Mobil versiya
“KQB” arxivlərini açan MDB ölkələri
Tarix: 18-01-2018 | Saat: 15:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

“KQB” arxivlərini açan MDB ölkələri



İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropada Albaniya, Bolqarıstan, Macarıstan, Şərqi Almaniya, Polşa, Rumıniya və Çexoslovakiya onları faşizmdən azad edən Sovet İttifaqının təsiri ilə kommunizm yoluna qədəm qoydu.



Lakin 1989-cu ildə kommunizm sistemi bütün Şərqi və Mərkəzi Avropada sarsıntı keçirdi və dağılmağa başladı. Cəmiyyətdə köklü dəyişikliklər, demokratik ənənələr formalaşdıran bu qlobal hadisə kommunist rejimlərində tarix boyu mövcud olan repressiv aparatın, xüsusi xidmət orqanlarının və kommunist partiyasının arxivinin açılmasını aktual etmiş, əksər ölkələrdə kommunist partiyasının üzvü olan və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərin gələcək siyasi fəaliyyətini müzakirə etməyə yol açmışdı.



Lüstrasiya hakimiyyət və dövlət qulluğuna, məhkəmə sisteminə, təhsilə, mediaya və ictimai-siyasi həyatın digər sahələrinə kommunist rejiminin keçmiş simalarının buraxılmamasını nəzərdə tutur. Bu inzibati tədbir konkret şəxsin keçmiş həyat yolunun işıqlandırılmasından tutmuş onun müəyyən sahələrdə məhdudiyyətlərlə üzləşməsinə qədər fərqli məhdudiyyətləri özündə birləşdirir.



Təbii ki, sosialist respublikalarının siyasi rəhbərliyi ilə, gizli polislə əməkdaşlıq edənlərin sayını və şəxsiyyətini müəyyən etmək üçün bu qurumların arxivi açılmalı idi. Lakin lüstrasiya haqqında qanun və arxivlərin açılması məsələsi Şərqi Avropa ölkələrində 1989-cu ildən başlayaraq, ciddi müzakirələrə və birmənalı olmayan fikirlərə səbəb oldu.



Bu mənada Çexiya keçmiş sosialist respublikası kimi önəmli addımlar atıb. Belə ki, 1989-cu ildə kommunizm rejimi çökəndən sonra 1991-ci ildə parlamentin qəbul etdiyi qərarla ölkədə kommunizm partiyası və kommunist simvolikası qadağan edilib. Bundan başqa, 2004-cü ildən başlayaraq, ölkənin Xarici Kəşfiyyat İdarəsi 1945-ci ildən 1989-cu ilə qədərki dövrü əhatə edən arxivləri ictimaiyyətə təqdim edib. İstənilən Çexiya vətəndaşı Xarici Kəşfiyyat İdarəsinə öz pasportunu təqdim edərək, 1945-1989-cu illəri əhatə edən 2 mindən artıq sənəd və fotolarla tanış ola bilər.



1990-cı ildə Almaniya birləşdikdən sonra Almaniya Demokratik Respublikasının Təhlükəsizlik Xidməti (Ştazi) arxivlərinin açılmasına ehtiyac yarandı. 1991-ci ildə ictimaiyyətin etirazlarından sonra bu arxivlər açılıb. Almaniya vətəndaşları Federal Ştazi Arxivlərinin Araşdırılması Fonduna gedərək, həmin dövrlə bağlı geniş məlumat ala bilər.



2000-ci illərin ortalarından başlayaraq Rumıniya, Litva, Polşa, Sloveniya, Makedoniya və Serbiyada da lüstrasiya haqqında qanunun qəbulu ilə yanaşı, xüsusi xidmət orqanlarının sənədləri də ictimaiyyətə təqdim edilmişdi.



Qeyd olunduğu kimi, keçmiş Sovet respublikalarından yalnız Baltikyanı ölkələr lüstrasiya və “KQB” arxivlərini açıb. Bundan başqa, 2011-ci ildə Gürcüstan “Azadlıq Xartiyası” adlı sənəd qəbul edərək Sovet təhlükəsizlik orqanlarında çalışan şəxslərə qarşı bir sıra məhdudiyyətlər tətbiq etmişdi. Onlar müəyyən dövlət postlarına, hüquq-mühafizə orqanları və İctimai Televiziyada təmsil oluna bilməz.

2014-cü ilin oktyabrında isə lüstrasiya haqqında qanun Ukraynada qəbul edildi. Bu qanun çərçivəsində 2015-ci ilin oktyabrından başlayaraq Kiyevdə saxlanılan “KQB” arxivlərinin bir hissəsi ictimaiyyətə açıqlandı.

Digər MDB ölkələrində isə bu günə qədər lüstrasiya və sovet arxivlərinin açılması ilə bağlı heç bir qanun qəbul edilməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024