Mobil versiya
“Rabitə Nazirliyindəki həbslər MTN-lə əlaqəli deyil” – Ekspertdən açıqlama
Tarix: 31-10-2015 | Saat: 13:27
Bölmə:Gündəm / Manşet / Karusel / Seçilənlər | çapa göndər

“Rabitə Nazirliyindəki həbslər MTN-lə əlaqəli deyil” – Ekspertdən açıqlama

Rabitə Nazirliyində yüksək vəzifəli şəxslərin həbsləri Milli Təhlükəsizlik Nazirliyi ətrafındakı qalmaqal və orada həbs olunan generallarla bağlı deyil. RN işçilərinin kimisə dinləməyə kömək etdiyi və ya qanunsuz dinləmədə iştirak etdiyi haqqında iddialar səriştəsiz səslənir

Bu barədə Turan agentliyinə müsahibəsində Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, hazırda məşhur ekspert olan Ərəstun Oruclu bildirib.

“Dövlət məmurları həmişə MTN-in idarəetməsində olan hökumət rabitəsindən istifadə edir və şəhər rabitəsinə qoşulmaq üçün heç bir zərurət yox idi. Bundan başqa, şəhər xətlərini və mobil rabitəni dinləmək üçün MTN-in heç kimin köməyinə ehtiyacı yoxdur”, deyə Oruclu qeyd edib.

Rabitə Nazirliyində və bir sıra digər idarələrdə həbslərin səbəblərinə gəlincə, ekspert hesab edir ki, bu, qorxutma xarakteri daşıyan nümayişkaranə həbslərdir. “Onların məqsədi bütün məmur aparatını qorxutmaq, hamının kimin ev sahibi olduğunu anlamalı və özünü buna uyğun aparmalı olduğunu göstərməkdən ibarətdir. Düşünürəm ki, bu cür həbslər hələ davam edəcək”, deyən ekspert qeyd edib ki, müəyyən dairələr bütün bu qalmaqallara uğursuz xarakter vermək və ümumi əlbirlik kimi göstərməkdə maraqlıdırlar.

MTN-də rəhbər kadrların dəyişdirilməsini necə qiymətləndirmək olar? Bu suala cavabda Oruclu bildirib ki, qovulan generallar və digər yüksək vəzifəli zabitlər SMMMŞ-dən (Sosialist mülkiyyətin mənimsənilməsinə qarşı mübarizə şöbəsi) gələnlərdir. Bu, Eldar Mahmudovun özü ilə birlikdə gətirdiyi şəxslərdir.

“Bu, SMMM-də olan pis hər şeyi milli təhlükəsizlik sisteminə gətirən insanlardır. Onlar təkcə təhlükəsizlik işçilərinin və hakimiyyətin nüfuzuna deyil, ölkənin təhlükəsizliyinə də ciddi zərbə vurublar. Onların səriştəsizliyinin nəticələri hələ tezliklə aradan qaldırılmayacaq, çünki nazirliyin kadr potensialına ciddi ziyan dəyib, yeni nəsil yetişdirmək üçün çox vaxt tələb olunacaq.

Yeni təyinatlara gəlincə, MTN-ə qaytarılan baş zabitlər yaxşı tanıdığım peşəkarlardır, baxmayaraq ki, hamısını qaytarmayıblar. Amma Mahmudovun MTN-ə gəlməsi ilə Əks-Kəşfiyyat və Kəşfiyyat idarələrinin rəhbərləri işdən çıxarılıb və həbs edilib. Hər ikisi yaxşı peşəkarlardır.

Əks-kəşfiyyat idarəsinin rəhbəri Seyfulla Qasımov Mahmudovun əsassız olaraq işdən qovduğu ilk şəxsdir. Bundan qısa müddət sonra o, vəfat edib.

SSRİ KQB sistemindən keçmiş kəşfiyyat idarəsinin rəhbəri Eldar Məmmədəliyev qanunsuz silah saxlamaqda ittiham olunub və həbs edilib. Belə bir ittihamı uydurmaq da mərifətdir – kəşfiyyat idarəsinin rəhbəri qanunsuz tapança daşıyır!

