Mobil versiya
Qax - ənənələrə dönüş daima inkişafda.
Tarix: 02-11-2017 | Saat: 12:17
Bölmə:Ölkə / Seçilənlər-2 | çapa göndər

Qax - ənənələrə dönüş daima inkişafda.






Bu gün iqtisadiyyatı sürətlə inkişaf edən bölgələrimizdən biri də Qax rayonudur. Xüsusilə son illər bu rayonda müşahidə olunan dinamik inkişaf, əhalinin rifah halının durmadan yüksəlməsi dağlar diyarı olan Qaxı ölkənin aparıcı iqtisadi rayonlarından birinə çevirmişdir. Əbəs yerə deyildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev də bu ilin avqust ayında Qaxa etdiyi səfəri zamanı bu rayonda görülən işləri, nəzərə çarpan inkişafı yüksək qiymətləndirmişdir. Dövlət başçımız həmin vaxt Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söylədiyi giriş nitqində belə demişdir: “Dünən mən Balakən, Zaqatala, Qax rayonlarında səfərdə olmuşam. Rayonlarda görülən işlərlə tanış olmuşam, əlavə tapşırıq vermişəm və bir daha görürəm ki, bu rayonlarda son illər ərzində çox sürətli inkişaf gedir. Bir çox sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin açılışlarında iştirak etmişəm. Dünənki bütün tədbirlər əslində, son illər ərzində bu bölgədə və ümumiyyətlə, Azərbaycanda görülən işləri bir daha əyani şəkildə təqdim edir.”





Əlbəttə ki, dövlət başçısının bu sözləri digər rayonlarla yanaşı Qaxda görülən işlərə də verilən ən yüksək qiymətdir. Heç şübhəsiz Ölkə Prezidentinin diqqətini cəlb etmiş uğur və nailiyyətlərin əldə olunması yerli əhali ilə birlikdə rayon rəhbərliyinin də gərgin əməyi, dövlət proqramlarının icrasına yüksək məsuliyyət və peşəkarlıqla yanaşma sayəsində mümkün olmuşdur. Elə yerli mənbələrdən əldə etdiyimiz məlumatların da böyük əksəriyyətində qeyd olunur ki, bu gün Qax rayonunda müşahidə olunan dinamik inkişaf, regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrası bilavasitə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səmərəli fəaliyyəti ilə bağlıdır. Məhz bu fəaliyyətin, ölkə rəhbərliyi tərəfindən vrilən tapşırıq və göstərişlərin dəqiqliklə yerinə yetirilməsinin nəticəsidir ki, bu gün Qax iqtisadiyyatının əsasını təşkil edən bütün sahələrdə inkişaf gedir.

Fındıq istehsalı genişləndirilir



Bu gün Azərbaycanda özəl sektora göstərilən dövlət qayğısı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələr iqtisadi inkişafı sürətləndirir və insanların rifah yüksəlişinə xidmət edir. O cümlədən dövlət başçısının verdiyi tövsiyyə və konkret tapşırıqlarınicrası nəticəsində Qaxda ənənəvi sahələrdən biri olan fındıq istehsalının artırılması da son illər xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, fındıq bağlarının genişləndirilməsi məqsədilə rayonda 2016-cı ilin payız əkini mövsümündə 1275 hektar, 2017-ci ilin yaz əkini mövsümündə isə 513 hektar olmaqla, cəmi 1788 hektar ərazidə yeni fındıq bağları salınıb. Ümumilikdə isə rayonun mövcud olan fındıq bağlarının sahəsi son 3-4 il ərzində 2800 hektar genişləndirilərək 6800 hektara çatdırılıb. Bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 700 hektara yaxın örüş sahəsinin və kolluq sahənin əkin dövriyyəsinə cəlb edilməsi üçün müvafiq işlər görülüb.

Azərbaycan tütününün şöhrəti geri qayıtmalıdır




Məlum olduğu kimi, Qax üçün ənənəvi istehsal sahələrindən biri də tütünçülükdür. Deyirlər ki, bir vaxtlar Azərbaycanın şimal bölgələrində yetişdirilən bəzi tütün sortları hətta xarici ölkələrə də uğurla ixrac olunurdu. Buna görə də, hazırda bu sahənin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi məsələsi ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə cari təsərrüfat ilində Qaxda ötən illə müqayisədə 274,8 hektar çox olmaqla 605,8 hektar sahədə tütün əkini aparılıb ki, bunun da 582,3 hektarını “Virciniya”, 8,5 hektarını “Berley” növlü ətirli növlər, 15 hektarını isə digər tütün növləri təşkil edir. Sahibkarlara subsidiyaların verilməsi, satınalma qiymətlərinin artırılması kimi dövlət dəstəyinin təmin olunması məhsul istehsalçılarında bu sahəyə marağı artırıb, tütün istehsalının genişləndirilməsinə münasibət ciddi şəkildə dəyişib. Məsələn, bu il 5500 tondan artıq yaşıl tütün yarpağı tədarükü gözlənilir ki, bu da 2016-cı illə müqayisədə 1,7 dəfə çoxdur. Tədarük olunmuş tütün məhsuluna görə istehsalçılara 1,1 milyon manatdan artıq vəsait ödəniləcək.

