Mobil versiya
Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib -Fotolar
Tarix: 25-11-2026 | Saat: 17:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Noyabrın 25-də Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirərək, bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyul ayında Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib.
Spiker qeyd edib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişaf etdirilməsinə və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin edilməsinə qarşılıqlı sadiqliyi nümayiş etdirir.
O diqqətə çatdırıb ki, parlament ölçüsü Azərbaycan-Özbəkistan münasibətlərində mühüm yer tutur. Qeyd edilib ki, Xivədəki görüşdən bəri iki ölkə arasında əməkdaşlıq xeyli genişlənib və aktiv siyasi dialoq ən yüksək səviyyədə davam edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Özbəkistana dövlət səfəri həyata keçiriblər. Dövlət başçıları beynəlxalq tədbirlər çərçivəsində də müntəzəm olaraq görüşüblər.
Qeyd olunub ki, ötən dövrdə Ali Dövlətlərarası Şuranın ikinci və üçüncü iclasları keçirilib, ikitərəfli gündəliyin əsas məsələləri üzrə mühüm razılaşmalar əldə edilib və onlarla sənəd imzalanıb.
Spiker Sahibə Qafarova bildirib ki, bu gün ölkələrimiz arasında genişmiqyaslı birgə layihələr həyata keçirilir, ticarət-iqtisadi və investisiya əlaqələri genişlənir, regionlararası əməkdaşlıq dərinləşir. Bu dövrün xüsusi nailiyyəti isə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq Müqaviləsinin imzalanmasıdır. Bu sənəd müttəfiqlik münasibətlərimizin inkişafında yeni bir mərhələni təşkil edir, həmçinin əsrlər boyu davam edən dostluq ənənələrini qorumaq və gələcək nəsillərə ötürmək üçün ortaq istəyi əks etdirir.
Milli Məclisin sədri qeyd edib ki, Müqavilə bu il noyabrın 3-də Milli Məclis tərəfindən təsdiq edilib və müvafiq qanun noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Şübhəsiz ki, mövcud nailiyyətlər ölkələrimizin prezidentlərinin siyasi iradəsi və şəxsi səyləri, eləcə də aralarındakı səmimi dostluq, qarşılıqlı hörmət və etimad sayəsində mümkün olub. Dövlət başçılarının ən yüksək dövlət mükafatları - "Heydər Əliyev" və "Dostluq" ordenləri ilə təltif edilməsi onların Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə verdikləri böyük töhfələrin tanınmasıdır.
Spiker bildirib ki, elm, təhsil, mədəniyyət, idman və turizm, eləcə də gənclər siyasəti sahələrində aktiv əlaqələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.
Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Özbəkistan Mədəniyyət Günlərinə ev sahibliyi etdi. Bu ilin 29 noyabrında isə Özbəkistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu baxımdan Milli Məclisin sədri Heydər Əliyev Fondunun təşəbbüslərini və layihələrini humanitar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə kimi qiymətləndirib.
Bildirilib ki, dövlətlərarası münasibətlərin dinamikası parlamentlərimiz üçün yeni çağırışlar yaradır. Bu baxımdan parlament diplomatiyasının rolu artır və qanunverici orqanların fəaliyyətinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə kömək etməsi, hüquqi bazanı təkmilləşdirməsi və parlamentarlar arasında birbaşa əlaqələri genişləndirməsi vacibdir.
Diqqətə çatdırılıb ki, 2025-2026-cı illər üçün son “Yol xəritəsi” uğurla həyata keçirilib və müəyyən edilmiş məqsədlərin sistemli şəkildə yerinə yetirilməsini təmin edib.
İki ölkənin parlament əlaqələrinin getdikcə sistemli hala gəlməsindən məmnunluğunu bildirən spiker Sahibə Qafarova qeyd edib ki, birinci forumdan sonra parlamentlərimizin sədrləri, dostluq qrupları, parlament nümayəndə heyətləri arasında qarşılıqlı əlaqə genişlənib. Bundan başqa, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da mövqelərini əlaqələndirir, eyni zamanda, iki parlamentin Aparatları arasında da işgüzar əlaqələr inkişaf edir.
Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, bugünkü forum görülən işləri ümumiləşdirməyə və dövlətlərarası gündəlikdəki cari məsələləri nəzərə alaraq növbəti addımları müəyyən etməyə imkan verir.
Sonra forumun açılış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
O, müasir Azərbaycan dövlətinin təməlini qoyan və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə mühüm töhfələr verən Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad etdiklərini diqqətə çatdırıb.
Senatın sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi potensialını gücləndirib, infrastrukturunu modernləşdirib və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Tənzilə Narbayeva Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı tarixi roluna və hazırda Qarabağda aparılan geniş quruculuq işlərinə dərin hörmətini ifadə edib.
Senatın sədri Özbəkistanda da Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə Yeni Özbəkistan quruculuğunun həyata keçirildiyini diqqətə çatdırıb.
Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradələri, şəxsi dostluğu və qarşılıqlı etimadları sayəsində ölkələrimizin müttəfiq olduğunu vurğulayan Senatın sədri bu baxımdan iki il əvvəl dövlət başçılarının imzaladığı Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və bu ilin avqust ayında Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində imzalanmış Əbədi dostluq Müqaviləsinin əhəmiyyətini qeyd edib.
Tənzilə Narbayeva iki ölkənin iqtisadi əlaqələri və həyata keçirilən geniş layihələr barədə də fikirlərini bölüşüb.
Parlamentlərin islahatların qanunvericilik baxımından dəstəklənməsində və dövlətlərarası müqavilələrin həyata keçirilməsində xüsusi rolundan danışan Senatın sədri bildirib ki, Müttəfiqlik münasibətləri haqqında Müqavilədə parlament diplomatiyasına ayrıca bir maddə həsr olunub. Tənzilə Narbayeva qarşıdakı iki il ərzində iki ölkə parlamentinin birgə fəaliyyət istiqamətləri barədə təkliflərini diqqətə çatdırıb.
Çıxışına yekun vuran Özbəkistan Ali Məclisi Senatının sədri forumun işinə uğurlar arzulayıb.
Sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026