Bu kadrlı zabitlərin və peşəkarların yerinə xüsusi xidmətlərin işi barədə az təsəvvürü olan və ya başqa məqsədlərlə işləyən təsadüfi şəxslər təyin edilib”, deyə Oruclu bildirib.

O, Mahmudovun daha bir “qurbanı” kimi Şahin Sahilovun – İtkin Düşmüşlərin və Hərbi Əsirlərin işləri üzrə Komissiyanın katibinin adını çəkib.

KİV haqqında və dövlət sirrinin qorunması haqqında qanunla qadağan edilməsinə baxmayaraq, KİV-də xüsusi xidmət işçilərinin açıq-aşkar müzakirə olunmasını və adlarının açıqlanmasını necə qiymətləndirmək olar? – sualına cavabda ekspert deyib ki, bu halda milli təhlükəsizliyə ziyan vurmaqdan söhbət gedə bilməz.

“Qovulmuş zabitlər artıq vəzifə tutmur, yeni təyin edilənlər onsuz da göz önündə olan yüksək vəzifəli insanlardır, burada böyük sirr yoxdur. Gündəlik işi həyata keçirən və aşağı vəzifələrdə olanlar məhz ən məxfi olanlardır”, Oruclu belə hesab edir.

Sizin fikrinizcə, Mahmudovun vəzifədən kənarlaşdırılmasının və MTN-də ciddi təmizləmənin əsas səbəbi nədir? – bu suala cavabda ekspert deyib ki, biznesmenlərin hüquqlarının pozulması keçmiş MTN rəhbərliyinin günahlarının çox kiçik hissəsidir.

Söhbət hakimiyyətdaxili qruplaşmalar arasındakı mübarizədən gedir. İctimaiyyətin tezliklə öyrənəcəyi, amma, çox güman ki, öyrənməyəcəyi daha ciddi cinayətlərin olduğunu düşünmək üçün əsaslar var. Lakin bir-birinə qarşı mübarizə aparan qruplaşmalar KİV-ə hər şeyi dalbadal sızdırırlar, Mahmudov və onun ətrafına mümkün qədər çox palçıq atmaqda yarışırlar. Bu da hakimiyyətin üslubudur: düşmənini elə məhv edir ki, o, sözün əsl mənasında ölsün və ya artıq heç vaxt özünə gəlməsin.

Bu mənada, onlar üçün keçmiş silahdaş və müxalifət arasında fərq yoxdur. Eldar Mahmudovun vətəni Naxçıvanda atasının abidəsinin sökülməsi parlaq nümunədir. Bu, açıq-aşkar stalinizmdir.

“Hakimiyyət Mahmudovun villalarını söksəydi və ya uşaq bağçalarına, yaxud uşaq evlərinə versəydi, bu, məntiqli olardı, amma alimin abidəsinin sökülməsi nümayişkaranə qisas addımıdır”, ekspert belə hesab edir.

Hökumətyönlü KİV MTN-dəki təmizləmələri islahat və müsbət tədbirlər adlandırır, bunu islahat hesab etmək olarmı?

Bu suala cavabda Oruclu bildirib ki, hakimiyyətin əsas orqanlarından birinin cinayətlərin planlaşdırıldığı və həyata keçirildiyi canilər yuvasına çevrilməsindən danışmaq lazımdır. Dövlət təhlükəsizliyi sisteminin qanundankənar vəziyyətə düşməsindən və indi dövlətçiliyin özülünə olan bu təhlükənin aradan qaldırılması üzrə addımlar atılmasından danışmaq lazımdır. Hansı islahatlardan söhbət gedir?

Hakimiyyət MTN ətrafında baş verənlərə görə hələ çox təmizlənməli olacaq, bəlkə də bütün bunlardan heç vaxt təmizlənə bilməyəcək, deyə Ərəstu Oruclu sonda bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə