Mobil versiya
Əli Məsimli: “Kim necə istəyir, elə də qiymət qoyur”
Tarix: 19-10-2017 | Saat: 17:26
Bölmə:İqtisadiyyat | çapa göndər

Əli Məsimli: “Kim necə istəyir, elə də qiymət qoyur”


“Daha çox istifadə olunan ərzaq və xalq istehlakı mallarının qiyməti durmadan artır. Bu gün inflasiya əhalinin gəlirlərindən çoxdur. Əhalinin gəlirləri təxminən 6-7 faiz artır. Rəsmi statistikaya görə, hazırda Azərbaycan iqtisadiyyatında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz inflyasiya var. Bu da o deməkdir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, beynəlxalq praktikada qiyməti qaldırmaq əvəzinə, dövriyyədən daha çox vəsait əldə edilir.

“Azərbaycan bu sahədə qiymət mədəniyyəti çox aşağı olduğuna, inhisarçılıq münasibətləri rol oynadığına, qiymət sahəsində bir xaos olduğuna görə, kim necə istəyirsə, həmin qiymətləri qoyur. Ona görə də qiymətlər durmadan artır”.

Ə.Məsimli qeyd edib ki, ciddi araşdırmalar aparılsa, məlum olar ki, rəsmi statistikanın göstərdiyi həmin 14 faizlik inflyasiyanın yarıdan çoxu süni qiymət artımı ilə bağlıdır.

“İqtisadiyyatın indiki durumu birrəqəmli inflyasiyaya gətirib çıxara bilər. Amma ikirəqəmli inflyasiya varsa, demək bunun xeyli hissəsi süni qiymət artımı ilə bağlıdır. Hesablamalar da göstərir ki, Azərbaycana bir manatlıq mal gətirmədən, istehsal etmədən, sadəcə qiyməti süni şəkildə 1 faiz artırmaqla bu işlərlə məşğul olan adamlar ailələrin büdcəsinə ildə 180 milyon manat, ümumilikdə isə 1,3-1,5 milyard manatdan çox ziyan vururlar. Süni qiymət artımının səbəbindən danışanda əvvəllər deyirdilər ki, dollara nisbətdə manatın məzənnəsi aşağı düşüb, ona görə də xaricdən dollarla alınıb gətirilən məhsulların qiymətləri də o qədər artmalıdır. Əvvəla, beynəlxalq praktikadan çıxış etsək, ilk baxışda haqlı görünə bilərlər. Lakin əslində bu, ayrı-ayrı mallara münasibətdə doğru yanaşma olsa da, ümumən götürdükdə doğru deyil.

Milli valyuta, məsələn,10 faiz dəyər itirir, amma bu, ümumi qiymət artımına 2-3 faiz səviyyəsində təsir edir. Buna baxmayaraq, qoy lap elə olsun. 2015-ci ilin dekabrında manat dollara nisbətdə 48 faiz dəyər itirdi, amma bir çox məhsulların qiymətini 1,5- 2 dəfə, bəzi hallarda isə bundan da çox artırdılar. İndi soruşursan ki, əvvəllər manatın məzənnəsinin aşağı düşməsini bəhanə gətirib qiymətləri artırırdınız, son 8 ayda milli valyuta dollara nisbətdə 1,92 manatdan 1,70 manata qalxaraq 10 faizdən çox möhkəmlənib. Bəs indi qiymətləri niyə qaldırırsınız? Cavab verirlər ki, bazar iqtisadiyyatıdır. Xeyr, sivil bazar iqtisadiyyatı belə olmur. Bu, sadəcə, bir qrup adamın nəyin bahasına olursa-olsun, xalqın hesabına varlanmasına xidmət edən xaotik, qiymət mədəniyyətindən uzaq bazardır. Belə süni qiymət artımında ən çox əziyyət çəkən isə əhalinin aztəminatlı təbəqəsi, büdcə təşkilatlarında çalışan aşağı maaş alanlar, pensiyaçılar, əlillik müavinəti ilə yaşayanlar və bu kimi insanlardır.

8 aydır ki, manat sabitdir, amma qiymətlər yenə qalxır. Fərq yalnız ondadır ki, dollara nisbətdə manatın məzənnəsi aşağı düşəndə, qiymətləri ayda bir dəfə qaldırırdılar, indi isə bu qiyməti ayda 2 dəfə, bəzən 3 dəfə artırırlar. Səbəb çox ola bilər, amma əsas səbəb monopoliya, onun doğurduğu ədalətsizliklər və ən acınacaqlısı isə həmin monopoliyanın bilavasitə və ya dolayı yolla dəstəklənməsidir”.

Deputat bildirib ki, belə halların qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, antihisarla bağlı təşkilati tədbirlər həyata keçirilməlidir.

“Rəqabətə geniş meydan verilməlidir. Həmçinin bazara daha çox şirkətlərin çıxmasına şərait yaradılmalıdır. Bununla da həmin iş adamları qiyməti aşağı salmaqla uduş əldə etsinlər. Qiyməti qaldırmaqla yox. Mənə elə gəlir ki, sivil bazar münasibətlərinin üsullarından istifadə olunsa, qiymət artımını xeyli dərəcədə səngitmək olar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024