Baramaçılığa maraq artıb




Həmçinin müstəqilliyimizin ilk illərində bəzi obyektiv səbəblər üzündən respublikamızın hər yerində barama istehsalı demək olar ki, tamamilə dayandırılmışdı.Halbuki, məsələn elə Qax rayonunun özündə də bu sahə əhalinin ənənəvi məşğul olduğu sahələrdən hesab olunur. Bu səbəbdən də baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar Ölkə Prezidentinin verdiyi sərəncam və tapşırıqlara uyğun olaraq, bu sahəyə yenidən dövlət dəstəyi təmin edilib.Nəticə olaraq, hazırda Qaxda həm bu sahəyə yenidən maraq yaranıb, həm də baramaçılıqla məşğul olan sahibkarlarda inam və böyük ruh yüksəkliyi yaranıb. Artıq rayonda uzun müddətdən bəri ilk dəfə olaraq 2016-cı ildə 3,8 ton, bu il isə 12,5 ton yüksək keyfiyyətli barama istehsalı təmin edilib.


Turizmin inkişafı prioritet istiqamətdir





Əlbəttə ki, yuxarıda təqdim olunan rəqəm və faktlar bu gün Qax iqtisadiyyatının aparıcı sahəsi kimi, kənd təsərrüfatının müəyyən sahələrinin inkişafından və bu inkişafın əhalinin yaşam səviyyəsinə göstərdiyi müsbət təsirindən xəbər verir. Bununla belə, bütün bu deyilənlər heç də Qaxın sırf aqrar rayon kimi formalaşdığı anlamına gəlməməlidir. Bu rayonun əsrarəngiz və təkrarolunmaz təbiəti Qaxda həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün bütün imkanları verir. Bu gün Qax turizm sektorunun inkişaf etdiyi və bu sahədə tükənməz imkanlara malik bir rayon kimi nəinki ölkəmizdə, hətta xarici dövlətlər arasında da yaxşı tanınır. Hətta bəzi məlumatlara görə, hazırda məhz turizm sektoru rayon iqtisadiyyatının ən gəlirli sahəsidir.
Birmənalı olaraq demək lazımdır ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı siyasət Qaxda da öz bəhrəsini verib və rayon hazırda regionun turizm mərkəzlərindən birinə çevrilib. Məlum olduğu kimi Qax rayonunun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissə Qanıx-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Ərazinin hündürlüyü cənubda Acınohur gölü sahilində təqribən 100 m, şimalda Baş Qafqaz silsiləsinin yalında 3480 m-ə çatır. Orta temperatur yanvarda düzənlik ərazidə 2 dərəcədən yüksək, dağlıq ərazidə mənfi 10 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 dərəcə və 50 dərəcədir. Temperaturun dəyişmə həddinin çox böyük olması isə və eyni zamanda da kurort resursları cəhətdən zənginliyi Qaxı həm yay, həm də qış turizmi üçün əlverişli məkana çevirib.

Şəhər sakinləri də razılıq edir



Qonaqpərvərlik bizim millətimizin qanında, necə deyərlər, genetik səviyyədə şüurundadır. Yəni istənilən halda gələn qonaqları razı salmaq üçün yaşadığı regiondan asılı olmayaraq hər bir azərbaycanlı hər zaman əlindən gələni əsirgəməyəcək. Amma, bir məsəl də var, deyərlər ki, əvvəl evin içi, sonra çölü. Deməyimiz budur ki, hər hansı bir regionu turistlər üçün cəlbedici məkana çevirməkdən öncə, həmin şəhər və ya rayonda daimi yaşayan insanların, yerli sakinlərin şəraitini qurmaq lazımdır. Məhz elə bu baxımdan da Qax sakinlərinin rayon rəhbərliyindən narazılıq etməyə heç bir əsasları yoxdur. Əksinə, icra başçısı Musa Şəkiliyevinrayona göstərdiyi qayğıdan sakinlər hər zaman razılıq edirlər. Xüsusilə Qax şəhərində yeni parkların salınması, mövcud parkların yenidən qurulması və istirahət məkanlarının xüsusi zövqlə bəzədilməsi hər kəsin ürəyincədir. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı, şəhər parkı, gənclik parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir. Ümumiyyətlə son zamanlar Qax rayonunda gedən abadlıq-quruculuq işlərinin nəticəsidir ki şəhərn də siması xeyli dəyişib, gözəlləşib. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir.

aia.az
Samir Mürsəlov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə