






Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də İsmayıllı rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm yerli ictimaiyyət, həm də ölkə rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.
Əlbəttə ki, İsmayıllının iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündəhəm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur.


Qısa arayış:

Sadıqov Mirdaməd Mirsadıq oğlu 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirib.
1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun (Azərbaycan Maliyyə-İqtisad Kolleci) direktoru olub. 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib. 2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. İqtisad elmləri doktoru, professordur. 14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir.

Təbii ki, hər hansı bölgədə iqtisadi inkişafdan danışarkən, ilk növbədə həmin rayonun iqtisadi göstəricilərinə nəzər salmaq lazımdır. İsmayıllıda 2017-ci il ərzində görülmüş işlər, əldə olunmuş nəticələr isə, sözün əsil mənasında ürək açır. İlk növbədə qeyd olunmalıdır ki, rayon rəhbərliyi 2017-ci ildə inkişafa sürətləndirmək, rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq kimi məsələləri prioritet istiqamətlər olaraq müəyyənləşdirməklə yanaşı, icra orqanlarının fəaliyyətinidövlət başçısının tövsiyə və tapşırıqlarının, Fərman və Sərəncamlarının icrasına yönəltmiş və bu istiqamətdə müsbət nəticələr əldə edə bilmişdir.
Məlum olduğu kimi bu gün İsmayıllı rayonunun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir ki, bu sahə də iki mühüm istiqamətdə - bitkiçilik və heyvandarlıq sahələri üzrə inkişaf etdirilir.

Bitkiçiliyin inkişafı təmin edilir. Taxılçılıqda rekord nəticə əldə edilib


İsmayıllı – inkişafda əks olunan həqiqətlər

2017-ci ilin məhsulu üçün ötən ilin payızında 29028 hektar sahədə payızlıq dənlilər, 2017-ci ilin yazında isə 4347 hektar sahədə yazlıq bitkilər olmaqla 33375 hektar sahədə əkin aparılmışdır. Bu da əvvəlki illə müqayisədə 123 hektar çoxdur.
Rayonun taxılçı fermerləri tərəfindən 29954 ha sahədən 106643 ton məhsul əldə edilmiş, hər hektardan 35,6 sentner məhsuldarlığa nail olunmuşdur. Taxıl istehsalı 2017-ci ildə əvvəlki illə müqayisədə 4398 ton artmışdır. Bu, respublika üzrə məhsul istehsalına görə dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında rekord göstəricidir.

Tütünçülüyün və baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır





2017-ci ildə İsmayıllıda 15 ha sahədə tütün əkini aparılmış, 27100 kq qurudulmuş tütün məhsulu Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-yə təhvil verilmişdir. Bu da əvvəlki illə müqayisədə 23702 kq və ya 8 dəfə çoxdur.
May ayında “Şəki İpək” ASC-dən 120 qutu barama gətirilərək kümçülərə paylanılmış və bu sahə ilə məşğul olan 50 ailə 2849 kq barama təhvil verərək 1 ay müddətinə 24438 manat gəlir əldə edə bilmişdir.

Meyvə-tərəvəz istehsalçıları üçün stimullaşdırıcı amillər gücləndirilir



Rayon üzrə 2017-ci ildə əvvəlki illə müqayisədə 23 hektar artıq olmaqla 917 hektarda kartof və 9 hektar artıq olmaqla 818 hektarda tərəvəz bitkilərinin əkini aparılmışdır. İsmayıllı fermerləri 2016-cı illə müqayisədə 2017-ci ildə 673 ton cox kartof və 115 ton cox tərəvəz məhsulları istehsalına nail ola bilmişlər. Əvvəlki illə müqayisədə 17 ədəd istixana artırılaraq sayı 78-ə çatdırılmışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə 7662 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 26401 hektar əkin sahəsinə görə 1 milyon 998 min 650 manat yardım verilmişdir.
2016-cı ilin payızı və 2017-ci ilin yaz və payız mövsümündə 1026.7 hektar sahədə yeni fındıq bağları salınmışdır. Hazırda bu işlər davam etdirilir.
2017-ci ilin yaz və payız mövsümündə rayon ərazisində 82 ha alma, 7 ha armud, 4 ha gavalı, 14 ha gilas, 8.8 ha şaftalı, 78 ha qoz, 51 ha badam və 1 ha moruq bağı salınmışdır. Əlavə 6.9 ha sahədə xaricdən gətirilmiş ting hesabına intensiv qoz bağının salınması üçün bütün hazırlıq işləri başa çatdırılmışdır.
985.9 hektar üzüm bağından 2559.7 ton məhsul toplanmışdır.
“Aqroservis” ASC-nin İsmayıllı rayon bölməsi balansında olan texnikaların istismarına görə dövlət büdcəsinə 79475 manat vəsait köçürmüşdür.
Toxumçuluq təsərrüfatları 668.8 hektar sahələrdən 11565 sentner yüksək reproduksiyalı buğda və arpa toxumları istehsal etmiş, onlara 74380 min manat subsidiya verilmişdir.

