Mobil versiya
Elman Rüstəmov: Manat ilin əvvəlindən 4% möhkəmlənib
Tarix: 03-02-2018 | Saat: 14:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Elman Rüstəmov: Manat ilin əvvəlindən 4% möhkəmlənib


Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib.

Mərkəzi Bankdan aia.az-a verilən məlumata görə, bunu bankın sədri Elman Rüstəmov İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında deyib.

E.Rüstəmovun sözlərinə görə, manatın möhkəmlənməsi inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.
Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd.$ artaraq ilin sonuna 42 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5.3 mlrd. dollar təşkil edib.

Çıxışda qeyd edilib ki, xarici şoklara adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb. Bu prosesdə Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb.
Həmçinin bildirilib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. Mərkəzi Bank il ərzində faiz dəhlizinin parametrlərini bir neçə dəfə müzakirə edib və uçot dərəcəsini dəyişməz saxlayıb. Pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayıb. İl ərzində pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızların yeni siyahısı təsdiq edilib, çərçivə və açıq bazar əməliyyatlarının siyahısı genişləndirilib. 2017-ci ildə iqtisadi gözləntilərin effektiv idarə olunması üçün Mərkəzi Bank pul siyasətinin kommunikasiyası alətlərindən aktiv istifadə edib.
Sonra E.Rüstəmov vurğulayıb ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.
İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilib, institusional inkişaf prosesi sürətlənib, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərib, iqtisadiyyatın nağd pula tələbatı tam təmin edilib və onun idarə olunması daha da təkmilləşib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.
E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, Prezidentin irəli sürdüyü inkişaf strategiyasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin başlıca hədəf və vəzifələrinə, eləcə də Mərkəzi Bankın 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi qarşıda duran başlıca vəzifədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə