Mobil versiya
Paşinyan Putinin yanına "soyuq savaş" açaraq, gedir: İrəvan "körpüləri yandırır", Rusiya ordusunu Ermənistandan çıxarır
Tarix: 28-11-2026 | Saat: 22:23
Bölmə:Dünya | çapa göndər

Paşinyan Putinin yanına "soyuq savaş" açaraq, gedir: İrəvan "körpüləri yandırır", Rusiya ordusunu Ermənistandan çıxarır


Rəsmi İrəvan Rusiyadan asılılığın azaldılması kursunu davam etdirməkdə israrlıdır və bu, Ermənistan üçün artıq daha təhlükəli mərhələnin başlanmaq üzrə olduğu anlamına gəlir... Və bu mərhələnin yekun nəticələri isə yalnız iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazda mövcud olan güc balansına da ciddi şəkildə təsir göstərə bilər...
Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin dövlət sərhədlərinin mühafizəsi ilə bağlı açıqlaması Rusiya siyasi dairələrində ciddi çaşqınlıq yaradıb. Belə ki, erməni baş nazir Ermənistanın bu məsələ ilə bağlı bütün məsuliyyəti yaxın illərdə tamamilə öz üzərinə götürəcəyini bəyan edib. Və bu, rəsmi İrəvanın Ermənistanın Rusiyadan həm hərbi, həm də təhlükəsizlik üzrə asılılığını mümkün qədər azaltmaq istiqamətində atmağa hazırlaşdığı növbəti ciddi addımı kimi qəbul edilə bilər.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın bu açıqlaması yalnız Ermənistanın sərhəd mühafizəsi sistemində dəyişikliyə hazırlıq deyil. Yəni, bu, həm də Cənubi Qafqazda formalaşmaqda olan yeni geopolitik reallıqların göstəricisidir. Baş nazir Nikol Paşinyan rus sərhədçilərin Ermənistan sərhədlərində göstərdiyi xidmətə görə Rusiyaya təşəkkür də edib. Ancaq dərhal da mövcud vəziyyətin artıq dəyişdirilməsinin vacib olduğunu vurğulayıb. Və onun sözlərinə görə, qarşıdakı illərdə Ermənistan öz dövlət sərhədlərinin təhlükəsizliyini tamamilə müstəqil şəkildə təmin etməlidir.

Təbii ki, bütün bunlar siyasi-diplomatik baxımdan, hələlik mümkün qədər ehtiyatlı şəkildə ifadə olunur. Ancaq istənilən halda, bu, siyasi mahiyyət etibarilə Rusiyanın Ermənistanın təhlükəsizlik sistemindəki mövqelərinin tədricən zəiflədilməsinə yönəlik kursun davamıdır. Çünki Rusiya sərhədçiləri, iki ölkə arasında 1992-ci ildə imzalanmış razılaşma əsasında Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsini təmin edirlər. Və son illərdə isə onların Ermənistandakı mövcudluğu mərhələli şəkildə məhdudlaşdırılır.

Bununla belə, Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasının konkret vaxtı hələlik açıqlanmayıb. Ancaq Paşinya hakimiyyətinin son davranışları onu göstərir ki, rəsmi İrəvan bu məsələdə artıq yalnız siyasi müzakirələrlə kifayətlənmək niyyətində deyil. Və uzunmüddətli perspektivdə Ermənistan sərhədlərinin təhlükəsizliyini milli strukturların nəzarətinə keçirməyi planlaşdırır.

Təbii ki, Kreml Paşinyan hakimiyyətinin bütün bu planlarından ciddi şəkildə narahatdır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, baş nazir Nikol Paşinyan bu mövqeyini məhz Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü ərəfəsində gündəmə gətirib. Kreml rəsmisi Dmitri Peskovun açıqlamasına görəsə, həmin görüşdə Ermənistanın təhlükəsizliyi və Rusiya hərbi bazasının fəaliyyəti əsas mövzu olacaq. Eyni zamanda, Ermənistanın Rusiya və Avropa Birliyi arasında geopolitik seçim məsələsi də müzakirə ediləcək.

Yəni, Putin-Paşinyan görüşü üçün müəyyən olunmuş bu müzakirə gündəliyi qətiyyən təsadüfi görünmür. Çünki Kreml ilə rəsmi İrəvan arasındakı münasibətlərin hazırkı mərhələsində əsas ziddiyyətlər məhz təhlükəsizlik və xarici siyasət prioritetləri ətrafında cəmləşib. Belə ki, Ermənistan bir tərəfdən, Rusiya ilə ənənəvi hərbi-siyasi əlaqələrini formal olaraq, qorumağa çalışır. Digər tərəfdən isə Avropa Birliyi və Qərb strukturları ilə strateji əməkdaşlığını genişləndirməyə cəhd göstərir.

Xüsusilə də, Ermənistanda yerləşən Rusiya hərbi bazasının gələcək taleyi bu baxımdan, hazırda strateji əhəmiyyət daşıyır. Düzdür, rus sərhədçilərin fəaliyyətinin dayandırılması ilə Ermənistandakı Rusiya hərbi bazasının statusunun dəyişdirilməsi eyni məsələ deyil. Ancaq bununla belə, hər iki istiqamət Rusiyanın Ermənistan üzrə təhlükəsizlik arxitekturasındakı mövqelərinə birbaşa təsir göstərir.

Ona görə də, Dmitri Peskovun görüşün gündəliyində məhz bu məsələləri ön plana çıxarması, Kremlin rəsmi İrəvanın xarici siyasət kursundakı dəyişiklikləri diqqətlə izlədiyini biruzə verir. Belə ki, Kreml üçün əsas narahatlıq Ermənistanın tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşması ilə birbaşa bağlıdır. Və Rusiya Ermənistanın alternativ təhlükəsizlik tərəfdaşlarına üstünlük verməyə can atmasından ciddi şəkildə narahatdır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin siyasətində son dövrlərdə müşahidə olunan əsas tendensiya Ermənistanın təhlükəsizlik təminatlarını diversifikasiya etmək cəhdidir. Belə ki, rəsmi İrəvan artıq əvvəlki kimi bütün təhlükəsizlik məsələlərində Rusiyanın mövqeyindən asılı vəziyyətdə qalmaq istəmir. Və bu yeni yanaşmanın arxasında Cənubi Qafqazda cərəyan edən regional proseslərdən qaynaqlanan fərqli geopolitik nəticələr dayanır.

Paşinyan hakimiyyəti hesab edir ki, Ermənistanın gələcək təhlükəsizliyi yalnız ənənəvi müttəfiqlik münasibətlərinə əsaslanmamalıdlr. Yəni, daha geniş beynəlxalq tərəfdaşlıq imkanları üzərində qurulmalıdır. Bu baxımdan, Ermənistan üçün Avropa Birliyi ilə yaxınlaşma, ABŞ-la təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması xüsusi əhəmiyyət kəsb edir.

Ancaq bütün bunlara paralel olaraq, rəsmi İrəvanın qarşısında olduqca ciddi dilemma da mövcuddur. Belə ki, Rusiya sərhədçilərinin və hərbi bazasının ölkədəki mövcudluğunun azaldılması həm də Ermənistanın öz təhlükəsizlik imkanlarını gücləndirməsini də tələb edir. Bunun üçün isə ilk növbədə müasir sərhəd mühafizəsi infrastrukturu, kəşfiyyat imkanları, hərbi-texniki təminat və peşəkar kadr potensialı lazımdır.

Göründüyü kimi, Putin-Paşinyan görüşü sadəcə, ikitərəfli münasibətlərdə mövcud olan problemlərin müzakirəsi olmayacaq. Çünki bu görüşün əsas müzakirə mövzularından biri məhz Ermənistanın gələcək təhlükəsizlik modelinin hansı geopolitik və hərbi-strateji dayaqlar üzərində qurulacağı ilə bağlıdır. Kreml Ermənistanın Qərblə yaxınlaşmasının və Rusiya hərbi-sərhəd mövcudluğunun məhdudlaşdırılmasının hansı nəticələrə yol açacağını dəqiqləşdirməyə çalışacaq.

Çünki belə anlaşılır ki, Ermənistan Rusiyadan asılılığın azaldılması kursunu davam etdirməkdə israrlıdır. Bununla belə, rəsmi İrəvan atacağı addımların regional təhlükəsizlik baxımından, yarada biləcəyi riskləri də minimuma endirməyə çalışır. Yəni, son baş verənlər onu göstərir ki, Ermənistan-Rusiya münasibətlərində artıq daha təhlükəli mərhələ başlayır. Və bu mərhələnin nəticələri isə yalnız iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazda mövcud olan güc balansına da ciddi şəkildə təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2026