Mobil versiya
Erməni girovluğundakı Dilqəm Əsgərovun qardaşı həbs edildi
Tarix: 15-10-2015 | Saat: 13:59
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Erməni girovluğundakı Dilqəm Əsgərovun qardaşı həbs edildi
Bir ildən artıq düşmən əsirliyində saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov bu gün səhər saatlarında həbs edilib

Bu barədə Hafta.az-a açıqlamasında Sahib Əsgərovun oğlu Mövlud Əsgərov məlumat verib.

Mövlud Əsgərov bildirib ki, atası tamamilə günahsız yerə həbs edilib və həbsə səbəb həyətyanı sahəsində yenicə tikdikləri ev olub:

“Hər bir sənədi-sübutu olan həyətyanı torpaq sahəmizdə, həyətimizin içində ev tikirdik. İki otaq, bir mətbəx, bir də hamamdan ibarət. Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi icra nümayəndəsi, bələdiyyə sədri və əllidən çox polis gəlib tikdiyimiz evi sökdülər. Atamı da söyüb təhqir etdilər. Üstəlik atamı, Dilqəm Əsgərovun qardaşını polis həbs etdi, apardılar. Təxminən bir saat əvvəl olub bu hadisə. Atam hələ də oradadır”.

Mövlud Əsgərov icra nümayəndəsi və bələdiyyə sədrinin onlara evin sökülməməsi üçün külli miqdarda dövlət rüsumu ödəməli olduğunu bildirib:

“İcra nümayəndəsi, bələdiyyə sədri və polis söküntüyə onu əsas gətirir ki, dövlət rüsumu olaraq 9 min 200 manat ödəməlisiniz, ondan sonra tikintini davam etdirə bilərsiniz. Atam da dedi ki, həmin qanunu mənə göstərin, harada yazılıbsa, mən də o pulu ödəyim. Atam onlara söylədi ki, hansı əsasla bir ev tikintisi üçün məndən bu qədər pul istəyirsiniz?! Hələ ki, bununla bağlı yuxarı instansiyalara müraciət etməmişik. Amma etmək fikrimiz var. Qoy görək bu Abşeron Rayon İcra Hakimiyyətinin yiyəsi varmı? Görək ki, bura kimə baxır, ağası kimdir. Abşeron rayonun icra başçısı, bizim icra nümayəndəsi özbaşınalıq edir”.

Mövlud Əsgərov söküntünü lentə alarkən onun telefonunun polis tərəfindən sındırıldığını da deyib:


“Ev sökülərkən bir nəfərin ayağı sürüşüb hörgünün üzərindən yıxıldı. Onu da polis aktlaşdırdı ki, guya həmin fəhləni də atam vurdu. Bundan sonra da atamı pis söyüşlərlə təhqir etdilər. Ev sökülərkən mən telefonla bunu çəkirdim. Evimizi sökürdülər. Polis dedi ki, niyə çəkirsən? Dedilər ki, çəkiliş çəkməyə ixtiyarın yoxdur. Mən də bildirdim ki, sənin bu evi sökməyə ixtiyarın yoxdur. Çünki bu barədə məhkəmə qərarı verilməyib. Saxtadırsa sökülsün, sənədi–sübutu olan evimi nə əsasla sökdüklərini soruşdum. Sonra mənim telefonumu qırdılar. Əlavə çəkiliş də var. Yoldaşım da bunu çəkirdi. Onun telefonunda baş verənlərin hamısı lentə alınıb”.

Qeyd edək ki, bu gün həbs edilən Sahib Əsgərovun qardaşı Dilqəm Əsgərov ötən ilin iyulunda öz ata-anasının qəbrini ziyarətə gedərkən işğal altındakı Kəlbəcər rayonunda erməni separatçıları tərəfindən əsir götürülüb. O, hələ də heç bir əsas gətirilmədən düşmən əsirliyində saxlanılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə