Mobil versiya
“Niyə bizim jurnalistlər bu mövzulardan yaza bilmir, adam heyrətlənir”
Tarix: 06-11-2017 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər

“Niyə bizim jurnalistlər bu mövzulardan yaza bilmir, adam heyrətlənir”


Son zamanlar Azərbaycan mediasında təqdim olunan informasiyanın keyfiyyəti dəyişib. Medianın informasiya təqdimatı ciddidən qeyri-ciddiyə yuvarlanmaqdadır. Hətta ən ciddi agentliklərdə belə, bu hal müşahidə edilir.

Bəs medianın ciddilikdən qeyri-ciddiliyə addım atmasının səbəbi nədir?

“Jurnalistlər bəsit, məişət xarakterli mövzulara meyl edirlər”

Tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, bu cür hal hər zaman olub:

“Xüsusilə istirahət və bayram günlərində media bir az mövzusuz qalır. Məsələ burasındadır ki, son beş-altı ildir, mediamız ümumiyyətlə mövzu baxımından kasadlıq yaşayır. Bunun bir neçə səbəbi var. Birincisi, çox mövzular olsa da, jurnalistlər bunu görmək istəmirlər. İkincisi, görürlər və onu işıqlandıra bilmirlər. Üçüncüsü, o mövzuları işıqlandırmaq üçün azadlıq və peşəkarlıq kifayət etmir. Cəmiyyətdə çox ciddi mövzuların olmasına baxmayaraq təəssüf ki, jurnalistlər bunu görə bilmir və bəsit, məişət xarakterli mövzulara meyl edirlər. Jurnalist işi cəmiyyətdə gedən prosesləri bir ayna kimi göstərməkdir. Lakin hazırda jurnalistika nə dərəcədə bu problemləri göstərə bilir?..”.

Q.Məhərrəmli qeyd edib ki, bayağı mövzuları dövriyyəyə gətirməkdən çəkinmək lazımdır:

“Hesab edirəm ki, bu, ciddi qüsurdur və jurnalistikamızın çatışmayan cəhətidir. Təbii, bunun barəsində fikirləşmək və bayağı, heç bir ictimai əhəmiyyət kəsb etməyən mövzuları dövriyyəyə gətirməkdən çəkinmək lazımdır. Evlənmək, boşanmaq və s. kimi mövzular jurnalistikanın predmeti deyil. Jurnalistikanın spektri, onun baxdığı diapazon çox genişdir. Bu gün ictimai həyat, siyasət, geopolitika, sosial problemlər, iqtisadiyyat, mənəviyyat, əxlaq, təhsil, səhiyyə ilə bağlı o qədər problemlər var ki... Niyə bizim jurnalistlər bunlardan yaza bilmir, adam heyrətlənir”.

“Media tələbata görə, yüngül mövzulara qucaq aça bilməz”

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı düşünür ki, bu, təkcə Azərbaycanın problemi deyil:

“Bütün dünyada şou-biznes tipli informasiyalar bir nömrəli xəbərlər sayılır. Çünki kütlə, böyük auditoriya bu cür xəbərlərə daha çox meyl edir, nəinki intellektual, ciddi yüklü xəbərlərə. Bu, bir az da zamanla bağlıdır. Biz artıq sürət, informasiya əsrində yaşayırıq. Dünyanın o başında baş verən hadisəni az qala bir neçə saniyəyə internet üzərindən əldə edə bilirik. İntellektual, ciddi xəbərləri oxumaq insanlardan həm də dözüm, ağıl tələb edir. Bu, kifayət qədər sanballı yükdür və insanlar bunu daşımaq istəmirlər. Onlar stress atmaq, nəfəs almaq, hətta “istirahət etmək” üçün yüngül mövzulara daha çox meyl edirlər. Buna görə ciddi narahat olmaq lazım deyil. Təbii ki, media da öz növbəsində nizamı gözləməlidir. Amma tələbat var, tiraj gətirir deyə, media bütünlüklə qeyri-ciddi, yüngül mövzulara qucaq aça bilməz. Biz şou tipli xəbərlər verəndə mütləq onun yanında maarifləndirici yükü olan materiallara da yer verməliyik. Bu, qaçılmazdır, çünki medianın funksiyalarından biri də maarifləndirməkdir”.

“Qeyri-ciddi xəbərlərin maraqla oxunması mətbuatın problemi deyil”

A.Camalqızı deyib ki, ciddi media kütləni maraqlandıran xəbəri yaymayanda reket tipli media qurumları ön palana keçir:

“Təəssüflər olsun ki, son zamanlar mediamız sosial şəbəkələrdə bu istiqamətdə ciddi ittiham olunur. Məsələn, həbsxanadan qaçanlar, onlara kömək edən müğənni ilə bağlı mövzular maraqla qarşılandı. Digər tərəfdən də əksəriyyət düşünür ki, bu tipli materialları işıqlandırmaq doğru deyil. Düşünürəm ki, bu yanaşma yanlışdır. Çünki hadisə baş veribsə, media onu yaymağa məcburdur və vəzifəsi budur. Ciddi media bu xəbərləri yaymayanda o zaman reket tipli media qurumları bu xəbərləri yayaraq, ön palana keçir. Mediaya aiddiyyatı olmayan, dırnaqarası reket media nümunələrinin qabağa keçməməsi üçün ciddi media şübhəsiz ki, həmin xəbərləri işıqlandırmalıdır.
Amma bu cür xəbərlərin maraqla oxunması mətbuatın problemi deyil. Bu, cəmiyyətin problemidir. Biz sizə seçim imkanı veririk. Yəni intellektual materiallarla yanaşı, ətrafımızda baş verən bu tipli xəbərləri də yayırıq. Medianın maarifləndirmə funksiyası olsa da, o sizin tərbiyəçiniz, müəlliminiz ola bilməz. Medianın əsas funksiyası xəbərçilikdir. Siz bu funksiyanı bizim əlimizdən ala bilməzsiniz. Əgər insanların immuniteti zəifdirsə, onlar belə yüngül mövzuların təsiri altına düşürlərsə, bu, medianın günahı deyil”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024