Heyvandarlıq üzrə də yüksək nəticələr əldə olunub. Ət, süd, yun və yumurta istehsalında göstəricilər artır




01 yanvar 2018-ci il tarixə rayon üzrə 51709 baş iri buynuzlu, (ondan 24082 baş ana mal), 180620 baş xırda buynuzlu heyvan, 278100 baş quş və 7123 arı ailəsi vardır. İl ərzində rayon üzrə 5359 ton diri çəkidə ət, 34936 ton süd, 9 milyon 551 min ədəd yumurta, 398 ton yun istehsal olunmuşdur. Beləliklə əvvəlki illə müqayisədə rayon üzrə 32 ton ət, 45 ton süd, 304 min ədəd yumurta və 1 ton yun artıq istehsal olunmuşdur. 3634 baş iribuynuzlu qara malda süni mayalanma aparılmış, nəticədə 1574 baş yüksək məhsuldarlıq göstəricilərinə malik cins buzov və balaq alınmış, 916 heyvan sahibinə 103 min manat subsidiya ödənilmişdir.
01 yanvar 2017-ci il tarixə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 92529,5 min manat təşkil etmişdir ki, bunun 48514,1 min manatı bitkiçilik məhsullarının, 44015,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür ki, bu da keçən illə müqayisədə 12408,6 min manat çoxdur.

Arıçılar da öz mövqeylərini möhkəmləndirirlər



Rayonda arı ailələrinin sayı 7123-ə çatdırılmışdır ki, bu da keçən illə müqayisədə 83 arı ailəsi çoxdur. Son illər Bakı şəhərində keçirilən Respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.

Əsaslı tikinti, təmir və abadlıq-quruculuq işlərinin həcmi artır



Son illərdə olduğu kimi, 2017-ci ildə də ilin ilk rübündən başlayaraq dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmiş, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar, eləcədə asfalt örtük vurulacaq küçələrin sxemi hazırlanmışdır. Bu il rayonun Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılmış, bazar yaxınlığındakı “Saat meydanı”nın ətrafında şəhərin Baş planına uyğun olaraq abadlıq işləri davam etdirilmişdir. Əbülhəsən Ələkbərzadə küçəsində insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə piyada səkilərinin və yolun əks tərəfində velosiped yolunun tikintisinin bir hissəsi başa çatdırılmışdır. Ümumilikdə 2400 p/m səki tikilmiş, M.F.Axundov və Nizami küçələri işıqlandırılmışdır. Qeyd edim ki, sözügedən ərazidə abadlıq işlərinin davam etdirilməsinə ehtiyac vardır. Bu istiqamətdə görüləcək işlər bu ilin tədbirlər planında nəzərə alınmışdır. İsmayıllı şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında abadlıq işləri aparılmış, 2200 kvadratmetr sahəyə döşəmə daşları düzülmüş, ətrafında qazon və gül kolları əkilmişdir.
Ölkə Prezidentinin 11 avqust 2016-cı il tarixli, 2269 saylı sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına 2017-ci ildə İsmayıllı şəhərində 31 ictimai yaşayış binasında təmir işləri aparılmışdır.

Əhalinin işsizliyinin azaldılması məqsədi ilə İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində 170 nəfər toxucu işləyə biləcək xalça müəssisəsinin tikintisi başa çatdırılmışdır.
Kürdmaşı kəndində yaradılacaq aqroparkın birinci mərhələsi çərçivəsində tikintisi 2017-ci ildə başa çatdırılmış, ümumi tutumu 2200 ton olan meyvə-tərəvəz saxlanılması üçün soyuducu anbar binası tikilərək istismara verilmişdir. Aqropakın digər sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.“Bədo” əlillərin reabilitasiya və bərpa istirahət-sanatoriya mərkəzinin tikintisi aparılır.

İsmayıllı şəhərinin H.Əliyev prospektində 5 mərtəbəli, 3 ulduzlu yeni otel binasının tikintisi davam etdirilir.Heydər Əliyev prospektində təmir işləri, Manaf Süleymanov, Mübariz İbrahimov, Vahab Osmanov, Mikayıl Müşfiq, Salatın Əsgərova küçələrində asfaltlanma işləri aparılmışdır.2017-ci ildə rayon ərazisində 109 yaşayış evinin inşasına razılıq verilmiş, 88 yaşayış evində aparılan yenidənqurma işləri sənədləşdirilmiş, 8 obyektin istismarına icazə sənədi verilmişdir.

Rayonda yeni iş yerləri açılır



Diqqətəlayiq haldır ki, bu İsmayıllı RİH-nin rəhbərliyi tərəfindən daima diqqət mərkəzində saxlanılan məsələlərdən biri də işsizlik probleminin həllidir. Belə ki, 2017-ci ildə rayonda 1071 daimi yeni iş yeri açılmışdır. Bunlardan 34-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 349-u mövcud müəssisə və təşkilatlarda, 688-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır. Qeyd etmək lazımdır ki, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 layihə üzrə 1 milyon 625 min manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, 131 yeni iş yeri açılmışdır.

Rayon Məşğulluq Mərkəzində 325 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır ki, bunların da hazırda 257-si fəaliyyət göstərir.
İl ərzində 1460 nəfər vətəndaş Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və onlardan 1368 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Aktiv məşğulluq tədbirlərinin davam etdirilməsinin nəticəsində 2017-ci il ərzində 548 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 203 nəfəri gənc, 94 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkün olmuşdur. Hesabat dövründə 33 nəfərə işsiz statusu verilmiş və onlara işsizlik müavinəti təyin edilmişdir.
2017-ci ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə ayrılmış 401 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və işlə təmin olunmuşlar.

23 may 2017-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, 52 idarə, müəssisə və təşkilat tərəfindən 238 boş iş yeri təqdim olunmuş, boş iş yerlərinə 104 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmişdir.

Elektrik enerjisi, təbii qaz və su ilə təminatında problemlər aradan qaldırılır




İsmayıllı Elektrik Şəbəkəsi 23434 abonentə xidmət göstərir. Onların da 21460-ı əhali, 1974-ü qeyri-əhali abonentləridir. 2017-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 64 milyon 330 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 56 milyon 672 min kilovat-saat faydalı enerji ötürülmüşdür. İllik yığım 87 faiz yerinə yetirilmişdir. Ümumilikdə 2017-ci il ərzində rayon üzrə 351 ədəd 10 kv-luq, 389 ədəd kabel üçün dayaq basdırılmış, 11,5 km. kabel xətti çəkilmiş və 1260 abonentin sayğacı küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Digər 10 və 0.4 kv-luq hava xətlərində və yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılmış, xətlərin mühafizə zonaları ağac kütləsindən təmizlənmişdir.

“İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları il ərzində 3 milyon 664 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdür.
Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri də vardır. Bir sıra yaşayış məntəqəsinin elektrik təsərrüfatı ötən əsrin 60-70-ci illərində çəkilmişdir. Odur ki, elektrik təsərrüfatının yenidən qurulması işlərinin sürətləndirilməsi vacib məsələ kimi qarşıda durur.
Rayonun 108 yaşayış məntəqəsindən, rayon mərkəzi də daxil olmaqla, 38-i qazlaşdırılmışdır. İsmayıllı Qaz Xidmət Sahəsi 15 min 954 abonentə xidmət göstərir ki, bunun da 15 min 778-i əhali, 176-sı qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 27,6 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 113,5 faiz ödənilmişdir.

2017-ci ildə 259 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 359 ədəd sayğac küçə şəraitinə çıxarılmış, layihə-smeta sənədləri əsasında 362 ədəd yeni sayğac quraşdırılmışdır..İl ərzində aşkar olunmuş 5819 sayda qaz sızması aradan qaldırılmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, rayonda qazlaşdırılmamış iri yaşayış məntəqələri hələ də çoxdur.
İsmayıllı Su-kanal idarəsi 6512 əhali, 222 büdcə və kommersiya obyektinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisinin başa çatdırılması nəticəsində hazırda şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Çoxmənzilli yaşayış binalarının yeni kanalizasiya xəttinə qoşulması başa çatmaq üzrədir. Fərdi yaşayış evlərində yaşayan abonentlər də xəttə qoşulmağa başlamışlar. Ümumilikdə 1454 abonent çirkab sularını yeni kanalizasiya xəttinə axıdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Xəlilli, Eyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil və Quşencə kəndlərinin içməli su təminatı tədbirlərinə başlanmışdır.

Rabitə xidmətlərinin keyfiyyəti yüksəlir

İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 478 mənzilə yeni telefon xətti çəkmiş, 91 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur. Qovşaq üzrə 3123 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 1101, kəndlərdə isə 2022 abunəçiyə telefon xətti çəkmək imkanları mövcuddur.
İl ərzində şəhər və kəndlərdə yerləşən elektron ATS-lərə 684 portluq internet avadanlıqları quraşdırılaraq, internet portlarının sayı artırılmışdır. Gəndov kəndindəki 32 nömrəlik mini EATS-ə 100 metr fibro-optik kabel xətti çəkilərək 48 portluq internet avadanlığı quraşdırılmışdır. Telekommunikasiya qovşağının xidmət etdiyi ərazidə hazırda 5153 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir ki, bunun da 3595-i “Aztelekom”a, 1558-i özəl provayderlərə məxsusdur.Hesabat dövründə 1 milyon 58 min manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 91,6 min manat çoxdur.
İsmayıllı Poçt filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbəsi vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 244 min manata qarşı 269,8 min manat və ya 110 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 13,3 min manat çoxdur. Əhaliyə 184,5 min manat poçt xidmətl və 81,8 min manat bank - maliyyə xidmətləri göstərilmişdir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görülmüşdür.

İsmayıllı Prezident seçkilərinə hazırdır



Bütün bu yuxarıda sadaladıqlarımız 2017-ci il ərzində İsmayıllı rayonunda iqtisadi inkişafa nail olmaq, insanların həyat səviyyəsini daha da qaldırmaq məqsədilə həyata keçirilmiş tədbirlərin və müvafiq olaraq əldə olunmuş nəticələrin yalnız bir hissəsidir. Təbbi ki, bütün bunlar da ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin regionlarımızın inkişafı məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlamasından irəli gəlir. Məhz bu səbəbdən də bu gün İsmayıllı sakinləri artıq iki gündən sonra keçiriləcək növbəti prezident seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak etməyə tam hazırdırlar.Qeyd etmək lazımdır ki, prezident seçkilərinə hazırlıq işləri də İsmayıllı RİH-nin rəhbərliyi tərəfindən kifayət qədər əsaslı şəkildə həyata keçirilmişdir. Belə ki, 09.03.2018-ci il tarixində Rayon Mədəniyyət mərkəzində Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq və ictimai təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirə keçirilib.
Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri və bir qrup ziyalıların iştirakı ilə keçirilmiş tədbirdə çıxış edənMirdaməd Sadıqov Prezidenti seçkilərinə hazırlıq və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar geniş danışaraq tövsiyyə və tapşırıqlarını vermişdir. Ölkənin hər yerində olduğu kimi, İsmayıllı rayonunda da bu vacib əhəmiyyətli dövlət tədbirinə ciddi yanaşılır. Seçici aktivliyinin, mütəşəkkilliyin təminatı, demokratik prinsiplərə əməl olunması istiqamətində lazımi tədbirlər icra edilməkdədir.

Həmçinin İsmayıllıda ilk dəfə səs verən gənclər də diqqətdən kənarda qalmayıb. Bu məqsədlə 13 mart 2018-ci il tarixdə rayon gənclər və idman idarəsi tərəfindən İsmayıllı Peşə Tədris Mərkəzinin akt zalında tədbir keçirilib. Məqsəd xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi olub. İlk dəfə səs verənlər qarşıdan gələn prezident seçkilərində fəal iştiraka dəvət edilib. Rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolu diqqətə çatdırılıb.

P.S.
Təəsüflər olsun ki, bəzi qaragüruhçu quvvələr İsmayıllı rayonunda yüksək səviyyədə görülən bu yaradıcı işlərə kölgə salmaq, mütərəqqi prosesləri ləngitməkniyyətlərindən bu gün də əl çəkmirlər. Lakin bütün bu səylər əlbəttə ki, əbəsdir və hər zaman da nəticəsiz olaraq qalacaq. Çünki İsmayıllının əsil həqiqətləri öz əksini məhz rayonun inkişafında tapıb. Bu inkişafın qarşısını isə, artıq heç bir qüvvə ala bilməz.


aia.az

Ədalət Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024