Mobil versiya
Kəlbəcər: Zəfərin təntənəsi, dirçəlişin və Böyük Qayıdışın ünvanı
Tarix: 25-11-2026 | Saat: 16:48
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcər: Zəfərin təntənəsi, dirçəlişin və Böyük Qayıdışın ünvanı

25 noyabr Azərbaycan xalqının yaddaşında xüsusi qürur və fəxarət hissi ilə yaşayan əlamətdar tarixlərdən biridir. Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmasının, doğma yurda qayıdışın və uzun illər həsrətində olduğumuz torpaqlarda yeni həyatın başlanmasının rəmzidir. Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi yaddaşını, ərazi bütövlüyümüz uğrunda mübarizəsini və dövlətimizin qüdrətini özündə birləşdirən mühüm gündür.
Kəlbəcərin zəngin tarixi keçmişi onun Azərbaycan mədəniyyətindəki mövqeyini müəyyənləşdirir. Ərazidə aşkarlanmış qədim yaşayış izləri, qayaüstü təsvirlər, memarlıq və dini abidələr bu torpağın minilliklərə söykənən mədəni irsini nümayiş etdirir. Xüsusilə Xudavəng monastır kompleksi və digər tarixi nümunələr məkanın zəngin keçmişinin mühüm göstəriciləridir. Bu irsin qorunması milli-mədəni yaddaşımızın gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Uca dağları, geniş yaylaqları, meşələri, çayları və mineral su mənbələri ilə seçilən Kəlbəcər Azərbaycanın nadir təbiət guşələrindəndir. İstisu mineral suları, Tərtər çayı hövzəsi, zəngin flora və fauna bölgənin turizm və iqtisadi potensialını artırır. Lakin 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan tərəfindən işğalı bu diyarın həyatına ağır zərbə vurdu. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış evləri, sosial obyektlər və tarixi abidələr dağıdıldı, təbii sərvətlər qanunsuz istismara məruz qaldı.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunsa da, bu qərar uzun müddət icra edilmədi. Azərbaycan isə ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyindən geri çəkilmədi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadi qüdrətin artırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi tarixi hədəfimizə çatmaq üçün möhkəm zəmin yaratdı.
2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın hərbi-siyasi gücünü və xalqımızın milli iradəsini nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı uğurlar nəticəsində ərazi bütövlüyünün bərpasında həlledici mərhələ başlandı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana qaytarılması tarixi ədalətin bərpasının mühüm hadisəsinə çevrildi.
Kəlbəcərin azadlığı ilə bölgədə yeni həyatın qurulması üçün geniş imkanlar yarandı. Dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin bərpası, iqtisadi fəaliyyətin canlandırılması və sakinlərin doğma torpaqlarına qayıdışı dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı bu prosesin sistemli və mərhələli şəkildə reallaşdırılmasına xidmət edir.
Hazırda Kəlbəcərdə aparılan quruculuq işləri bölgənin gələcək inkişafını müəyyənləşdirir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, ərazisinin 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Yaşayış binaları ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, reabilitasiya mərkəzinin, muzeylərin və digər sosial obyektlərin inşası planlaşdırılır. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması müasir şəhərsalma və ekoloji tarazlıq prinsiplərinə verilən önəmin göstəricisidir.
Bölgənin nəqliyyat imkanlarının genişləndirilməsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və Murovdağ tuneli mühüm rol oynayır. Bu layihələr Kəlbəcərin ölkənin digər əraziləri ilə əlaqəsini gücləndirməklə yanaşı, turizm, ticarət və sahibkarlığın inkişafına da şərait yaradır. Rayonun geniş yaylaqları heyvandarlıq və arıçılıq, mineral su ehtiyatları sağlamlıq turizmi, zəngin təbiəti isə ekoturizm və dağ turizmi üçün geniş perspektivlər yaradır. Bu imkanların səmərəli istifadəsi yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadiyyatın inkişafına töhfə verəcək.
Kəlbəcərin dirçəlişinin ən mühüm göstəricisi sakinlərin doğma yurdlarına qayıtmasıdır. 2025-ci ilin avqustundan şəhərə köç prosesinin başlanması və ailələrin yeni mənzillərlə təmin edilməsi bu istiqamətdə mühüm mərhələ oldu. Rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması Böyük Qayıdışın real nəticələrini əks etdirir. Bununla yanaşı, məktəblərin, səhiyyə və sosial xidmətlərin, məşğulluq imkanlarının yaradılması doğma yurdda davamlı və rahat yaşayışın təmin edilməsi baxımından vacibdir.
25 noyabr – Kəlbəcər şəhəri günü xalqımızın tarixi yaddaşında azadlığın və milli qürurun rəmzi kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün Kəlbəcərin azadlığı uğrunda mübarizə aparan şəhidlərin qəhrəmanlığını və xalqımızın doğma torpağa bağlılığını ehtiramla yad etmək üçün də mühüm fürsətdir.
Bu gün qarşıda duran əsas vəzifə Kəlbəcərin tarixi simasını qorumaqla yanaşı, onu müasir, rahat və iqtisadi baxımdan inkişaf etmiş yaşayış məkanına çevirməkdir. Tarixi abidələrin mühafizəsi, təbiətin qorunması, infrastrukturun yenilənməsi və iqtisadi imkanların genişləndirilməsi bölgənin davamlı inkişafının əsas şərtləridir.
Kəlbəcər bu gün özünün yeni inkişaf salnaməsini yazır. Azadlığın qüruru, quruculuğun miqyası və doğma yurda qayıdışın sevinci bu qədim diyarın gələcəyini müəyyənləşdirir.
Kəlbəcərin dirçəlişi tarixi Zəfərimizin davamı, Böyük Qayıdışın və müasir Azərbaycanın inkişaf strategiyasının parlaq nümunəsidir. Doğma yurda qayıdan sakinlərin sevinci, yenidən salınan yollar və ucaldılan yaşayış evləri bu qədim diyarın gələcəyə inamla addımladığını nümayiş etdirir.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026