Mobil versiya
İşdən çıxarılan Leysan Məmmədov həbs olunacaq?
Tarix: 30-10-2026 | Saat: 10:55
Bölmə:Gündəm / Manşet | çapa göndər

İşdən çıxarılan Leysan Məmmədov həbs olunacaq?

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun vəzifədən uzaqlaşdırılması onun rəhbərlik etdiyi qurumun maliyyə fəaliyyəti ilə bağlı əvvəlki yoxlamaları və mətbuatda səsləndirilmiş iddiaları yenidən gündəmə gətirib.

aia.az Bakupost.az-a istinadla xəbər verir ki, oktyabrın 29-da yayılan məlumatlara əsasən, Leysan Məmmədov Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən azad olunub.

Maraqlıdır ki, bu, Məmmədovun rəhbərlik etdiyi qurumun maliyyə fəaliyyətinin ilk dəfə yoxlanılması deyil.

Hesablama Palatasının 2025-ci ildə apardığı audit zamanı qurumda dövlət vəsaitlərinin idarə olunması, əməkhaqqı ödənişləri, tikinti layihələrinin smetaları və maliyyə uçotu ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib.

Audit nəticələrinə dair mətbuatda yayılan məlumatlarda layihələr üzrə iş həcmlərinin artırılması, bəzi vəsaitlərin təyinatdan kənar istiqamətlərə yönəldilməsi və maliyyə intizamının pozulması kimi hallar qeyd olunub.

Hesablama Palatasının 2025-ci il üzrə rəsmi fəaliyyət hesabatından da məlum olur ki, auditdən sonra qurum üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilib və büdcəyə əlavə vergi məbləğinin hesablanması təmin olunub.

Bundan başqa, 2026-cı ilin aprelində mətbuatda Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun satınalmaları ilə bağlı daha ciddi iddialar səsləndirilmişdi. Həmin məlumatlarda 25 milyon manatdan artıq dəyəri olan müqavilələrdən və büdcəyə 14 milyon manatdan çox ziyan vurulması ehtimalından bəhs olunurdu.

O zaman qurum rəsmi açıqlama yayaraq müqavilələrin qanunvericiliyə uyğun bağlandığını bildirmiş, maliyyə vəsaitlərinin mənimsənilməsi barədə iddiaları təkzib etmişdi.

İndi isə Maliyyə Nazirliyinin yoxlamalarından sonra qurum rəhbərinin vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Bu vəziyyətdə bir sıra suallar yaranır: Son yoxlama zamanı hansı maliyyə pozuntuları aşkarlanıb? Əvvəlki auditlərdə müəyyən olunan nöqsanlarla yeni yoxlamanın nəticələri arasında əlaqə varmı? Yoxlama materialları hüquq-mühafizə orqanlarına göndəriləcəkmi?

Hələlik Leysan Məmmədov barəsində cinayət işi başlanmasına dair rəsmi məlumat yoxdur.

Lakin əvvəlki auditlər və son kadr dəyişikliyi nəzərə alınmaqla, yoxlamanın nəticələrinin ictimaiyyətə açıqlanması xüsusi əhəmiyyət daşıyır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026